“Balamın canı bura (əlini maşının parpressinə qoyub deyir) "kraska" dəyməyib” – AVTOMOBİL BAZARINDAN REPORTAJ

“Balamın canı bura (əlini maşının parpressinə qoyub deyir) “kraska” dəyməyib” – AVTOMOBİL BAZARINDAN REPORTAJ
Want create site? Find Free WordPress Themes and plugins.

“1 ildir Almaniyadan gətirmişəm”, “Müəllim maşını olub, sürülməyib”, “Yaxın dur, əmin sənə münasib qiymətə satacaq”,  “Balamın ölmüşünə bura (əlini maşının ön şüşəsinə qoyub deyir) kraska dəyməyib”, “Bazarda bu qiymətdən ucuz tapsan, sənə bunu pulsuz verərəm” “Heç bir problemi yoxdur, otur, sür”, “Təmiz “bez kraska” maşındı” – bəlkə də bu ifadələrdən sonra  söhbətindən nədən getdiyini anlamış oldunuz.

Bura paytaxtın “Badamdar” qəsəbəsində yerləşən, satıcıların dili ilə desək bir nömrəli maşın bazarıdır. Maşın bazarına yaxın dayanacaqda düşdüyün andaca hər şey dəyişir, istər-istəməz orda edilən söhbətlərə qulaq kəsilirsən:

“Niyə elə ucuz satdın? Sənə demişdim axı o qiymətə vermə. “Turbo.az-a niyə qoymamışdın? Qardaşın o maşını yığıb bir qiymətə satardı ki, gəl görəsən”.

“6.5-ə versən götürərəm. Yoxsa pulum çatmır. Sənədləri zadı qaydasındadır? Sonradan bir problem çıxmayacaq? Radarı zadı yoxdu? Kosmetik işləri var haa deyəsən, düzəltdirməmisən”.

Elə bu söhbətləri eşidə – eşidə bazarın içinə düşdüm. Bazarda sanki bir sönüklük vardı. Deyilənə görə, hər 6-cı gün belə olur. Amma bəzi satıcılar 6-cı gündən gəlib özlərinə burda yer seçirlər. Maşın satanlarla yanaşı, bazarda gələcək sahibi gözləyən maşınların da sayı az idi. Fotolardan bunun şahidi ola bilərsiniz.

Bazara girəndə eşidilən musiqilər, edilən söhbətlər buranın sanki Bakı deyil, hansısa başqa bir məkan olduğunu xatırladırdı. Bir tərəfdən dözülməz mahnılar, digər tərəfdən də maşınına tərif yağdıran satıcılar sanki bir-birini tamamlayırdı.

Xeyli gəzəndən sonra bir neçə maşın satan ilə söhbətdən məlum oldu ki, bazarda vəziyyət bir neçə müddətdir ürəkaçan deyil:

“Bir aya yaxındır burdayam, alan yoxdu. Qiymətlər də günü-gündən qalxır. Ehtiyac olmasa, satmaram. Amma belə aşağı qiymətə də qoymuşam, yaxın duran yoxdu. Bu milləti də qınamıram e, bahalıq bir yandan, bayram bir tərəfdən, nə bilim, çox çətindir. Bu maşına gözüm kimi baxmışam, amma ehtiyac üzündən burdayam. Bazar günü adam bir az çox olur. Ona görə indidən gəlib yer tutmuşuq”.

Maşın satanlar kimi alanların da sayı o qədər çox deyildi. 2 aydır bazara gəlib, münasib qiymətə maşın tapmayanlar da vardı:

“Qardaş, düz 2 aydı gəlib-gedirəm. Cibimdə olan pula uyğun bir maşın yoxdu. BMW vardı, pul lazım oldu deyə 6200 manata satdım, 2003-cü ilin idi. İndi gəlib görürəm 9000 manatdan aşağı o maşından yoxdu. Əlimdə-ovcumda bir az pul qalıb, o qiymətə maşın yoxdu. Səhərdən gəzirəm, ən ucuz maşın 8000 manatdan başlayır. 20 ilin maşınına elə tərif verirlər ki, elə bil sellofandan indi çıxıb. Sözün açığı, bu alverçilərdən maşın almaq istəmirəm. Ortadan bölünmüş maşını qaynaqlatdırıb, üstünü də rəngləyib adamın üzünə dururlar ki, heç vuruğu da yoxdu. Ona görə, istəyirəm  öz maşınını gətirib satandan alım”.

Uzun illərdi maşın alveri ilə məşğul olan Kərimov Ceyhunun sözlərinə görə, ili təzə olan 1-2 ilin maşınlarında qiymət artım var:

“Qiymət artımına görə, alıcı qüvvəsi də azdı. Vəziyyət 3-4 aydı belədir. Günü-gündən də qiymətlər artır. Hazırda 2015-2016-ci illərin maşınları 3-4 min manat bahalaşıb. Dollar ucuzlaşsa, bəlkə vəziyyət yaxşı olar”.

Xeyli gəzəndən sonra avtomobil bazarındakı maşınların qiymətlərini də öyrədim:

Mercedes C klass 1994 – 5600 manat

Mercedes C klass 1997 – 8.000 manat

Mercedes C klass 1998 – 8.500 manat

Mercedes E klass 2000 – 11.000-11.500 manat

Volkswagen Passat 2004-cü il – 5.800 manat

BMW 2005 – 17.000 – 17.500 manat

Mitsubish Pajero 2007 – 19.000-20.000 manat

Vaz 21 07  2010 – 5.700 manat

Daewoo Nexia 2011 – 10.500 manat

Niva 2014 – 14.000 manat

Niva 2015 – 11.300 manat

Lada Priora 2016 – 13.300 manat

Prado – 22.000 – 25.000 manat

Bazardakı təzadlı məqamlardan biri də o idi ki, uzun müddətdir bu işlə məşğul olub, artıq alverçi adını qazanmış satıcılar ömründə ikinci dəfədir bazara çıxdıqlarını deyirdilər:

“Qardaş, o bazar alverçiləri başqadı. Üzlərinə baxan kimi tanıyırsan. Əllərini maşının parpresslərinə qoyub and içənləri, maşınına şiddətli şəkildə tərif yağdıranları kənardan da tanımaq olar. Maşın bazarına gələndə hələ o Badamdarın kuruqunda durub əl edirlər e, bax əsl alverçilər onlardı. Düzü bu bazarın da 70%-i alverçidi. Ancaq get soruş, biri boynuna almayacaq. Çünki maşın almağa gələn adam alverçidən almaq istəmir. Bilir ki, o maşının nəsə zibili var. Həm də qardaş, maşın alanından da çox şey asılıdır. Alverçi baxır görür ki, bunun pulu var, amma çox verməyə qıymır. Onu dilə tutub sınıq-salxaq maşını tərifləyir ki, deyirsən o salafanın içində olan maşınlar boş söhbətdi ee.. (əlini əlinə vurub gülür, yanında duran həmkarına da göz vurur)”.

Uzun söhbətdən sonra bəlli oldu ki, bazara başı çıxamayan adam gəlsə, üstü bəzək, altı təzək söhbəti olacaq. Alverçilərin dili ilə desək üstü “kraskalanmış” maşını sırıyacaqlar.

Bir şeyin də şahid oldum ki, ili motorun həcmi, hətta yürüşlərinə qədər eyni olan maşınlar bazarın əvvəlində, ortasında, axırında eyni qiymətə satılmır. Maşın satanlar isə deyirlər ki, bəlkə biri gəlib yaxınlaşdı, mən dediyim qiymətlə razılaşdı. Niyə başqasına görə, maşınımı 1000 manat ucuz satmalıyam?

Elə bu söhbətlərdən sonra hətta öz maşınını gətirib bazarda satanlardan belə maşın almaq fikrindən vaz keçdim. Amma nə yalan deyim, bu sahədə (avtomobil alıb-satmaq) bacarığım olmasa da, ən azından alveriçlərdən maşın satarkən and içməyin yollarını öyrəndim:

“Əlini parpressin üzərinə qoyub, kraskalanmadığına görə and içmək məncə günah sayılmaz…”

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Araşdırma, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar