A24 Xeber

Cümhuriyyət dövrünün pullarını yığan illuziyaçı: “Bu pulların qəribə sehri var…” – MÜSAHİBƏ

Cümhuriyyət dövrünün pullarını yığan illuziyaçı: “Bu pulların qəribə sehri var…” – MÜSAHİBƏ
74
26 May 2018 - 18:28

– Cümhuriyyət dövrünə aid pulları almaq üçün hətta borc pul tapmışam. Həmin pulu almaq üçün dəridən-qabıqdan çıxmışam.

– İlk dəfə cümhuriyyət dövrü pulları ilə bağlı hansı nominalı əldə etmisiniz?

– İlk dəfə üç il əvvəl bu əllliyi almışam. Elanı facebookda gördüm. “Satılır” yazılmışdı. Elanı yazan adamla dərhal əlaqə saxladım, dedi ki, “Gənclik” metrosuna gəl. Onu üç saat vədələşdiyimiz yerdə gözlədim. Gəlib çıxmaq bilmirdi. Yubadırdı.  Həyəcanlanmışdım ki, cümhuriyyət pulu əlimə dəyəcək. İndi həmin adamla əlaqəm yoxdur, adını da unutmuşam. Cümhuriyyət dövrü pullarında qəribə sehr və qoxu var.

***

Çingiz Həziyevlə söhbətimiz elə Sumqayıt Bayraq Meydanından başlayır. Avtomobilinə əyləşib evlərinin yanındakı çayxanaya yollayırıq. Cümhuriyyət dövrünə və Çar Rusiyası əyyamlarına aid pulları toplayır. Əsl peşəsi illüziyaçılıq olsa da gəncliyini kolleksiya sahəsinə “xərclədiyini” deyir. Həm gəncliyini, həm də pullarını… Amma illüziyaçı kimi yerli telekanallarda indiyə kimi dörd müəllif proqramı olduğundan da fəxrlə söhbət salır.

Söhbətimizi çay süfrəsi ətrafında davam edirik.

Çingiz bəy sözarası deyir ki, indi cümhuriyyət dövrünün pulları Bakının göbəyində də var, başqa yerlərdə də. Amma doxsanıncı illərdə belə olmayıb. Pullar təzə-təzə üzə çıxdığından onları tapmaq çətin imiş. Həmsöhbətim “İçərişəhər”dəki dükanlarda cümhuriyyət dövrü ilə bağlı əskinasların, istiqrazların baha satıldığını söyləyir. İstiqraz sözünə təəccübləndiyimi görüb əlavə edir ki, təkcə kağız və dəmir pullar deyil, qədim dövrə aid lotereya və istiqrazlar, markalar da bonistikanın ayrılmaz hissəsidir.

“Təkcə 1 manatlıq yoxdur…”

Həmsöhbətim deyir ki, indi cümhuriyyət dövrü ilə bağlı 1 manatlıq əskinasdan başqa bütün pulları kolleksiyasına daxil edib. Deyir ki, təkcə “1” rubl yoxdur. Amma onun da səbəbi həmsöhbətimlə bağlı deyil.

– Deyilənə görə, 1 rubl Azərbaycanda cəmi bir kolleksiyaçıda var. Həmin pul da iki üzlü deyil, bir üzlüdür. “Probnı” buraxılıb. Kiçik ölçülüdür, marka kimi bir şeydir. Ondan başqa altı nominalın hamısı var. Eyniləri çoxdur. Bir rublluq nominal Moskvada qarşıma çıxdı amma ala bilmədim.

– Niyə?

– Çünki pul çox pis vəziyyətdə idi və 300 manata təklif olunurdu. Bəlkə də alardım, bir üzlü olduğu üçün. Özü də həmin pul iyimi beş manatdan, əlli manatdan sonra – 1920-ci ildə buraxılıb. Heç 1918-ci illərin pullarını da tapmaq olmur. Əksər kolleksiyaçılarda 1919 və 1920-ci illərin pulları var.

Çingiz Həziyev kolleksiya albomlarını çıxarıb stolun üzərinə düzür. “Cümhuriyyət albomu”nu açır. Deyir ki, həmin dövrə aid pulları son illərdə toplamağa başlayıb. Təxminən 2016-cı ildən:

“Amma 1918-20-ci illərdə çıxan pullar haqqında məlumatım, onları toplamaq həvəsimin tarixçəsi beşinci-altıncı sinifdə oxuduğum dövrlərə qədər gedib çıxır. 1990-cı illərin əvvəlləri idi. Azərbaycan Respublikası təzəcə müstəqillik qazanmışdı. Yəqin xatırlayırsınız, o vaxt “Gənclik” jurnalı çıxırdı. Günlərin bir günü bu jurnal əlimə keçdi. Sonuncu sayların birində cümhuriyyət dövrümüzün pullarının şəkilləri dərc olunmuşdu. Özü də jurnalın arxa üzündə idi. Həmin pulların şəkilləri diqqətimi cəlb etdi. Jurnaldan onların şəkillərini kəsdim. Gəlib evdə valideynlərimə göstərdim ki, baxın, bizim o dövrdə pullarımız olub. Evdəkilər də maraqla baxırdılar. Belə bir şeydən xəbərsiz idilər. Çünki sovet dövrü cümhuriyyət, Müsavat hakimiyyəti ilə bağlı hər şeyi qadağan etmişdi. Onda mənim yaşımın az olmasına baxmayaraq, bu pullara fantastika kimi baxırdım. Deyirdim ki, 1919-20-ci illərdə bizim öz pullarımız olub”.

Amma Çingiz Həziyev daha əvvəldən bu işə başladığını söyləyir. Deyir ki, onun əsas topladığı pullar cümhuriyyət dövründən əvvələ aiddir:

“Mənim kolleksiyamın əsasını Çar Rusiyası və inqilab ərəfəsi dövrü təşkil edir. Birincisi, bu dövrdəki pul nominallarının sayı çoxdur. İkincisi, nadir və bahalı pulların sayı kifayət qədərdir. Rəngarənglik və zənginlik var. İnqilab vaxtı çox qarışıqlıq olub. O dövrlə bağlı çox maraqlı məqamlar ortaya çıxır. İnqilab dövründə ara qarışıb, hər bir böyük şəhərin özünün pulu olub. Şəhərə başçılıq edən adamlar öz pullarını kəsiblər. Üzərinə öz şəkillərini vurublar. Əlimdəki bu pul 1918-ci ildə buraxılmış Rostov şəhərinin puludur. Hətta Rostov şəhərinin başçısı özünü ataman elan edib. Ataman titulu da türkdilli bir sözdür. Yəni, çox maraqlıdır”.

“Cümhuriyyətin ilk pulu 25-likdir…”

Çingiz deyir ki, bonistika birbaşa tarixlə əlaqəlidir. Numizmatika sırf sikkə və dəmir pulları öyrənir. Bonistika isə kağız pulları və qiymətli kağızları tədqiq edir, əhatələyir:

– Baxın, cümhuriyyət dövrünün 500 manatlıq əskinasıdır. Üzərinə Azərbaycan Respublikası yazılıb. 1919-cu ilin puludur. Bu o deməkdir ki, bizim respublikamız həmin dövrdə mövcud olub. Bu pullar həmin dövrün canlı isbatıdır.

– Çingiz bəy, cümhuriyyət dövründə ilk olaraq hansı pullar çıxıb?

– İlk olaraq “25”, “50” və “100” manatlıq əskinaslar çıxıb. İlk pullar Bakı azad olunandan sonra, 1918-ci ilin sentyabr-oktyabr aylarında dövriyyəyə buraxılıb. Ondan əvvəl də bizdə Bakı kommunasının “uprava” və “xazaystva” adlı pulları dövriyyədə olub. Üzdəniraq Şamuyanın pulları işləyib. O pullar da məndə var. O da cümhuriyyət dövrüdür, amma Bakı hələ bolşeviklərin əlində idi.

– 500 manatlıq əskinasın üzərində niyə fransızca “Azərbaycan Respublikası” sözləri yazılıb?

-Bəzi mənbələrə görə, həmin dövrdə fransız dili beynəlxalq dil kimi qəbul edilirdi. Bir dəfə də maraqlı fakta rast gəldim. Orada yazılmışdı ki, ilk dəfə Fransa bizim dövlətimizin müstəqilliyimizi ilk  tanıdığı üçün bizim qurucularımız bu cür addım atmışıq.

– Cümhuriyyət dövrü pullarına indiyə kimi nə qədər xərcləmisiniz?

– Cəmi altı nominaldadır o dövrün pulları. Azdır. Mənəvi dəyəri böyük olsa da, maddi dəyəri azdır. Dəyərli olmasının əsas səbəbi onun tirajının az olması ilə birbaşa bağlıdır. Ondan sonra pulun vəziyyəti gəlir. Məsələn, bu 500 manatlıq əskinas dövriyyədə olmayıb. “Paçka”da qalıb. Məndəki cümhuriyyət dövrünün pulunun bir qismi dövriyyədə olub. Qat kəsilib. Pullarımızın üzərində bəzilərində rusca, bəzilərində isə Azərbaycanca qeydlər olub.

– Cümhuriyyət dövrü pullarımızın eskizlərini kim hazırlayıb?

– O haqda dəqiq məlumatlar yoxdur. Bəziləri deyir ki, yəhudilər, bəziləri deyir ki, Anadolu türkləri hazırlayıb. Amma İstanbulda kəsilməsi nəzərdə tutulan əskinaslar kəsilmədi. Bu məsələ mənim diqqətimdədir, araşdıracağam. Bəlkə də kolleksiyaçı dostum Azər Nağıyev bilər. O bu sahə ilə bağlı kitab yazır.

Həmsöhbətimdən yüz il əvvəl çıxan pullarla, ikinci dəfə müstəqil olduqdan sonra dövriyyəyə buraxılan nominallar arasında oxşarlıq barədə soruşuram. Naxışlar arasında oxşarlığın olub-olmaması, doxsanıncı illərdə əskinaslarımızı hazırlayanların cümhuriyyət dövrü pullardan xəbərdar olmaları haqda Çingiz müəllim deyir ki, hər iki dövrün pulları arasında oxşar eskizlər var. Əlindəki albomu açır və barmağını naxışların üzərinə qoyub, izah etməyə başlayır:

“1993-cü ildə bizim beş yüz manatlıq əskinaslarımız çıxdı. Həmin pulun arxa üzündəki naxışlar cümhuriyyət dövründə çap olunmuş pulların naxışları ilə eynidir. Pulumuzun dizaynını verənlər bunu nəzərə alıblar”.

“Kolleksiyama 30-40 min dollar xərcləmişəm…”

Söhbətimiz əməlli-başlı qızışıb. Səmimi ab-havada suallarımı yağdırıram. İndiyə qədər kolleksiyasına nə qədər maya qoyduğunu, pul xərclədiyini xəbər alıram. Deyir ki, İndiyə kimi nə qədər pul xərclədiyimi unutmuşam:

– Mən kolleksiyam üçün xərclədiyim pulların sayını çoxdan itirmişəm (gülür). Bəlkə də 20-30 min dollar, bəlkə də daha çox pul xərcləmişəm.

– Bəs axtardığınız nadir pulları hansı yollarla, vasitələrlə əldə edirsiniz?

– Məsələn, facebookda axtardığım pulun üzərinə bir cinayətkarın şəklini vururam. Paylaşıram ki, bu pul axtarılır. Kolleksiyam üçün izinə düşdüyüm pulları maraqlı, əyləncəli formada axtarmağı xoşlayıram. Kimdə varsa, mənimlə sosial şəbəkələr üzərindən əlaqə saxlayır. Xoşum gələn pulu hər cür variantdan istifadə edib almışam. Amma onların hesabatını aparmamışam.

– Gələcəkdə bu pulları bir yerə yığıb sərgi və ya muzey açmağı düşünürsünüzmü?

– Sərgi təklifləri çox gəlib. Elə Sumqayıtın Tarix Muzeyinin rəhbərliyi mənə sərgi keçirmək təklifi elədi. Amma bəzi problemlərim var. Ona görə də onları hələ ki, gözlədirəm. Muzey yaratmaq isə elə də asan deyil. Bu gün dolanışıqla əlaqədar olaraq özümü tam olaraq bu işə verə bilmirəm. Sosial problemləri nəzərdə tuturam. Çünki kolleksiya bizim yaşayışımızı təmin etmir. Təmin etsəydi, muzey açmaq olardı. Hətta kolleksiyaçılıqla da məşğul olardım. Yaxşı ideya verdiniz, yəqin ki, muzey də açacağam. Çünki getdikcə pulların sayı çoxalır. Baxırsan ki, bu artıq evlik deyil.

– Bəs pulların üzərindəki yazılarla bağlı çətinə düşəndə neynirsiniz?

Kolleksiyaçı dostlarımdan Emil Şirinov var. Onun cümhuriyyət pulları haqqında anlayışı daha çoxdur. Emil bizlərə baxanda daha məlumatlıdır. Cümhuriyyət pullarındakı ərəbcə yazıları oxumaqda çətinlik çəkəndə, oxuya bilməyəndə digər kolleksiyaçı dostum Ruslan Rəhimova müraciət edirəm. O, əski əlifbanı çox yaxşı bilir.

– Bəs saxta olub-olmadığını necə yoxlayırsınız?

– Onun üçün xüsusi üsullar  var. Lupa ilə baxırıq. Naxışları və yazıları, seriya nömrələri haqqında məlumatları əvvəlcədən oxuyuruq ki, aldanmayaq.

– İllüziyaçısınız, olubmu ki, peşənizdən istifadə edərək kimisə nadir pulları həmin adamdan almaq üçün ovsunlayasınız?

– Olub. (gülür və cibindən bir dəmir pul çıxarır). Bu sovet dövrünə aid yubiley puludur. Rəngi və özünəməxsusluğu diqqət çəkir. Bir məclisdə oturanda, maraqlı adam görəndə dərhal çıxarıb əlimdə fırladıram. Maraqlanan olanda baxır, nə olduğunu soruşur. Deyirəm ki, pul kolleksiyam var, qədim pulları yığıram. Əgər evində bu cür pullar varsa, dərhal söhbətə qoşulur və pulların izinə düşürəm. Yəni, bu pulla söhbətə giriş verirəm (gülür).

“Cümhuriyyətin kataloqunu hazırlayıram…”

Çingiz Həziyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə kataloq hazırlayır:

“Artıq qeydlərimi aparıram. İşə başlamışam. Cümhuriyyət dövrü pullarının, marka və istiqrazlarının, lotereyalarının kataloqunu hazırlayacağam. Burada hər şey haqqında məlumat olacaq. O dövrün gömrük markaları, 26 adda markanın hamısı haqqında məlumat olacaq. Onların eskizlərini kimlərin hazırladığı haqda kataloqda bilgilər yer alacaq”.

Həmsöhbətim bu il ərzində bütün diqqətini cümhuriyyət dövrü sahəsinə həsr edib. 23 aylıq dövlətimizin 100 illiyi ilə bağlı kolleksiyasında tamamlama işlərini sona çatdıracaq:

“Bu yaxınlarda Cümhuriyyət dövrünə aid bir icazə kağızı tapdım. Bir rus qadına bizim o dövrdəki xarici işlər nazirimizin imzası ilə verilib. Onu da həmin kataloqa daxil edəcəyəm, icazə kağızı, viza kimi”.

“Cümhuriyyət pullarında bilirsiniz kimin imzaları var?”

Çingiz müəllim deyir ki, Cümhuriyyət dövrü pullarında bank sədrlərinin yox, hökumət rəhbərlərinin imzaları var. “Xoyskinin, Nəsib bəyin imzalarına baxın” – deyir. Pulları ehtiyatla lövhənin arasından çıxarıb xırda hərflə yazılmış hissəni göstərir:

“Bilirsiniz, bu orijinal bir şeydir. Bank sədri yox, hökumət rəhbərinin imzaları çap edilib. Bu cür pullara ilk dəfə özümüzdə rast gəlmişəm”.

Kolleksiyaçı həmsöhbətim hər gün Cümhuriyyət və çar Rusiyası dövrünə aid kolleksiyaya baxıb ruhən rahatlıq tapdığını söyləyir:

“SSRİ olmasaydı bu pullar yenə də qalacaqdı, modifikasiya dəyişəcəkdi, amma tarix davam edəcəkdi. Şərqin ilk demokratik cümhuriyyətinin pullarıdır e, elə-belə banknotlar deyil”.

Davamçısı da var…

Çingiz Həziyev siqaret yandırıb, təbəssümlə söhbətin yönünü başqa səmtə dəyişir:

– Evdə balaca oğlum da kolleksiya toplamağa həvəslidir. Üzərində fil şəkli olan pullara həvəslidir. Uşaqdır də, onun üçün də balaca albom düzəltmişəm. İçərisində ancaq fil şəkli olan pullar var.

– Üzərində fil şəkli olan pullar çoxdur ki?

– Fillərlə, heyvanlarla bağlı pullar çoxdur. Bu da bonistikanın ayrıca qoludur əslində. Sırf fillər və heyvanlarla bağlı pulları nəzərdə tuturam. Hər sahəyə aid pullar var – texnika, şəxsiyyətlər.

Bu dəfə söhbətin yönünü mən dəyişirəm. Yenidən cümhuriyyət dövrünə qayıdırıq. Cümhuriyyət dövrü pullarının hansı vaxta qədər işlədiyini soruşuram:

– Bəzi mənbələrə görə, 28 apreldə respublika süqut etsə də ilin sonuna kimi – yəni, 1921-ci ilin əvvəlinə qədər bu pullar dövriyyədə olub. Amma bu da dəqiq deyil.

– Bəs sonra?

-Ondan sonra Zaqafqaziya dövlətinin pulları ortaya çıxır. Onlar da məndə var. Baxın, bunları deyirəm (albomu açıb göstərir). Həmin pulun üzərində Azərbaycan, gürcü və erməni dillərində ifadələr üstünlük təşkil edib. Gürcülər Zaqafqaziya dövlətinə etiraz ediblər, dövlət dağılıb. Bizim cümhuriyyət dövründə İrəvanda ermənilər pul buraxırdılar. Pulun üzərində “Yerevan” yox, “İrəvan” yazılırdı”.

Rəsulzadənin adına fantastik pul…

Çingiz Həziyev yanındakı qara diplomatın ciblərini yoxlaya-yoxlaya fantastik pullardan söz açır. Deyir ki, Fantaziya pullar adlı kolleksiyaçılıqda ayrıca sahə var və sırf kolleksiyaçılar üçün nəzərdə tutulub. Bir neçə il əvvəl xarici dövlətin kolleksiyaçılarının öz dövlətləri, onların tarixi ilə bağlı fantaziya məhsulu olan pullar buraxdığını görüb:

“Mənim də ikinci sənətim rəssamlıqdı. Bir az da vətənpərvərliyim var. Qanım coşdu ki, niyə bizdə də olmasın. İlk fantastik pulları hazırladım. O da Cümhuriyyətimizin 100 illiyinə təsadüf etdi. Məmməd Əmin Rəsulzadənin adı, şəkli, imzası olan fantastik pul hazırladım”.

Sonra özü demiş, çərçivə içərisindən köhnə “palazqulaq”lara bənzər pul çıxarır. Pulun rəngi tanış gəlmir. Alıb baxıram. Məmməd Əmin Rəsulzadənin şəkli üzərinə həkk olunub:

– Bunun üzərindəkilər nəyi ifadə edir?

– Üzərində o dövrdəki xəritəmiz, himnimizin notları, parlament üzvlərinin iclas zamanı fotosu yer alıb.

– Kimsə dəstək olub? (maraqla pulun arxa və ön hissəsinə baxıram)

– Maddi xərclərini özüm çəkmişəm. Üzərində də Azərbaycan Numizmatika Bankı qeyd olunub. Belə bir şey yoxdur ölkəmizdə Azərbaycan Kolleksiyaçılar Birliyi var. Başqa şəxslərin də adına pulları hazırlanıb. O haqda məlumat vermək istəmirəm.

Sağollaşarkən söhbətimizin ortasında işlətdiyi bir ifadəni yenidən təkrarlayır. Elə təkrarlayır ki, bizdə də kolleksiyaçılığa həvəs yaranır. Beş yüz manatlıq əskinası burnuna tutub pıçıldayır:

– Cümhuriyyət pulları başqadır, qardaş. Qəribə sehri və qoxusu var…

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00