A24 Xeber

Azərbaycanı tanıdan veriliş – “Bura vətəndir”in aparıcısı Amil Xəlillə MÜSAHİBƏ

Azərbaycanı tanıdan veriliş – “Bura vətəndir”in aparıcısı Amil Xəlillə MÜSAHİBƏ
238
13 May 2017 - 14:47

Bu dəfəki, müsahibimiz araşdırmaçı jurnalist, teleaparıcı Amil Xəlildir. “Amil Xəlil ilə Bura Vətəndir!” verilişinin layihə rəhbəri  və aparıcısı a24.az-ın suallarını cavablandırır.

–  Amil bəy, “Bura Vətəndir” verilişinin aparıcısı olduğunuz  üçün müsahibəmizə  vətənpərvərlik  ovqatında başlayaq. Sizin üçün vətən nədir?

Mənim üçün vətən Təbrizdən başlayıb, Kərkük, İğdır, Van, İrəvan, Borçalı, Dərbənd və Qarabağı əhatə edir. Nə xoş mənə ki, bu gün də kərküklü qardaşlarımla danışıram, Təbrizdəki soydaşlarımızla söhbət edirəm, İğdırı, Vanı, Borçalı və Dərbəndi gəzə-gəzə Vətənin xoş rayihəsini duyuram. Küsülü olduğum Araz çayındanmı deyim və ya küsülü olduğum qədim Azərbaycan xanlarındanmı deyim, bir sözlə mən bu mövzunu davam etdirəsi olsam,  gərək səhərə kimi söhbət edək. Qısa olaraq deyim ki, tarixini bilməyən bir insan, heç vaxt vətən sevgisindən danışa bilməz! Hə bu arada ötən həftə İğdıra getdim, təyyarəmiz Təbriz üzərindən uçaraq Naxçıvana getdi. Mən Cənubi Azərbaycanı bu dəfə daha yüksəkdən izlədim. O qədər kaşkilər deyib doldum ki…

– Verilişinizdə sırf araşdırmalar edirsiz. Bu gün televiziyalarımızda araşdırma tipli layihələr demək olar ki, yoxdur. Siz müxbir kimi çalışanda da araşdırmaçı jurnalist olmusuz. Bilirəm ki, araşdırma səbr və dözüm tələb edir. Yorulmursuz?

-(Gülür)Əslində bu sualı mənə çox adam verib. Peşəkar TV-də çalışmamışdan əvvəl də, internet kanalı üçün də, araşdırmalar edirdim. Sevirəm araşdırmaçılığı. Əsl jurnalist fikirimcə, araşdırmaçı olmalıdır. İndiki aparıcıların çoxu hazıra nazirdir. O qədər olub ki, gecələr hansısa rayonun çöllərində adam axtarmışam. Ona görə də, doğrudan da, çətindir. Amma sənətinə hörmət edən insan üçün bu bir vərdişdir.

– Adətən bizdə bölgələrə görə insanların xasiyyətinə bələd olub tanıyırlar. Səfərlərinizdə bu qənaəti təsdiqləyə bildinizmi?

-Ümumiyyətlə, mən insanların ləhcəsini, hansı bölgəyə aid olduğunu tez aid edə bilirəm. Buna görə də xasiyyətlərini də bilirəm. Bəzən mənim özümə deyirlər ki, sən Qarabağlısan və yaxud Şirvanlısan. Onlar mənim ləhcəmdən yox, süjetlərimdən bu qərara gəlirlər. Millət vəkillərindən biri, mənə zəng etdi. Alo deməyimlə, eşq olsun Kəlbəcərli balasına. Fəxr elədim səninlə dedi. Düzü təccübləndim, amma cavab verdim ki, Qarabağlı deyiləm. Adam çaşqın halda nə danışırsan söylədi. Sən demə sujetlərimin biri, ona necə təsir edibsə, düşünüb ki, bu cür araşdırma sujeti ancaq Qarabağlı edə bilərdi.

– “Bura Vətəndir” verilişindən əvvəl bir neçə kanalda işləmisiz. Sizin üçün bu sahədə məktəb hansı kanal oldu?

-Dediyim kimi, internet kanalında tələbə ikən işlədim. Pulsuz işləyirdim. Daha sonra Nanə Ağamalıyevanın sayəsində mən ATV kanalında  müxbir kimi çalışmağa başladım, Fərid Rəsulun vasitəçiliyi ilə. Onlar məni internetdə izləyib tanımışdılar. Daha sonra elə həmin kanalda İradə İsaqla  xeyli müddət çalışdıq. Təsəvvür edin də. O da, araşdırmaçı, mən də araşdırmaçı. Hətta İradə xanım mənə efirdə tez-tez zarafatyana əməkdar müxbir deyərdi. Çünki biz, bir birimizə uyğun insanlardıq. Biz ekskluzivlərə imza atmışıq. Bir sözlə sualınıza uyğun olaraq cavab verim ki, ATV kanalı mənim üçün böyük bir məktəb oldu. Sizin də qeyd elədiyiniz kimi, o zaman da televiziyalarda araşdırma tipli layihələr yox idi. Bir bizim layihələrdən başqa. (İradə İsaqın layihəsi) Gözəl günlər idi. (Gülür)

Bir müddət Xəzər Tv-də çalışdım. Daha sonra Lider Tv-yə layihəmi təqdim etdim. İstadadlı insanlara qiymət verən kollektivdir.

-Bəs ATV kanalından ayrılmağınıza nə səbəb oldu?

