“Biz bunu qəti şəkildə pisləyirik” - PREZİDENT

“Biz bunu qəti şəkildə pisləyirik” – PREZİDENT
Want create site? Find Free WordPress Themes and plugins.

“Qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistan ərazimizin 20 faizini işğal etməkdə davam edən Ermənistan dövləti ilə diplomatik münasibətlər qurmamışdır. Azərbaycan xalqı buna görə sizə çox minnətdardır”.

A24.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı qeyd edib.

O bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verir:

“2012-ci ildə başlayan sədrliyimiz dövründə biz təşkilatın daha da gücləndirilməsi istiqamətində bütün üzv dövlətlərlə birgə çalışmışıq. Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir. Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir.

Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılmış və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılmışdır. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olmuşdur. Min nəfərdən çox insan itkin düşmüşdür. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını rəsmən tanıdığına görə biz Pakistana təşəkkürümüzü bildiririk.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılmışdır. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan müsəlman ölkələri və dövlətləri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar