Bakının xilaskarının faciəli tarixçəsi-Generallıqdan sahibkarlığa gedən yolun sonu - FOTOLAR

Bakının xilaskarının faciəli tarixçəsi-Generallıqdan sahibkarlığa gedən yolun sonu – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan tarixinə düşən, ilk demookratik respublikanın qurulmasında əvəzsiz rol oynayan Nuru Paşanın adını eşitməyən olmaz. Azərbaycan və Türkiyə qardaşlığının canlı nümunəsi olan bu şəxs həyatını türklərin birləşdirilməsi üçün sərf elədi.

Azərbaycanı bolşeviklərin zülmündən, erməni daşnaqlarının qırğınından qoruyan Nuru Paşa əslində kimdir?

Nuri Paşa Killigil 1881-ci ildə İstanbulda hərbiçi  Əhməd Tofiqin аiləsində dünyaya göz açıb. Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar kimi tarixə düşən Nuru Paşa 1918-ci ildə Bakını bolşevik, daşnaq erməni və ingilis hərbi dəstələrinin əlindən xilas edib. Onun şücaəti nəticəsində Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtı Bakıya köçürülüb.

Ulu əcdadı Krım türklərindən olan Nuru Paşa və yaxınları özlərinə “Killigil” yəni “Güloğlular” soyadı götürüb.

Şəxsi dosyesində Mustafa Nuru kimi göstərilən Nuru Paşa 1906-cı ildə quru qoşunları hərbi məktəbinə daxil olub və məktəbi leytenant rütbəsi ilə bitirib,  3-cü Ordu Komandanlığında zabit kimi işləyib. Şimali Afrikada Osmanlı imperiyasının müttəfiqlərinə qarşı uğurla döyüşüb.

Sultandan general-mayor rütbəsi alan qəhrəman növbəti soyqırımın qarşısını aldı

Nuru Paşanın ulduzu Azərbaycanda parlayıb. 1918-ci ildə Osmanlı dövləti Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradanda,  Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə 29 yaşlı Nuru Paşa təyin edilib. Bundan sonra o hər iki ölkənin tarixini yazıb. Nuru Paşanın göstərdiyi şücaətləri görən sultan ona növbədənkənar general-mayor rütbəsi verib. Həmin vaxtlar onun qardaşı Ənvər Paşa Osmanlı dövlətinin müdаfiə nаziri olub. 1918-ci ilin mayında Nuru Paşa Azərbaycana gəlib və Qafqaz İslam Ordusunun qurulması, təşkil edilməsi, gücləndirilməsi və müstəqillik üçün çırpınan Azərbaycanın düşmənlərdən təmizlənməsində tarixi rol oynayıb. Müstəqil Azərbaycanın paytaxtı olacaq Bakını daşnaqlardan və müstəqilliyə mane olan bolşeviklərdən təmizləyib. O vaxtlar Nuru Paşa Azərbaycana öz qoşunlarını vaxtında gətirməsəydi Bakıda, eləcə də Azərbaycanın Qarabağ hissəsində daşnaqlar Azərbaycan xalqına, yerli əhaliyə qarşı növbəti qırğın həyata keçirəcəkdi. Müstəqil Azərbaycanın taleyi sual altına düşəcəkdi.  1918-ci ilin 15 sentyabrında Bakını təmizlədikdən sonra Qarabağa gedib. Erməni daşnaqlarının Qarabağdakı əməllərinin qarşısını alıb. Ermənilərin tərksilah edilməsinə nail olub. Dinc əhalinin qırılmasının önünə sədd çəkib.

1918-ci ildə Osmanlı dövləti məğlubiyyətə uğrayır və Mudros sazişinə görə Osmanlı qoşunları Qafqazı tərk etmək məcburiyyətində qalır.  Nuru Paşa könülsüz olaraq Azərbaycanı tərk edir.  Nuru və Ənvər Paşanın Azərbaycana bağlılığı bitmir. 1920-ci ildə o gizli şəkildə qoşunları ilə Şuşaya gəlir və bolşeviklərə qarşı vuruşur. Dəfələrlə gizli şəkildə Azərbaycanın dadına yetir.

“Azərbaycanlı və türkmənlər birləşə biləcək ilk türk xalqları” 

Nuru Paşa türklərin birləşməsini çox istəyirdi. Onun təklifləri Şərqi Türküstan alayının qurulmasında mühüm rol oynayıb.  Nuru Killigil təkliflərində qeyd edirdi ki, birləşə biləcək ilk türk xalqları Türkiyə sərhəddinə yaxın yaşayan azərbaycanlı və türkmənlərdir. Daha sonra isə buradan Tatarıstana qədər olan bölgənin birləşə biləcəyini bildirirdi. Bunun üçün Almaniya və Türkiyə SSRİ-yə qarşı döyüşməli, almanlar türk əsilli sovet əsirlərindən ordular təşkil edərək onları Türkiyənin tabeçiliyinə verməli idi.

Ənvər Paşa, atası Əhməd bəy və Nuru Paşa
Ənvər Paşa, atası Əhməd bəy və Nuru Paşa

Sahibkarlığa gedən yol sonu oldu

Nuru Paşa Azərbaycandan gedəndən sonra vəzifəsindən istefa verib. 1923-cü ildə təqaüdə çıxaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. İstanbulda dəmirtökmə zavodu açıb.   Daha sonra silah-sursat istehsalı ilə məşğul olub. İstanbuldan Sütlücəyə köçürdüyü zavodda isə minanatan və minaatan mərmisi istehsal etməyə başlayıb. Zavodda silah istehsalına qadağa qoyulsa da,  bu fəaliyyət gizli şəkildə davam edib. 1949-cu ildə martın 2-də zavodda partlayış olub. 27 nəfərlə birlikdə Nuru Killigil  həyatını itirib.

Sirli partlayış

Nuru Killigilin cəsədi tapılmayıb və ona aid məzara boş tabut dəfn edilib. Partlayışın necə baş verdiyi isə sirr olaraq qalıb.

Bəzi iddialar hadisənin qəsdən törədildiyini bildirir. 18 mart tarixində həmin hadisə Türkiyə Böyük Millət Məclisində müzakirə olunub. Bəzi millət vəkillərinin “hadisənin səbəbi gizlədilməyə çalışılır” deməsi də hadisənin təxribat olması fikirlərinin olduğuna sübutdur. 23 martda Baş nazir bu barədə Məclisdə çıxış edib. Bu çıxışdan sonra gizli olaraq davam edən mövzuda nəyin danışıldığı isə bilinmir.

                                                                              Картинки по запросу nuru paşa məzarı

Nuru Paşanın məzarı hazırda İstanbul şəhərində yerləşən Ədirnə Qapı Şəhidlik məzarlığındadır.  Simvolik məzarda abadlaşdırılma işləri isə Azərbaycanlı ziyalıların israrı ilə aparılıb.

2012-ci il iyunun 28-də Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyində Qafqaz İslam Ordusunun məşhur komandirlərindən olan Nuru Paşanın büstünün açılışı olub.

Nuru Paşanı Azərbaycan xalqı həmişə sevib və qiymətləndirib. Gəldiyi yollara xalılar sərilən Paşa Azərbaycanın şanlı tarixini yazan şəxsiyyət kimi hər iki ölkənin gələcək nəsillərinə örnəkdir.

Vüsalə Əlövsətqızı,  A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar