A24 Xeber

Dəm qazından zəhərlənməyə İLKİN YARDIM: Təmiz hava, spirtli içki… – BAŞ TOKSİKOLOQDAN AÇIQLAMA

Dəm qazından zəhərlənməyə İLKİN YARDIM: Təmiz hava, spirtli içki… – BAŞ TOKSİKOLOQDAN AÇIQLAMA
1. 358
16 Mart 2017 - 12:40

Ötən gün Xırdalan şəhərində kirayə yaşayan 5 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib. Baş verən bu hadisə ölkədə ardı-arası kəsilməyən dəm qazından zəhərlənmə məsələsini yenidən gündəmə gətirir. Adətən bu tipli zəhərlənmələr yaşayın evinin hamamında, mətbəxində və ya keyfiyyətli olmayan qaz sobalarından qaz sızması zamanı müşahidə olunur.

Xırdalanda yaşanan bu hadisənin əvvəlcə qidadan baş verdiyi deyilsə də, sonradan yayılan rəsmi məlumatda yaşayış evində olan (ikisi tələbə olmaqla) 5 nəfərin dəm qazından zəhərlənərək öldüyü bildirilib.

Qida və dəm qazından zəhərlənmələri necə ayırd etməli? Dünyasını dəyişdikdən sonra şəxsin dəm qazından zəhərləndiyi necə müəyyən edilir?

Bu sualları A24.Az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov və tibb elmləri doktoru, professor Adil Qeybulla şərh ediblər.

Azər Maqsudov

Azər Maqsudov

Toksikoloq Azər Maqsudovun sözlərinə görə, ümumiyyətlə, dəm qazından zəhərlənib dünyasını dəyişən şəxsi ilk olaraq ekspertlər müəyyən edirlər:

“Orada həkim rəyinə ehtiyac qalmır”.

Xəstənin dəm qazından və ya qidadan zəhərləndiyi necə müəyyən edilir?

Baş toksikoloq bildirir ki, əvvəlcə, xəstənin qan və sidik analizləri toksikoloji laboratoriyaya göndərilir:

“Hadisə olduqda bütün bu məsələləri tibbi ekspert özü təşkil edir. Ekspertizadan keçdikdən sonra zəhərlənmə haqqında rəy verilir. Bu proses dəm qazında zəhərlənmədə də təkrar edilir”.

Dəm qazından zəhərlənmə zamanı ilkin yardım necə edilməlidir?

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, dəm qazından zəhərlənmənin bir az fərqli olduğunu dedi:

“Dəm qazı karbonmonoksid qazı olduğundan orda əsas tədbirlər ona yönəldilir ki, bu hadisə əsasən qapalı mühitdə əmələ gəldiyindən mütləq şəkildə zəhərlənən şəxs təmiz havaya çıxarılmalıdır. Əsas, huşu üstündədirsə, başı örtülməlidir ki, bədən hərarəti düşməsin. Və həmin şəxsə spirtli içki vermək lazımdır. Yox, əgər xəstənin huşu yerində deyilsə, orda vaxt məsələsi çox vacibdir. Ağız boşluğu selikdən təmizlənməlidir. Lazım olarsa, süni nəfəs verilməlidir. Və həkim nəzarətində tez bir vaxtda xəstəxanaya çatdırılmalıdır ki, mütəxəssislər xəstədə tibbi fəsad və ya hər hansı bir qalıq qalmamaq şərti ilə yardımı davam etdirsinlər”.

Tibb elmləri doktoru Adil Qeybulla A24.Az-a açıqlamasında, evində qızdırıcı soba olan hər kəsin detektor almalı olduğunu vurğulayıb:

Adil Qeybulla

Adil Qeybulla

Bu, böyük bir bədbəxt hadisədir. Heç nədən 5 nəfərin taleyinə son qoyuldu. Bu hadisə bir tərəfdən də məsuliyyətsizlikdir. Tələbələr, eləcə də evdə olan digər şəxslər gərək bir az ehtiyatlı, tədbirli olsunlar. Dəm qazına qarşı satışda detektorlar var. Soba, qaz olan evlərdə detektor mütləq və mütləq olmalıdır. Onların qiyməti elə də baha deyil. Onu ştepselə (elektrik cihazlarını (məsələn, lampanı, qızdırıcı cihazları və s.) elektrik xəttinə calamaq üçün haçaşəkilli metal alət) salırsan, qaz buraxan kimi və yaxud da evdə dəm qazının konsentrasiyası əmələ gələn kimi siqnal verməyə başlayır. Hətta yuxuda olan adam belə bu siqnalın səsinə ayılır”.

Dəm qazından zəhərlənmə

Dəm qazından zəhərlənmə haqqında danışan professor bunun iysiz bir qaz olduğunu bildirdi:

“Bu, iysiz bir qazdır, heç bir iy və ya başqa bir şey olmur. İysiz qaz olduğu üçün bədənə daxil olur, tershemoqlabinlə birləşib korboshemoqlobin əmələ gətirir. Bundan sonra oksigen bədənə daxil ola bilmir. Və nəticədə də insan huşunu itirir və ölür. Bu elə bir ölüm növüdür ki, bundan əvvəlcədən qorunmaq lazımdır. Yəni burda əvvəlcədən hanısa boğulma, ağrı və ya digər ağrıverici bir şey olmur. Dəm qazı bədənə daxil olduqda huşlarını itirib dünyalarını dəyişirlər. İstənilən soba olan yerdə dəm və ya adi qazın detektoru olmalıdır. Bununla bağlı bir növ əhali arasında maarifləndirmə işləri aparılmalıdır ki, dəm qazından zəhərlənmənin əlaməti yoxdur. Bu ancaq xəstənin huşsuz olması ilə nəticələnir”.

Qidadan zəhərlənmə:

Adil Qeybulla dəm qazından fəqli olaraq, qida zəhərlənməsinin xüsusi əlamətləri olduğuna diqqət çəkdi:

“Qida zəhərlənməsi konkret ürəkbulanma, qusma, tempuraturun yüksəlməsi, təzyiqin kəskin aşağı düşməsi və s. bu kimi hallarla müşahidə olunur. Bu zəhərlənmə halı halsızlıq və yuxarıda sadalanan hallarla nəzərə çarpır. Bu zəhərlənmə halını yenə ayırd etmək mümkündür ki, xəstədə bu kimi hallar varsa, biz onu müəyyən edə bilirik. Zəhərlənmə halı adətən bu hallarla nəzərə çarpır. Dünən rəhmətə gedən o 5 nəfər qida zəhərlənməsindən dünyasını dəyişə bilməzdi”.

Şəxs dünyasını dəyişdikdə, həkimlər onun dəm qazından vəfat etdiyini necə müəyyən edirlər?

Ekspert bunun əvvəlcə qanın analizi ilə müəyyən olunduğunu vurğulayıb:

“Yəni baxılır ki, dəm qazı (karbondioksidin) qanda nə qədər konsentrasiyası (Ayrı-ayrı komponentlərin qatılıq, sıxlıq dərəcəsi, nəyinsə bir yerə cəmlənməsi, mərkəzləşməsi) olub. Onun da öz reaktivləri var. O, qanda normada olmamalıdır. Əgər qanda hansı konsentrasiyada tapılıbsa, demək zəhərlənmə də o qədər dərindir”.

Orxan Aslanlı, A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00