A24 Xeber

Dilə həqarət edənlərə layiqli cavab gəldi! – “Yabançı dillərə yaltaqlanmağımız”

Dilə həqarət edənlərə layiqli cavab gəldi! – “Yabançı dillərə yaltaqlanmağımız”
95
26 İyun 2017 - 23:33

Dillə bağlı fikir dartışmalarına xeyli vaxtdı diqqət edirəm. Rusdilli kəsimlə anadillilər dalaşır, deyişir, ittihamlar səslənir və s.

Mən ruscadan tərcümələr etmişəm.

Tərcümə kitablarım öz kitablarımdan çox satılır nə yalan deyim. ( Biz axı xarici müəlliflərə üstünlük verənlərdənik).

Alan hər kəs tərcümənin mükəmməl olduğunu deyir.

Bu, mənim ruscanı dərindən hiss etməyimlə bağlı deyil, əsla.

Bu, ana dilimi iliyinə kimi duymağımla bağlıdı. Bu dilə yad planetin kitabını da ən üst səviyyədə çevirərəm. Öz dilimə olan bağlılığım başqa dilləri dərindən öyrənməyimə əngəl olub həmişə.

Bu yaxınlaradək özümlə uğraşırdım. Sonra dərin bir həqiqəti anladım və rahatladım. Xarici dildə mükəmməl danışmaqla ölçülmür insanın bəşəriliyi.

Bütün ərəb dünyası ingilis dilini bilir. Hansı ərəb ölkəsinə getsəz, ingiliscə danışdıqlarını görərsiz. Əfqanıstanda da əksəriyyət ingiliscə bilir.

Siyasətin, elmin, ədəbiyyatın, sənətin dili isə birdi. Tərcüməçilik ayrıca, ciddi sahədi. Bir türk qızının, oğlunun dünyada uğur qazanması ücün onun ingilis dilini bilməsi şərt deyil. Ölkəsində doğru qurulan sistemdi. İstənilən fizik, kimyaçı, pianoçu dünyada öz potensialı ilə tanına bilər. Bizim qorxumuz dillə bağlı deyil əslində. Sistemsizliklə bağlıdı, güvənsizlik, uğursuzluqla bağlıdı. Biz xarici dili uşaqlarımız üçün bataqlığa çevirdiyimiz bu vətəndən qurtuluş kimi görürük. Dil bilsə, özünə gün ağlayar düşünürük. Halbuki siyasi görüşmələrdə belə görüşdüyün ölkə liderinin dilini bilmək vacib deyil. Məsələn, Vladimir Putin heç bir görüşdə ruscadan başqa dildə danışmır. Eləcə də Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan. Siyasi görüşlərini bəyənib bəyənməməyi kənara qoyaq. Ünsiyyətdə öz dillərində danışmaq onlara mesajlarını müttəfiqlərinə və rəqiblərinə – dünyaya çatdırmağa əngəl olmur.

 

“Xarici dildə mükəmməl danışmaqla ölçülmür insanın bəşəriliyi. Bütün ərəb dünyası ingilis dilini bilir. Hansı ərəb ölkəsinə getsəz, ingiliscə danışdıqlarını görərsiz. Əfqanıstanda da əksəriyyət ingiliscə bilir”

 

Ədəbiyyat da eləcə. Dünya insanı (böyük çoxluq) Markesi ispanca, Dostoyevskini rusca oxumur, öz dillərinə çevrilmiş tərcümədə oxuyur. Yapon yazarı Kobo Abe Dostoyevskini müəllimlərindən biri sayır. Qonşuluq, areal böyüklüyü səbəb olsaydı, böyründəki Çindən təsirlənərdi. Ancaq Rusiyadan təsirlənib.

İnsan Tanrıyla da öz dilində danışsın gərək. Bütün türk dünyası Tanrıyla yabancı dildə – ərəbcədə danışır. Bizdən başqa bunu edən yoxdu.

Dünyaya çıxmaq istəyirsən, tərcümə məktəbini gücləndir. Elmi laboratoriyaların, ədəbiyyatın, incəsənətin inkişafı üçün şərait yarat. İnsanın icadlar edib çıxsın dünyaya. Mendeleyevin cədvəli bütün dillərdə mendeleyin cədvəlidi, Nyutonun qanunları hamı üçün qanundu. Piano hər yerdə pianodu. Ədəbiyyat da belədi. Çevirmənlik sənəti ilə çatdırılır dünyaya. Əsas professionalların yetişməsi üçün şəraitin olmasıdı.

