“Azəriqaz”ın sayğac oyunu: həm pul gedir, həm əhali narazı qalır

“Azəriqaz”ın sayğac oyunu: həm pul gedir, həm əhali narazı qalır
Want create site? Find Free WordPress Themes and plugins.

Binəqədi rayonu 28 May qəsəbə sakinləri Azəriqaz İB-in Abşeron rayon Qaz İstismar İdarəsinin sayğac oyununun əlində girinc qalıb. “Problemli sayğac” adıyla normal çalışan sayğacları yenisi ilə əvəz edən Abşeron rayon Qaz İdarəsinin əməkdaşları bir çox qəsəbə sakinini 15 gündür qazsız qoyub.

A24.Az “Axar.az”a istinadən xəbər verir ki, qəsəbənin 10-cu küçə, ev 30-da yaşayan sakini bildirib ki, aprelin sonunda Abşeron rayon Qİİ-nin əməkdaşları sayğacın ekranında yaranmış “ləkə”yə görə onu dövlət hesabına yenisilə əvəz etməyi təklif ediblər. Sayğacın normal çalışması belə idarə əməkdaşlarını fikrindən döndərməyib. Beləliklə, “ekranında ləkə olan” sayğac dövlət yoxlamasına göndərilib və yeni sayğacla əvəzlənib.

Yeni sayğac üçün vətəndaşa ASAN Kommunaldan yeni kart almağı təklif ediblər. Lakin yeni kart sayğaca salınar-salınmaz koda düşüb. Sayğacın koddan çıxarılmasına görə vətəndaşın müraciət etdiyi Abşeron rayon Qİİ-nin əməkdaşları problemin sayğac üçün verilən kartda olduğunu bildiriblər. Onların sözlərinə görə, kart “nazik olduğu üçün” sayğaca salınan zaman koda düşüb. Vətəndaşa yeni, daha qalın kart almaq üçün yenidən ASAN Xidmətə müraciət etməsi məsləhət görülüb. Lakin ASAN Kommunaldan qaz sayğacları üçün nəzərdə tutulmuş kartların standart ölçüdə olduğu, problemin sayğacın özündən qaynaqlandığı bildirilib.

Baş vermiş problemlə əlaqədar açıqlama verən “Azəriqaz” İB-in mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, problemlə üzləşmiş vətəndaş “Çağrı mərkəzi”nə müraciət etməlidir. Vətəndaşın müraciəti əsasında da gəlib yerində sayğaca baxış keçirilməli, sayğac dəyişdirilməlidirsə dəyişdirməli, kartda problem varsa, kart düzəldilməlidir:

“Vətəndaş mərkəzə müraciət edib qeydiyyatdan keçsin, gəlib yerində baxıb məsələni aydınlaşdırsınlar. Smart tipli sayğaclar üçün nəzərdə tutulmuş kartlar standartdır. Kartların naziyi və ya qalını olmur.

Əgər sayğacda problem yaranıbsa, qaz idarəsinin əməkdaşları dərhal vətəndaşın qazsız qalmaması üçün sayğacı dəyişdirməlidir. Vətəndaşın dəyişdirilmiş sayğacı da dövlət yoxlamasından keçirilməyə göndərilməlidir”.

İ.Kərbalayev bildirib ki, “Çağrı mərkəzi”dən başqa “Azəriqaz”ın sayğaclarla bağlı şöbəsi də var ki, vətəndaş istifadə etdiyi kartı götürərək problemi ilə əlaqədar ora müraciət edə bilər:

“Sayğacda hər hansısa bir qüsur yarandıqda o mütləq şəkildə dövlət yoxlamasına göndərilməli, yenisi ilə əvəzlənməlidir. Yoxlanılmalıdır ki, o ləkə necə düşüb, nə il əlaqədar yaranıb, nəyə mane olur və sair”.

Vətəndaş isə bildirir ki, 15 gündür dəfələrlə “Çağrı mərkəzi”nə müraciət edəndən sonra nəhayət, idarədən əməkdaşlar gəlib və baxış keçiriblər. Onlar bildiriblər ki, sayğacı dəyişsələr belə, “nazik kart” salınan kimi yenidən koda düşəcək. Beləliklə, 15 gündür ki, vətəndaşa hətta mexaniki sayğac da qoyub, problemin həllinə qədər mənzili qazla təmin etmədən gediblər.

Vətəndaşların sözlərinə görə, “Çağrı mərkəzi”nə edilən müraciətlərin nəticəsi yoxdur.

Heç bir nöqsanı olmayan və işlək sayğacın “ləkə var” bəhanəsi ilə dəyişdirilməsi nəticəsində həm dövlətin sayğaclar üçün ayırdığı vəsait xərclənir, həm də qaz ala bilməyən vətəndaş narazı qalır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar