Azərbaycanın ən kiçikhəcmli Quranı - VİDEO

Azərbaycanın ən kiçikhəcmli Quranı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.
Müasir dövrdə kitablar yalnız bilik mənbəyi kimi deyil, həm də estetik görkəmi, maraqlı tərtibatı və çox kiçik həcmi ilə də oxucuda maraq oyada bilir. Bu baxımdan Miniatür Kitab Muzeyinin Gəncə filialında saxlanılan “Qurani Kərim” görənlərin marağına səbəb olur.
A24.Az  Azərtac-a istinadən xəbər verir ki, muzeyin ekspozisiya zalında nümayiş etdirilən bu kitab özünün həcminə və çəkisinə görə Azərbaycanda mövcud olan ən kiçik Qurandır. Ölçüsü 2×3 santimetr nisbətində olan kitabın ümumi çəkisi 10 qramdır.
Muzeyin həm də ən qədim eksponatı sayılan miniatür kitab 1672-ci ildə Səudiyyə Ərəbistanında tərtib edilib. Kitabın hər səhifəsinin ümumi həcmi 6 kvadratsantimetr olmasına baxmayaraq, Quranın 114 surəsini və 6 min 236 ayəsinin hamısını tam formada bu kitabın səhifələrində yerləşdirmək mümkün olub. Üzəri dəri ilə cildlənmiş kitabın içərisi qızıl suyu ilə yazılıb.
Gəncənin Heydər Əliyev Meydanında yerləşən və ilk dəfə qapılarını 2016-cı il mayın 21-də oxucuların üzünə açan Miniatür Kitab Muzeyinin filialında bir-birindən maraqlı kiçikölçülü kitablar görmək mümkündür. Muzeydə 29 ölkədə nəşr olunmuş müxtəlif mövzularla bağlı 1068 nüsxə mini kitab nümayiş etdirilir.
Burada Miniatür Kitab Muzeyinin təsisçisi və qurucusu, kolleksiyaçı Zərifə Salahovanın 40 ilə yaxın bir dövrdə topladığı və 2015-ci ildə Ginnesin rekordlar kitabına daxil edilmiş 2 min 913 nadir miniatür kitabdan bəzilərinin foto və sənədləri də sərgilənir.
Kolleksiyanın ən nadir nümunələrindən biri də 1979-cu ildə Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatında dərc edilmiş 4 mikrokitabın təsviridir. Kitabların üzü qoyun dərisindəndir. Onlardan biri 0,75×0,75 millimetr, digər üç kitab isə 2×2 millimetr ölçüdədir. “İlin 4 fəslinin rəngləri”, “Rənglərin əlifbası”, “Qiymətli daşların simvolikası” və “Zodiak işarələri” adlanan bu kitablar ayrı-ayrılıqda 16 səhifədən ibarətdir. Həmçinin 1964-cü ildə Münhendə nəşr olunan və hazırda muzeydə təsvirləri nümayiş etdirilən daha 4 kitab da ziyarətçilərin diqqətini cəlb edir. “Atamız”, “Olimpiya andı”, “Sevirəm” və “Azadlıq zəngi” adlanan həmin kitabların ölçüləri 3,5×3,5 millimetr nisbətindədir.
Gəncədəki Miniatür Kitab Muzeyində Azərbaycanda baş vermiş mühüm tarixi, siyasi, mədəni hadisələrə, eləcə də digər ölkələrin görkəmli siyasətçilərinə, ədəbiyyat, mədəniyyət, incəsənət və idman xadimlərinə həsr edilmiş, eləcə də dünya ədəbiyyatının nadir incilərini əks etdirən mini kitablar və rəngli illüstrasiyalı uşaq kitablarını da görmək mümkündür.

Qeyd edək ki, dünyada ilk Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də Bakının tarixi hissəsində – İçərişəhərdə fəaliyyətə başlayıb. Hazırda Miniatür Kitab Muzeyinin Gəncə ilə yanaşı, Naxçıvan və Şəki şəhərlərində də filialları fəaliyyət göstərir.

A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar