A24 Xeber

“Azerspace-2” Azərbaycanın 3-cü peyki…

“Azerspace-2” Azərbaycanın 3-cü peyki…
153
09 Avqust 2018 - 18:29

Xəbər verdiyimiz kimi, “Azerspace-2” peyki orbitə buraxılması üçün Kuru kosmodromuna çatdırılıb. “Azerspace-2” Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.

“Azərkosmos” ASC-dən A24.Az-a bildirilib ki, bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan “Azerspace-2” peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna çatdırılıb.

Peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.

“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

“Azerspace-2” peykinin orbitə çıxarılmasını təmin etmək məqsədilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00