A24 Xeber

Bu avtomobil yolu yenidən inşa edilir (FOTO/VİDEO)

Bu avtomobil yolu yenidən inşa edilir (FOTO/VİDEO)
65
05 İyun 2018 - 17:00

Astara rayonunda uzunluğu 11 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

A24.Az Trend-ə istinadla xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yoludur.

Astara rayonu Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd avtomobil yolunun 2 km-lik hissəsi 5 metr enində dağılmış qara örtük, 6.5 km-lik hissəsi 3-4 metr enində çınqıl, qalan 2.5 km-lik hissəsi isə cəmi 3 metr enə malik torpaq örtüklüdür. Payız-qış mövsümündə sözügedən avtomobil yolu ilə vətəndaşların hərəkətində yaşanan problemləri aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.

4 yaşayış məntəqəsinin 9.3 min əhalisinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 226-cı km-nə çıxışına imkan yaradan yerli əhəmiyyətli Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd avtomobil yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir. Hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr və 6 metr enində hərəkət hissə daxil olmaqla yolun torpaq yatağının eni 10 metr təşkil edəcək.

Bunun üçün yol boyu 10 min kub.m həcmdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 84 min kv.m sahədə yolun profilə salınması işləri görülüb və yeni yol yatağı inşa olunub. Ardınca yol əsasının alt layının qum-çınqıl qarışığı ilə təqribən 94 min kv.m sahədə tikintisi aparılıb. Hazırda optimal-qırmadaş qarışığından 16 sm qalınlıqda əsasın üst layının inşası işləri görülür.

Bundan başqa tikinti layihəsi çərçivəsində yolun altından suların ötürülməsi məqsədi ilə 500 və 750 mm diametrli 80 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb, 10 paqon-metr uzunluğa malik 1 ədəd dördbucaqlı su keçidinin inşası isə davam etdirilir.

Torpaq işləri yekunlaşdıqdan sonra 68 min kv.m sahədə 2 laydan ibarət 12 sm qalınlıqda iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi palnlaşdırılır. Bundan başqa 16.5 min kv.m sahədə çiyin hissələrinin bərkidilməsi, zəruri olan yerlərdə 100 kub.m həcmdə istinad divarlarının və 62 kub.m küvetlərin dəmir-betonla tikilməsi də nəzərdə tutulan işlərdəndir.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirkləri quraşdırılacaq, həmçnin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin payız aylarında başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd edək ki, Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu yerli əhalinin sosial rifah halına müsbət təsir göstərən sitrus meyvələrinin yetişdirilməsinin artması ilə kənd təsərrüfatının, həmçinin turizmin inkişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00