Bağırov Güney Azərbaycan uğrunda ermənilərlə amansız savaşa girir: Məsələyə Beriya, Stalin qarışır - II YAZI

Bağırov Güney Azərbaycan uğrunda ermənilərlə amansız savaşa girir: Məsələyə Beriya, Stalin qarışır – II YAZI
Want create site? Find Free WordPress Themes and plugins.

Yazının əvvəlini burdan oxuyun: 

   Mircəfər Bağırov və Cənubi Azərbaycan

A24.az saytı olaraq, istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycan hərakatında M.C.Bağırovun müstəsna fəaliyyətinə  gün işığı tutan dəyərli araşdırmasının dərc edirik. 

Artıq 1945-ci ilin avqustunda SSRİ-nin İrandakı yeni səfiri Əhəd Yaqubov Təbrizə gəlir. Onun missiyası İran Xalq Partiyasının (“Tudə”) Azərbaycan şöbəsini Demokrat Partiyası ilə birləşdirməkdən ibarət idi. Sentyabrın 6-da M.Bağırov Stalinə aşağıdakı məzmunda məktub göndərir: “Bu gün İran Xalq Partiyasının Təbriz komitəsinin plenumu keçiriləcək. Xalq Partiyasının Azərbaycan şöbəsi Azərbaycan Demokrat Partiyası ilə birləşəcək”. Artıq Sovet qoşunları İrandan çıxana qədər Cənubi Azərbaycanın İrandan ayrılması istiqamətində işlərə start verilmişdi.

Sentyabrda ADP-nin Təşkilat komitəsi Bakıdan yardım kimi material və texniki təminat almağa başlayır. Bu işlərin təşkilatçıları xüsusi tapşırıqla ezam olunmuş A.Kərimov, H.Həsənov, M.İbrahimov və A.Atakişiyev idi. General A.Atakişiyev M.Bağırova göndərdiyi növbəti teleqramda bildirirdi: “Xaricdə xüsusi xidmət orqanları sovet qoşunlarının yerləşdiyi zonada yerli əhali içərisindəki tərəfdarlarını silahlandırır və bu qruplaşmalarla qiyam hazırlayır. ADP üzvlərinin repressiya olunma təhlükəsi var. Ona görə də partiya üzvlərinin silahlanması məsələsini həll etmək lazımdır”.

M.Bağırov bilirdi ki, belə fəaliyyətdə əsas yük DİXK və DTK nümayəndələrinin üzərinə düşür. Və bu işdə ona yenə də L.P.Beriya kömək etdi. M.C.Bağırovun DTK-nın mərkəzə düzgün məlumat vermədiklərini bildirir. Bundan sonra azərbaycanlı çekistlərin məlumatları ilə onu müntəzəm tanış edəcəyini bildirir. M.Bağırovun L.P.Beriyaya müraciət etməsinin əsas digər səbəbi DTK-nın polkovniki Kərimovun Təbrizdəki erməni diasporunun Cənubi Azərbaycandakı hadisələrdən narahatlığı barədə məlumatı, həmçinin Amerika erməniləri milli şurasının İranda yaşayan ermənilərə müraciətnaməsi oldu. Bu, M.Bağırovun operativ olaraq vəziyyətə nəzarət etməsindən xəbər verirdi.

F № 1, siy. № 89, iş № 95

Tam məxfi

 

Təbriz şəhərinin erməni əhalisinin

Amerika erməniləri milli şurasının bəyannaməsi

ilə bağlı əhvali-ruhiyyəsi haqqında

ARAYIŞ

 San-Fransisko konfransında Amerika erməniləri milli şurası tərəfindən Təbriz ermənilərinin həyatında ən sensasiyalı xəbərlərdən biri hesab etmək olar. Sensasiya özü “Sovet Ermənistanı”qəzeti (SİTA-nın məlumatına əsasən) müəyyən çıxarışlarla bu xəbəri çap etdikdən sonra başlandı. Bu bəyanət barəsində əvvəlcə xaricdən verilmiş (SSRİ-dən yox) radio məlumatı “Sovet Ermənistanı” qəzetində bu xəbəri peyda olduqdan sonra müşahidə olunan marağı doğurmamışdı.