-İnanırsız ki, hələ özüm də bilmirəm (gülür).

-Emosianal insansız. Sosial şəbəkələrdə paylaşmalarınızda, rəylərinizdə bu əks olunur. Bəzən insanları sətiraltı olsa da qınamısız. Mərdimazarı axtarırsız, yoxsa o özü soraqlayıb tapır sizi?

-Bilirəm ki, mərdiməzar daima yanımdadır. Elə mərdiməzarların üzünə də söz deməkdən insan ehtiyyat edir. Qorxuram ki, ikinci zərbəsi daha sərt olacaq. Mən mübarizə aparsam belə, mənə yox ona inanacaqlar. Deyir varlı danışır bəli deyirlər, kasıb danışır dəli deyirlər. Eynən o gündəyəm. Sözünüzə qüvvət, bəli sosial şəbəkələrdə bəzən çox əsəbiləşib, sərt yazılar yazdığım olub. Hətta zəng edib, yazıma görə xahiş edib, yazımın silinməsini istəyənlər də olub. Alınmayanda hədə-qorxuya keçənlər də az olmayıb.

-Deyəsən yenə sətiraltı bir neçə nəfərə mesajlar göndərdiz…

-(Gülür)

– Arşın malalan küçə -küçə, məhəllə-məhəllə gəzdiyi kimi siz də bölgə – bölgə gəzib dolanırsız. Səfərlərinizdə nə aldız, nə satdız, nə qazandız?

-Əvvəla filmdən misal çəkdiyiniz üçün təşəkkür edirəm sizə… Hə bu arada mənə öz uşaqlarımız filimlərin qənimi deyirlər.

-Niyə?

-Çünki son illər sujetlərim və verilişimdə filimlərin illər sonra gizli qalan sirlərini açmışam.Bu da getdiyim bölgələrdə təsadüfən olub. Səfərlərimdə heç nə almamışam, əksinə məndən alıblar, heçnə satmamışam, vallahi heçnə də qaznmamışam. Əgər mən öz sahəmə hörmətsizlik eləyib, getdiyim bölgələrdə və ya məkanlarda tərifə üstünlük versəydim, haqlını görüb haqsız olsaydım, araşdırma yox, hazıra nazir olsaydım, indi kontur dərdi çəkməzdim. (Gülür)

-Subaysız. Arşın malalan hələ öz Gülnazını tapmayıb?

-Arşın malalanın başı bu saat çuvalına elə qarışıb ki, boş qalan çuvalından xəbəri yoxdur. O ki qaldı, Gülnazı düşünsün. (Gülür) Yarızarafat, yarıciddi, hələki bu barədə düşünmürəm.

-İnanırıq ki, ali baş komandanımızın rəhbərliyi ilə milli ordumuz işğal altında olan torpaqlarımızda üç rəngli bayrağımızı dalğalandıracaq. “Bura vətəndir” deyib ilk olaraq işğaldan qayıtmış hansı rayona səfər edərdiz və bunun səbəbi?

-İnşallah, o torpaqlarımızı tam olaraq gələcək nəsilə təhvil verəcəyik. Yəni indiki balalarımız o torpaqlarda dincələcək, işləyəcək və yaşayacaqlar. Amin İnşallah. Amma sualına cavab olaraq deyim ki, Ali baş komandanın əmirindən sonra təbiki, torpaqlarımızı qan düşmənlərimizin caynağından azad edəcəyik, kim bilir, bəlkə o zaman Amil Xəlil aparıcı yox, şəhid olacaq. İnanmıram ki, qəlbində vətən sevgisi olan bir insan əmirdən sonra cəbhəyə yollanmasın .Ən azından biz bunu aprel döyüşlərində əyani şahidi olduq. Vallahi tam səmimi olaraq cavab verdim.

-Ümumiyyətlə, televiziyalarda gənc aparıcıların sayı azdı. Səbəb nədi?

-Mənimlə yaşıd olanlar isə demək olar ki, yoxdur.

– Sizin neçə yaşınız var?

-25 yaşım var. Sualınız isə gözəl sualdır. Gözəl məqama toxundunuz. Etiraf etməliyəm ki,”adamın adamı olsun” prinsipi bu gün də aktualdır. ”Adamı” olmadığı üçün o qədər gənclərimiz kənarda qalıb ki…   Bu bir fakdır ki, ölkədə olan 40-dan çox kanalın yalnız bir neçəsində “day-day” rol oynamır. Mənim özüm də çox çətin yollar keçmişəm. Çox istərdim ki, istedada qiymət verilsin. Deyim bilin ki, mən öz verilişimi həm aparıcısıyam, həm redaktoruyam, həm montojoru, həm də layihə rəhbəri və prodüsseriyəm. Təsəvvür edin ki, bir saatlıq veriliş, əvvəlindən sonuna kimi araşdırma ilə zəngin bir proqramın sadəcə operatoru var. Sözümün canı odur ki, istedadlı gənclərimiz çoxdur.

-Bilirəm ki, saytlara tez-tez nəzər yetirirsiz. Xəbər oxumağı sevirsiz. Bəs A24.Az saytını necə, bəyənirsinizmi?

-Bəli, doğrudanda bəyənirəm. Gündəmi əldə saxlayan saytdır. Əsas da, sizi aktual edən bu xüsusiyyətinizdir. Xəbər tez zay olan məhsuldur. Amma o məhsulu vaxtında rəflərə çıxardanda onun alıcısı da çox olur. Bir sözlə “like”  (gülür).

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00