A24 Xeber

Cüdoçularımız Avropa çempionatında 2 medal qazandılar

Cüdoçularımız Avropa çempionatında 2 medal qazandılar
27
28 Aprel 2018 - 22:20

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatı bu gün başa çatıb.

Yarışın sonuncu günündə Azərbaycan millisinin 5 üzvü mübarizəyə qoşulub.

Avropa çempionatı

Kişilər

90 kq

İlk görüşdən azad olan Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda Noel Van T Endlə (Hollandiya) qüvvəsini sınayıb. Qarşılaşma həmyerlimiz üçün məğlubiyyətlə yekunlaşıb.

100 kq

Yığmamızın lideri Elxan Məmmədovun da ilk görüşü 1/16 finala təsadüf edib. Slovakiyalı Matey Hayasla üz-üzə gələn idmançımız ipponla qalib gəlib. O, ikinci görüşündə Niyaz Bilalovla (Rusiya) güləşib və mərhələ adlaya bilməyib.

Zelim Kotsoyevin də 1/8 finala gedən yolda rəqibi slovakiyalı olub. Təmsilçimiz Milan Randlı ipponla mübarizədən kənarlaşdırıb. Kotsoyev növbəti görüşündə Kirill Denisovla (Rusiya) mübarizə aparıb və bu döyüşü də xeyrinə bitirib. İdmançımız 1/4 finalda israilli Peter Paltçiklə qüvvəsini sınayıb. Təəssüf ki, o, bu dəfə qələbə qazana bilməyib.

Zelim məğlubiyyətə baxmayaraq, çıxışını davam etdirib. O, təsəlliverici döyüşdə portuqaliyalı Jorj Fonseka ilə qarşılaşıb və qələbə qazanıb. “Bürünc” uğrunda Kotsoyevin rəqibi belaruslu Daniel Mukete olub. Bu rəqibindən də üstün olan idmançımız turniri üçüncü pillədə başa vurub.

+100 kq

Millimizin ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri 1/16 finalda rusiyalı Tamerlan Basayevlə güləşib. O, startdaca məğlub olaraq, yarışla vidalaşıb.

Qadınlar

+78 kq

Komandamızın Avropa çempionatındakı son qadın cüdoçusu İrina Kindzerska 1/8 finalda rusiyalı Ksenya Çibişovanı sınağa çəkib. Döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, ipponla qalib gəlib. Kindzerska 1/4 finalda Yelizaveta Kalanina (Ukrayna) ilə gücünü yoxlayıb və məğlubiyyətə üzülüb.

O, bürünc medal uğrunda təsəlliverici görüşdə İvana Maraniçlə qarşılaşmalı olsa da, zədə səbəbindən tatamiya çıxmayıb və yarışla vidalaşıb.

Qeyd edək ki, Avropa çempionatına 16 cüdoçu ilə yollanan millimiz bir “gümüş” və bir “bürünc” medal qazanıb. Ötən gün 73 kq çəkidə yarışan Hidayət Heydərov ikinci olmuşdu.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00