“Sovet Erəmənistanı” nın bu məlumatına  əks-səda olaraq Derenik Dəmirçiyanın onunla bağlı məqaləsi bu məsələyə elə böyük maraq yaratdı ki, bir-biri ilə görüşəndə ermənilər soruşurdular: “Öyrəndin? Oxudun? Bu nömrəni tapa bildin ? və s.” Yerli “Antifaşist” qəzeti bu coşqun marağı görüb o dəqiqə “Sovet Ermənistanı”ndan bu xəbərin üzünü köçürüb bir neçə saat ərzində satılıb qurtaran ayrı-ayrı vərəqələr şəklində  buraxdı. Uzun həftələr ərzində və hətta indi də yerli erməni icması üçün söhbət mövzusu bu bəyannamə idi. O böyük ruh yüksəkliyi və fikir mübadiləsi yaratdı ki, bunu hər gün görmək mümkün idi.

Yerli erməni icmasının fikri bütünlükdə günün mövzusu – erməni məsələsi ilə məşğuldur, onlar hər gün və hər saat bu və ya digər siyasi əqidə haqqında danışırlar. Bütün söhbətlər erməni məsələsi və onunla paralel baş verən hadisələr, məsələn, San-Fransisko konfransında edilmiş müraciət, milli kilsə yığıncağı tərəfindən Stalinə ünvanlanmış teleqramlar, milli yığıncaqdan qayıdıb gələn nümayəndələrin çıxışları, bununla bağlı qəzetlərdə çıxmış müxtəlif məqalələr, Türkiyə tərəfindən verilmiş miskin bəyanatlar, ingilis dini rəhbəri Consonun müsahibəsi və s. haqqında gedir.

Ümumi əminlik var idi ki, erməni məsələsi ilə bağlı baş verən bütün bu hadisələr bir nəticəyə gətirib çıxarmalıdır, daha dəqiq desək, Sovet İttifaqı bu işə rəsmi müdaxilə edəcək və məsələ öz əlverişli həllini tapacaq. Belə ki, Türkiyə Ermənistanının bir sıra əyalətləri Sovet Ermənistanına birləşdiriləcək və xaricdəki ermənilər öz vətənlərinə qayıdacaq.

Yuxarıda göstərilən məsələ ilə bağlı bir sıra şəxslərin aşağıda verilən fikirləri qeydə alınmışdır.

Arxiyepiskop Məlik-Tanqiyan demişdir:

Ermənilər öz səslərini qaldırdılar. Moskvanın sayəsində biz sərhədlərin genişlənməsinin və geriyə mühacirətin şahidi olacağıq. İndi geriyə dönməyin əsl vaxtıdır, bir neçə onillikdən sonra gec olacaq, çünki yeni nəsil xaricdəki həyata uyğunlaşacaq və öz ölkəsinə mühacirət edib-etməməkdə çətinlik çəkəcək. İngilis kilsəsi nümayəndəsinin müsahibəsi çox maraqlıdır. Bu insan sadə və aydın şəkildə deyir ki, Ermənistan ermənilərə verilməlidir. İngilis dilindən belə sözlər heç vaxt eşidilməyib. Stalinə teleqramların göndərilməsi çox ağıllı işdir. Bizim üçün nə isə edilməlidirsə, bunu bu insan etməlidir. Ermənilərin San-Fransiskoda təqdim etdikləri bəyannamə yaxşı redaktə olunub”.

Hayk Əcəmyan-daşnak liderlərindən biri bildirmişdir:

“Amerika erməniləri milli şurasının San-Fransisko konfransına müraciəti, “Sovet Ermənistanı” qəzetinin bu bəyannaməyə səs verməsi, Derenik Dəmirçiyanın, Metxasyanın və başqalarının məqalələri erməni məsələsinin öz yoluna düşməsinə gətirib çıxarır.

Əlbəttə, bütün bunlar hal-hazırda Sovet İttifaqı tərəfindən aparılan siyasətin nəticəsidir. Görünür, Sovet hökuməti Türkiyə Ermənistanı haqqında bu məsələni həll edəcək. Sovet hökuməti bu məsələni ortaya atıb sistematik olaraq onu inkişaf etdirir və bu məsələni tam həllinə aparıb çıxaracaq. Biz artıq bilirik ki, Sovet İttifaqı nəyəsə nail olmaq istəsə, o öz niyyətini mütləq həyata keçirəcək.

Eçmiədzində milli kilsə yığıncağının və ya San-Fransiskoda Amerika ermənilərin müraciəti razılaşdırılmış məsələlərdir (yəni, bütün bu məsələlər guya Sovet hökuməti ilə razılaşdırılıb).

Xalq Partiyasının üzvü, keçmiş tacir Stepan Qaraxanyan bəyan etmişdir:

“İlk zamanlar mən hansısa yeni, ikinci Ermənistan haqqında məsələnin irəli sürüldüyünü güman edərək, Amerika Erməniləri milli şurasının müraciəti ilə bağlı mənfi fikirdə idim. Amma “Sovet Ermənistanı”nın bu bəyannaməyə səs verməsi və sonuncuda Türkiyə Ermənistanının Sovet Ermənistanına birləşdirilməsinin göstərilməsi məni bu məsələnin razılaşdırılmış olmasına əmin etdi. Bizdə belə bir əminlik yarandı ki, Sovet İttifaqı sayəsində və onun əli ilə erməni məsələsi ümumilikdə öz həllinə tapmalıdır”.

Mühəndis Avetis Oqacanyan demişdir:

“İstər öz doğma ölkəsi, istərsə də onun hüdudlarından kənarda erməni əhalisi öz səsini vaxtında qaldırdı. Sovet İttifaqının maraqları erməni məsələsinin həll olunmasına tələb edir. “Sovet Ermənistanı” qəzetinin əks-sədası sübut edir ki, Sovet İttifaqı erməni məsələsinin həllinin tərəfdarıdır. Sovet hökuməti üçün Mosul neftindən istifadə məsələsi mövcuddur, bu isə yalnız erməni və kürd məsələlərinin həlli ilə mümkündür. Mən kürd tayfalarının rəhbərlərindən eşitmişəm ki, San-Fransisko konfransında kürdlər də bəyannamə təqdim edərək Kürdüstanın Sovet İttifaqına birləşməsi şüarı altında tələb irəli sürüblər. Görünür, kürdlər bu barədə yazmayıblar, amma Kürdüstanda bu məsələ ilə bağlı ciddi söhbətlər gəzir”.

Keçmiş daşnak, İran gömrüyünün məsul işçisi Baqdasar Şahgəldiyan söyləmişdir:

“Amerika ermənilərinin bəyannaməsi siyasi cəhətdən yaxşı tərtib olunub. Bu dəfə Türkiyə Ermənistanı məsələsi həll olunacaq. Çox güman ki, bu məsələnin həllini öz üzərinə Sovet hökuməti götürüb. Söz zamanındır, o dediyini həyata keçirir. O, deyirdi ki, biz öz qələbə bayrağımızı Berlinə sancacağıq və belə də oldu. Bu məsələyə “Sovet Ermənistanı” qəzetindən başqa “Pravda” və “İzvestiya” da toxunub. Bu, çox şey deməkdir, bizim üçün yaxşı, türklər üçünsə pis. Türklərin narahatlığı da həmçinin sübut edir ki,onlar üçün vəziyyət ciddi və narahatlıq doğuran xarakter alır. Xaricdəki ermənilər öz doğma qardaşları hesab edən Dəmirçiyan və başqalarının məqalələri kifayət qədər təsirli və ruhlandırıcıdır. Biz ümid edirik ki, bizim və onların arzuları həyata keçəcək. Stalin zarafat etmir, o, ingilis siyasətçisi deyil”.

Xalq partiyasının üzvü Hayk Ovanesyan bildirmişdir:

“Bakı neft sənayesinin təhlükəsizliyi tələb edir ki, sərhəd Leninakandan çox uzaqlaşdırılsın. Erməni məsələsinin gündəmə gəlməsinin hazırkı motivi məhz bu vəziyyətlə izah olunmalıdır. Sovet hökuməti Bakının təhlükəsizlik məsələsində həddindən artıq maraqlıdır. Ehtimal ki, Türkiyə Ermənistanı əyalətlərinin Sovet Ermənistanına birləşdirilməsi məhz bu nöqteyi-nəzərdən həyata keçiriləcək. Amerika ermənilərinin və Eçmiədzindəki milli dini yığıncağın bəyannaməsi ilə “Sovet Ermənistanı” və digər qəzetlərdə getmiş məqalələr arasında ümumi əlaqə var”.

Keçmiş qnçakçı, hazırda Xalq Partiyasının üzvü Levon Çuxasizyan demişdir:

“Amerika ermənilərinin milli şurası tərəfindən San-Fransisko konfransına təqdim olunmuş bəyannamə Eçmiədzində milli kilsə yığıncağının Moskvaya müraciəti, Dəmirçiyan və digər şəxslərin məqalələri, ingilis kilsəsi dini rəhbərinin Yerevandakı çıxışı, bütün bunlar eyni bir zəncirin həlqələridir. İndi Moskva üçün türklərlə bütün qeyri-qanuni məsələləri, o cümlədən də sərhədlərlə bağlı məsələni həll etməyin ən yaxşı anı yetişib. Tezliklə biz əmin olmalıyıq ki, Molotovun notası-Türkiyə ilə dostluq müqaviləsinin ləğv olunması boş yerə verilməyib. Biz-Türkiyə erməniləri bu məsələdən böyük ruh yüksəkliyi duyuruq və buna haqqımız da var. Ermənistana hər hansı ərazi birləşdirmələrinin olacağı şübhəsizdir, amma bu torpaqların hansı həcmdə olacağını əvvəlcədən söyləməkdir çətindir”.

Arakel Ter-Tovmasyan-keçmiş daşnak, uzun illər müəllim olub, hal-hazırda mühasibdir-bildirmişdir:

“Erməni əhalisi olduqca vacib və tarixi bir dövr yaşayır. “Sovet Ermənistanı” qəzetinin məqalələri olduqca sevindiricidir. Düşünürəm ki, Moskva bizim arzularımızı həyata keçirəcək”.

Daşnak, Budaqyan bankının mühasibi Armenak Muradaxanyan  söyləmişdir:

“Siyasətdə Moskva ingilisləri ötüb. Moskva ilə müqayisədə İngiltərənin siyasəti geri qalır. Əgər siyasi hadisələri götürüb ciddi araşdırsaq, görərik ki, İngiltərə burada əsasən uduzub, Sovetlər isə udub. Moskvanın erməni məsələsinə tərəfdarlığına və onun əlverişli həllində maraqlı olmasına heç bir şübhə yoxdur. Moskvanın razılığı olmadan Amerika ermənilərinin bəyannaməsi meydana çıxmazdı. “Sovet Ermənistanı” qəzetinin əks-sədasını da bununla izah etmək lazımdır. İstənilən halda bizdə yaxşı hadisələr baş verəcək, çünki Moskva və onun siyasəti göz qabağındadır”.

 

AZƏRB. SSR

DÖVLƏT TƏHLÜKƏSİZLİK

XALQ KOMİSSARI 

POLKOVNİK                                       / KƏRİMOV/

 29 sentyabr 1945-ci il

 F№1, siy. № 89, iş № 95

Tam məxfi

 Təbrizdə daşnak silah anbarının aşkar olunması haqqında

ARAYIŞ

1945-ci il iyul ayının ortalarında Təbrizdə erməni məktəbinin zirzəmisində daşnak silah anbarının mövcudluğu haqqında məlumat daxil oldu.

İlkin yoxlama zamanı bu məlumatlar təsdiqləndi və müəyyən olundu ki, daşnak silah anbarının mövcudluğundan hələ 1944-cü ildə daşnak Bakdalyan və Xalq Partiyasının üzvü David Gevorkyan erməni məktəbinin təmiri zamanı xəbər tutmuş və guya qorxudan heç kimə deməmək qərarına gəlmişdir.

Dindirmə zamanı David Gevorkyan erməni məktəbinin zirzəmisində daşnak silah anbarının olmasını təsdiq edərək bildirib ki, o, bu barədə heç kimə xəbər verməyib və bu silahı Xalq Partiyasının üzvlərinin silahlandırılması üçün istifadə etməyi nəzərdə tutub.

Anbar istənilən vaxt onu başqa yerə köçürmək imkanına malik olan daşnakların nəzarəti altında idi və onlar, sözsüz ki, silahın Xalq Partiyasının əlinə keçməsinə yol verməzdilər.

Həmin il iyul ayının 20-nə keçən gecə əməliyyat keçirilmiş və bizim əməkdaşlar yeri qazıb anbarı aşkar etmişlər. Nəticədə 50.000-dən artıq tüfəng və digər silah üçün patronlar, 4 top panoraması, 19 tüfəng, 23 “Naqan” və “Mauzer” sistemli tapança, 500 kq partlayıcı maddə, 3.000 kapsul-fitil, 25 qumbara və bir sıra top hissələri çıxarılıb götürülmüşdür.

Bəzi məlumatlara görə, bütün bu silahlar 25 il bundan qabaq əldə olunmuş, daşnak hökumətinə məxsus olmuş və Təbrizdəki erməni məktəbi binasının zirzəmisində gizlədilmişdir.

Müəyyən olunub ki, silah anbarının mövcudluğu arxiyepiskop Məlik-Taqiyana da məlum imiş və o, sonradan bizim əməkdaşlarımıza sistematik olaraq daşnakları himayə etdiyini, həmçinin silah və döyüş sursatının saxlanmasında onlara kömək göstərdiyini şəxsən təsdiqləmişdir. Məlik-Tanqiyan son zamanlaradək yeparxiya idarəsinin binasında İraqdan qaçan daşnakarın qoyub getdiyi daşnak ədəbiyyatı kitabxanasına saxlayırmış. 1929-cu ilin məlumatlarına görə, Məlik-Tanqiyan ingilis kəşfiyyatı ilə əlaqəli imiş.

Yuxarıda göstərilən anbarın aşkar olunması ilə əlaqədar olaraq, yerli milliyyətçi dairələr iranlılar və ermənilər arasında milli ədavətin qızışdırılmasına  yönəlmiş hər cür mümkün dedi-qodular yaymağa başladılar. Mövcud məlumatlar əsasən, bəzi mollalar erməni kilsəsinin həyətində guya iranlılara qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuş silah anbarının aşkar olunmasına bildirmişlər. Bu zəmində ermənilərin döyülməsi və onların ünvanına hədə-qorxu halları baş vermişdir.

Erməni əhalisi silah anbarının qeyri-qanuni saxlanmasında günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb edərək, daşnakları, xüsusilə də bu silah və döyüş sursatlarını gizlədib saxlayan yeparxiya şurasının rəisi arxiyepiskop Nerses Məlik-Tanqiyanın, zərgər Aykak Kosoyanın, direktor Hayk Əcəmyanın, erməni  məktəbinin keçmiş gözətçisi, hazırda tacir olan Ovanes Qabrielyanın və onun oğlu Andronik Qabrielyanın simasında onların Təbrizdə qalan rəhbərlərini ittiham edir.

 

AZƏRB. SSR

DÖVLƏT TƏHLÜKƏSİZLİK

XALQ KOMİSSARI

POLKOVNİK                                                     /KƏRİMOV/

 1 oktyabr  1945-ci il

 Artıq oktyabrın 16-da M.Bağırovun təkidi ilə polkovnik Kərimov İran erməniləri və Sovet rəhbərliyinin maraqlarını ifadə edən  “Tudə” Partiyasına deyil, Demokrat Partiyasına üstünlük verməyə və yeni məlumatlar ötürməyə başlayır.

F №1, siy. № 89, iş № 95

Tam məxfi

İran ermənilərinin yeni yaradılan Azərbaycan Demokrat

Partiyasının münasibəti haqqında

ARAYIŞ

 

“Ramkavar” partiyasının üzvü Torqosyan bildirmişdir:

“Demokrat Partiyası kifayət qədər dəyərli ideya daşıyır. Əgər o öz tələblərinin həyata keçirilməsinə nail olarsa, ermənilərin vəziyyəti kəskin şəkildə yaxşılaşacaq”.

İri sərvət sahibi Budaqyan demişdir:

“Bir halda ki, Demokrat Partiyası Azərbaycanın muxtariyyəti məsələsini qoyur, şübhəsiz, biz buna hər cür yardım göstərməliyik”.

