A24 Xeber

Bu metro stansiyaların adı dəyişdirilə bilər – TƏKLİF

Bu metro stansiyaların adı dəyişdirilə bilər – TƏKLİF
73
22 May 2018 - 16:41

Adları sovet dövründən qalan “İnşaatçılar”, “Ulduz”, “Xalqlar dostluğu” metrostansiyalarının adları dəyişdirilə bilər.

Eyni zamanda, bir neçə gündür ki, ictimaiyyətin müzakirə predmetinə çevrilən mövzulardan biri də sovet dövründən qalma metrostansiyalara Cümhuriyyət qurucularının adlarının verilməsindən ibarətdir.

Belə ki, ölkə ictimaiyyətində metronun “İnşaatçılar”, “Ulduz”, “Xalqlar dostluğu”nun adlarının dəyişdirilməsi müzakirə olunur.

“A24.az” bildirir ki, millət vəkili Aqil Abbas “interpress.az”a açıqlamasında metronun “Ulduz” stansiyasinin adının dəyişdirilə biləcəyini ehtimal edib. Deputat metro stansiyalarının birinə “Cümhuriyyət” adının verilməsini təklif edib:

“Mən rəsmi olmayan məlumatlar barədə fikir bildirmək istəmirəm. Zaman-zaman metro stansiyalarının adları dəyişib. Misal üçün, əvvəllər “Məşədi Əzizbəyov” stansiyanın adı dəyişdirilib “Koroğlu” oldu. Bununla yanaşı, “İçərişəhər” stansiyası da adı dəyişilən stansiyalar arasındadır. Ola bilər bundan sonra da dəyişdirilsin. Gələcəkdə belə bir şeylər ola bilər. “Ulduz” stansiyasının adı dəyişdirilə bilər. Amma “Xalqlar dostluğu”nun adı niyə dəyişdirilsin ki? Axı, biz xalqların dostuyuq, biz dostluğu sevənik axı. Belə şeylər ola bilər. Amma necə ola bilər, o, artıq mənlik deyil. Mənim sözümlə metro adını dəyişdirəcəklər? Mənim sözümlə metro adını dəyişmirlər axı, yoxsa mən deyərdim ki, metro stansiyalarının birinin adına “Cümhuriyyət” qoyulsun. Amma bunu dövlət qurumları müəyyənləşdirir. Hesab edirəm ki, bununla bağlı nəsə tədbir görə bilərlər. Amma mənim sözümlə deyil”.

Qeyd edək ki, əvvəllər adı “11-ci Qızıl Ordu Meydanı” olan stansiyanın adı dəyişdirilib “20 Yanvar”, “Şaumyan” stansiyasının adı isə “Xətai stansiyası olub. İndiki “28 May” stansiyası Bakı Metrosunun ilk fəaliyyətə başladığı ildə “28 Aprel” adlanıb.

Növbəti belə stansiyalardan biri də indiki “Qarar Qarayev”dir. 1972-ci ildən fəaliyyətə başlayan stansiyanın ilk vaxtlar adı “Avrora” stansiyası olub. 27 aprel 1992-ci ildən isə stansiyanın adı indiki adla əvəzlənib. “Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı “Elektrozavod” olub. 1 yanvar 1993-cü il tarixində həmin ad “Bakmil” adı ilə əvəzlənib. “26 Bakı Komissarı” stansiyasının adı 9 aprel 1992-ci ildə “Sahil”ə dəyişdirilib.

“Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci il tarixində “İçәrişәhәr” adı ilə əvəzlənib. Adı dəyişdirilən hələlik sonuncu stansiya “Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər “Məşədi Əzizbəyov” olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və “Koroğlu” adlandırılıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00