Son illər Azərbaycanda ingilis dillilər xeyli artıb. Nə olsun? Dünyaya bir alim çıxarmayandan sonra Əfqanıstandan, Somalidən nə fərqin? Elm dünyanın hər yerində elmdi.

Uşaqlarımızın hansı dildə oxumasına gəldikdə, bunun elə də böyük önəmi yoxdu. Bütün məktəbləri ingiliscə et, əgər Alışanov yenə AzTV-nin sədri olacaqsa, nə mənası qalır bunun?!

Televiziyalar yenə ən aşağı səviyyəli mətləbləri ekrana daşıyacaqsa, kitab evləri bağlanacaqsa, öyrənim təbliğ edilməyəcəksə, bölgələrdə ərlər arvadları öldürəcəksə, qızlar yetkin yaşa çatmadan ərə veriləcəksə, ölkənin məhkəmə sistemi ədalət anlayışından xəbərsiz olmaqda davam edəcəksə, gənc alimlərin üçün heç bir imkan yaradılmayacaqsa və sair və ilaxır – boş şeydi.

Ölkə özü güclü olsun gərək.

Fransada qızımla bir uşaq kafesinə girdik. Qızım aldığımız oyuncaqları masaya töküb oynamağa başladı. Gec idi və kafe bağlanmaq üzrəydi. İşçilər toparlanmalı olduğumuzu dedilər. Yan masada bir fransız qadın öz dilində bizə baxıb deyindi. Dilini bilmirdim. İngiliscə ona “sizi anlamıram” dedim. Qadın dayanmırdı. Öz dilində bizi danladığını üzündəki aqressiv ifadədən anlayırdım. Dilini bilmədiyimizi görüb bir az da coşdu. Axırda ona öz türkcəmdə “mən sizi anlamıram “ dedim.

Duruxdu… Sözünü kəsib üzümə mat-mat baxdı və susdu.

O, əslində “dilimi bilmirsiz” altmesajı ilə bizi aşağılamağa çalışırdı. Mən də ona bilmədiyi dildə cavab verəndə hesab bərabərləşdi. O da mənim dilimi bilmədiyi üçün mumladı. Bütünlükdə Parisdə diqqətimi çəkən fakt bu idi. Fransızlar oteldə belə səhər yeməyi zamanı sizə nəzakətlə gülümsünür, öz dillərində sizi tərif edir, dediklərini anlayıb-anlamadığınızı önəmsəmədən cümlələrini gülümsəməylə tamamlayıb, çıxıb gedirdilər. Ağıllarına da gəlmir ki, gücənib-gücənib dediklərini sizə izah etməlidilər.

 

“Almaniyada təhsil xarici tələbələr üçün demək olar pulsuzdu. Simvolik məbləğlə orda oxuya bilərsən. Bir şərtlə: Alman dilini bilməlisən. Alman dilli ölkələrin hamısında belədi. Açıq mesaj verirlər: “Bu ölkədə yaxşı təhsil almaq, sonra da yüksək maaşlı işlə təmin olunmaq istəyirsənsə, mənim dilimi öyrənəcəksən”

 

Xalqlar dillərini belə yayırlar. Bəlkə də bunu özəl bir proqramla etmirlər, belə alınır. Hər yerdə öz dillərində danışırlar, bitdi.

Almaniyada təhsil xarici tələbələr üçün demək olar pulsuzdu. Simvolik məbləğlə orda oxuya bilərsən. Bir şərtlə: Alman dilini bilməlisən. Alman dilli ölkələrin hamısında belədi. Açıq mesaj verirlər: “Bu ölkədə yaxşı təhsil almaq, sonra da yüksək maaşlı işlə təmin olunmaq istəyirsənsə, mənim dilimi öyrənəcəksən”.

Ölkələri ayaqda tutan, inkişaf etdirən, millətləri sayılan edən aparıcı faktor dillərinə olan hörmətdi.

Ruslar Türkiyənin kurort şəhərlərində öz dillərində danışırlar. Türk qarsonlar, otel sahibləri məcbur olub, onlara öz dillərində – rusca qarşılıq verirlər.

Məktəb yaşı çatanda qızımı birmənalı olaraq Azərbaycan bölməsinə qoyacağımı düşünürdüm. Hazırlığı da öz dilimizdə keçirdi. Evdə rusca danışmırıq. Ancaq uşaq cizgi filmlərinə, verilişlərə, filmlərə baxıb öz-özünə rusca öyrəndi.

Dünyanın ən maraqlı uşaq serialları ruscaya çevrilib. Rus dilində maraqlı uşaq telekanalları var. Youtube kanalında rusların ailə proqramları yer alıb. Rus dili qızımın həyatına özü girdi. Mənə görə yeriyən dillər var. Onlar gəzə-gəzə insanların həyatına girir. Özləri ilə bu dildə yaranan mədəniyyəti də aparırlar.

Düzünə qalsa, bir türk cocuğunun rusca təhsil almasını heç vaxt anlamamışam. Ancaq dil özü gəldi və qızımı ələ aldı. Ona görə də rus bölməsinə qoydum. Bunu imperiya faktı ilə bağlamıram. Çünki 6 əsr imperiya olan Osmanlının dilində danışan bircə yabançı ölkə yoxdu. Bunun tək səbəbi mədəniyyətdi. Türk altı yüz il dünyada ərəb mədəniyyətini təbliğ edib. Özündən nə qoya bilərdi ki?

 

“Mən dünyada fransız dilində pis danışan fransıza, almancanı bilməyən almana, rus dilini bilməyən rusa rast gəlməmişəm. Amma azərbaycan-türk dilini bilməyən azərbaycanlıya rast gəlmişəm. Bilməsi bir yana, bununla öyünməsini az görməmişəm”

 

Bütün Latın Amerikası ispanca danışır. Avropa mədəniyyəti birbaşa təsir edib onlara. Hindistanda ingiliscə doğma dillə paralel yaşayır. Bütün postsovet ölkələrində rus mədəniyyəti yaşamağa davam edir və s.

Bir gün belə bir hadisə baş verdi.

Qızımla dərs edirdik, riyaziyyatı, ingilis dilini təkrarladıq. Özümdən asılı olmadan “bəs ana dilindən nə verib” soruşdum. Qızım şaşqınlıqla baxdı. Ops! Sözün düzü, dəhşət sarsıldım. Dil fənni ruscadı. Bu isə onun ana dili deyil.

Amma bir həqiqət üzə çıxdı. Əgər qızımın bu ölkədən getməsini bütün qəlbimlə arzulayıramsa, onun xoşbəxtliyini sivil, ədalətli, perspektivli ölkələrdə görürəmsə, nə önəmi öz dilini biləcək, ya yox? Zülmlə övlad oxudub təhsilinə layiq iş tapa bilirikmi? Xaricdə oxuyub yüksək biliklə vətənə dönən gənclərimiz burda nə işlə məşğul olurlar? İş tapanların maaşı yaşamalarına yetirmi?

Bacım, qardaşım, hamımız ölkəmizi qoyub getməyə hazır deyilikmi?

Mən dünyada fransız dilində pis danışan fransıza, almancanı bilməyən almana, rus dilini bilməyən rusa rast gəlməmişəm. Amma azərbaycan-türk dilini bilməyən azərbaycanlıya rast gəlmişəm. Bilməsi bir yana, bununla öyünməsini az görməmişəm.

Mənim qızımın başqa dildə təhsil almasının ziyanı yoxdu. Evdə mükəmməl azərbaycanca var və o, öz dilini həmişə gözəl biləcək.

Evində bu dildə bircə kəlmə işlətməyən azərbaycanlı uşaqlar necə olacaq? Qızımı uşaqlar üçün film məktəbinə aparırdım. Bir gün onunla yaşıd qızcığaz gəlib yanımda dayandı, altdan yuxarı üzümə baxıb müdrik ifadəylə rus dilində dedi:

“Mənim adım Günaydı. Bu, azərbaycanlı adıdı. Atam və anam azərbaycanlıdı. Ancaq mən azərbaycan dilini bilmirəm. Sizcə bu necə ola bilər?”. Uşaq zəki idi. Görünür, biz qızımla ana dilində danışanda nəsə demək istəyib deyə bilməyib və səbəbi özü üçün aydınlaşdırmağa çalışıb.

Azərbaycan bölmələri yaman gündədi deyirsiz. Olsun. Nə gizlədim, həm də bunu düşünüb, qızımı rus bölməsinə qoydum.

Məsələ ondadı ki sovet dönəmində mədəniyyət ölkəyə rusca gəlib gedirdi, dünyavi elmi və bədii kitablar rusca çap olunurdu deyə rus dilini bilən müəllimlər daha dünyagörüşlü, bilgili olurdular. Beləcə adət halını aldı. Biz istəsək öz dilimizdə bu xalqı yüksəldə bilmərik?

Dəfələrlə hökumətə mesaj göndərmişik ki, imkan verin, ölkəni bölgə-bölgə gəzib maarifçilik işləri aparaq, televiziyaları öhdəmizə buraxın, görün nələr edirik. Bir ilə (uzağı) bu ölkədə çox şeyi dəyişmək olar. Bu cəmiyyətdə mədəni səviyyəni xeyli yüksəltmək olar.

Azərbaycanda rusdilli nazirlər var, on illərdi yüksək rütbələr tuturlar “həyat” sözünə “həyət “, ləğv” yerinə “ləhv”, “vətənpərvər” yerinə “fətənpər”, “qəlb”ə “gəlb”, “hal-hazırdaya” “xal-xazırda” deyirlər. Bu ölkədə yüksək postlar tutan adamlar insanların qarşısına öz dilində səlis, aydın nitqlə çıxmağa borcludu.

Bilirsiniz, sizə yenə vətən, millət, o taylı, bu taylı Azərbaycan haqda danışa bilərdim. İstəmirəm. Zorla olmur bu işlər. İçinizdən gəlmirsə, özünüzü məcbur etməklə də olmayacaq. Hansı dildə oxuyursan, nə edirsən, et, öz dilini bütün dillərdən yaxşı bilmək təbiət hadisəsidi. Danışanda bu dili it gününə qoymayın.

 

“Bir oyuncaq dükanına girdim. Satıcı qız məni rusca salamladı. Öz dilimdə cavab verdim. Qız israrla rusca danışmağa davam etdi. Ona rus qadını olmadığımı dedim; bənzəmirəm də heç. Dərhal “mən də azərbaycanlıyam” söylədi”

 

Sözsüz ki, hansısa donuz sifət, hırla-zırı qanmayan Azərbaycan dilli məmur da bizə lazım deyil.

Kobud alına bilər, amma qarnını qabağa verib vətəndaşla yekə-yekə danışan o tip məmurlar da üzqarasıdı.

Bir oyuncaq dükanına girdim. Satıcı qız məni rusca salamladı. Öz dilimdə cavab verdim. Qız israrla rusca danışmağa davam etdi.

Məsələn, “sizdə filan oyuncaq var” soruşuram, rus dilində cavab verir. Ona rus qadını olmadığımı dedim; bənzəmirəm də heç. Dərhal “mən də azərbaycanlıyam” söylədi. Bilirsiz, məsələ rus qadını olub-olmamaqda deyil. Bəlkə də mən rus qadını olmaq istərdim, mövzu ayrıdı.

Mövzu odu ki, özümüzü pis aparırıq. Dillərə belə yaltaqlanırıq.
Ehtiyac yoxdu. Bunca yaltaqlığa ehtiyac yoxdu.

Yaxınlarda İstanbuldan bir azərbaycanlı qadın bizdən kömək istədi. Sayta qadının durumu haqda yazdıq. Minlərlə oxucu arasından üçcə nəfər maraqlandı. Düşmən lobbisini qınayırıq ki, Fransa parlamentinə kimi ələ alıb. Nə etməlidi? Bizim kimi aparmalıdı özünü? Dünyanın bütün ölkələrində azərbaycanlı diasporlar, səfirliklər zəif işləyir. Diaspor təşkilatları az qala hamısı bir-biri ilə düşməndi. Nə edirlər Azərbaycan üçün?

Qələm dostum Vahid Qazinin “Solovyov, Petruşka və acı Qarabağ həqiqəti” yazısını oxumanızı şiddətlə istəyirəm.

Məzmun qısaca belədi: Çexiyanın tanınan jurnalisti Azərbaycana gəlib Qarabağ haqda film hazırlayır. Burdakı jurnalistlərlə dostlaşır, Azərbaycan həqiqətlərini öyrənib, gedir.

Uzun illər bizdən onunla kimsə əlaqə saxlamır. Sonra Praqada bir şirniyyat evinin rəhbəri olan erməni “Holokost və başqa soyqırımlar” adlı kitabın tərcüməsini Petruşkaya sifariş verir. Təqdimatını yüksək səviyyədə keçirirlər. Onu ədəb-ərkanla Qarabağa dəvət edirlər. Bəşəri qonaq kimi qarşılayırlar. Petruşka illər sonra Vahid bəylə görüşündə deyir: “Ora bir dövlət qurumu kimi diasporun hesabına yaşayır. Erməni diasporu güclüdü, varlıdı, milli məsələdə çox fəaldı… Oranı geri almaq sizə asan olmayacaq”.

Biz Azərbaycan üçün nəsə etmək istəyəndə hökumətdən, diaspora qurumlarından bir adam tapa bilmirik, dərdimizi deyək.

Məsələ dildə deyil, deyə bilirəm?

Özünə hörmətdədi. Dilinə, ölkənə, imicinə, milli kimliyinə. Qalanı itkidi. Böyük itki!

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00