Bununla yanaşı həmçinin bəzi mənfi fikirlər də qeydə alınmışdır. Belə ki:

İngilis bankının işçisi, İngiltərə vətəndaşı Tovmasyan öz fikrini belə açıqlamışdır:

“Ruslar öz qoşunlarının çıxarılması ilə bağlı olaraq İranda nüfuzlarının zəifləməsinin qaçılmazlığını əvvəlcədən görərək “Tudə” Partiyasının adını dəyişib Demokratik Partiya qoydular, onların bu partiya ilə əlaqəli olması fikrinə əsas verməmək və Azərbaycanda öz nüfuzlarını qoruyub saxlamaq üçün bura bəzi tacir və mülkədarları da daxil etdilər”.

Tanınmış daşnak Kosoyan deyib:

Ruslar gördülər ki, “Tudə” Partiyası öz hərəkətləri ilə özünün hörmətdən salıb, buna görə də onu Demokrat Partiyası adlandırdılar və bura varlıları da cəlb etmək, bununla da hökumətin diqqətini özlərindən yayındırmaq üçün proqrama bəzi dəyişikliklər etdilər. Hər halda bu partiyanın tələbləri kifayət qədər ədalətlidir və onların həyata keçirilməsində biz ermənilər  də maraqlıyıq”.

İngilis bankının direktor müavini Ter-Ovanesyan demişdir:

“Ermənilərin yəni Demokrat Partiyasına qoşulması səhvdir. Bu partiyaya Azərbaycan ermənilərinin adından göndərilmiş təbrik məktubu siyasi nöqteyi-nəzərdən təhlükəli addımdır. Bizim ermənilər və milli azlıq olaraq vəziyyətimiz qeyri-müəyyəndir. Biz bütün bunları dərk etməli və özümüzü loyal aparmalıyıq. Öz iştirakımızla biz Demokrat Partiyası üçün yaxşı heç bir şey edə bilməyəcəyik, çünki say baxımından heç nəyə dəymərik, ermənilər üçünsə biz ən pis vəziyyət yaradacağıq. Hətta elə ola bilər ki, gələcəkdə Demokrat Partiyası özü də “gənc türklər” kimi ermənilər üçün dəhşətli qılınca və onları təqib edən qüvvəyə çevrilsin”.

Marağada yaşayan daşnak Rostomyan deyirdi:

“Biz ermənilər üçün belə partiyalarda iştirak etmək çox təhlükəlidir. Biz Demokrat Partiyasına daxil olsaq, İran hökuməti onun bütün fəaliyyətini bizim ayağımıza yazacaq və bizə divan tutmağa başlayacaq. Ərdəşir Ovanesyanın başına nə gətirdiklərini görürsünüzmü? “Tudə” Partiyasının hərəkətlərində yalnız onu ittiham edir və hesab edirlər ki, bu partiyanın bütün işinə təkcə o rəhbərlik edir və bu ancaq ona görə baş verir ki, o ermənidir. Biz öz mövcudluğumuzu qoruyub saxlamaq üçün bütün partiyalardan kənarda durmalıyıq. Bizim İrandakı mövqeyimiz onsuz da çox möhkəm deyil”.

Təbrizdə dərc olunan “Antifaşist” erməni qəzeti Demokrat Partiyasının orqanı olmasa da, sistematik olaraq öz səhifələrində Azərbaycan Demokrat Partiyasını təbliğ edir.

 

AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK

XALQ KOMİSSARI

POLKOVNİK                                                     /KƏRİMOV/

 

16 oktyabr 1945-ci il

 

Bütün bunlarla əlaqədar olaraq, M.Bağırov 21 oktyabr 1945-ci il tarixdə Bakı hərbi dairəsinin komandanı, ordu generalı İ.İ.Maslennikovla bərabər L.P.Beriyaya yenidən məktub yazaraq və öz narahatlığını bildirir. M.C.Bağırov Türkiyə ərazilərinin sovet Ermənistanına birləşdirilməsinin məqsədəuyğun olmadığını qeyd edərək, İraqdakı neft yataqlarına Cənubi Azərbaycan və İran Kürdüstanı vasitəsilə Mosula çıxmağın daha əlverişli olduğunu vurğulayır. O, bu xətti yeritməklə dünya ermənilərinin Türkiyə torpaqlarına iddialarının qarşısını aldı və onların fəaliyyətini neytrallaşdırdı.

Ardı var…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar