A24 Xeber

“Dollar bahalaşacaq, ərzaq məhsullarının qiyməti artacaq” – EKSPERTDƏN BAHALAŞMA ANONSU

“Dollar bahalaşacaq, ərzaq məhsullarının qiyməti artacaq” – EKSPERTDƏN BAHALAŞMA ANONSU
1. 785
15 Mart 2017 - 11:48

Dövlət Statistika Komitəsi ötən gün 2016-2017-ci illər ərzində istehlak məhsullarının və xidmətlərin qiymətlərini açıqlayıb.

Dövlət Statistika Komitəsi

Dövlət Statistika Komitəsi

A24.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb. Cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,0 faiz bahalaşıb.

Komitənin yaydığı məlumatda həmçinin qeyd olunub ki, ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində bahalaşma, yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin bax: Bayramqabağı ölkədə bu məshulların qiymətləri qalxdı – SİYAHI

Yuxarıda sadalanan, yəni əhalinin ən çox istifadə etdiyi məhsulların qiymətində bahalaşma olduğunu bildirən Dövlət Statistika Komitəsi bunlardan başqa digər ərzaq məhsulları dedikdə nəyi nəzərdə tutur? Ötən illə müqayisədə ərzaq məhsullarının qiymətinin cəmi 15.6% bahalaşdığı deyilir. Bu rəqəm nə dərəcə də doğrudur?

Dolların 2017-ci ilin 3 ayı ərzində manatda nisbətdə olan məzənnələrinə baxın!

Statistikadan da göründüyü kimi, dolların manata nisbətdə məzənnəsi son vaxtlar ucuzlaşır. Dolların manata nisbətdə ucuzlaşmasına baxmayaraq, bu niyə öz təsirinin ərzaq məhsulların qiymətində də göstərmir?

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, Statistika Komitəsi həmişə çalışır ki, bu rəqəmləri aşağı göstərsin:

Natiq Cəfərli

Natiq Cəfərli

“Statistika Komitəsinin yaydığı məlumatlar rəsmi qaydada hesablanır. Azərbaycanda digər ölkələrdə olduğu kimi alternaitv mənbələr olmadığına görə, çox təəssüf ki, müqayisə aparmaq mümkün deyil. Ancaq Statistika Komitəsi belə araşdırmalar aparır və onların açıqladığı rəqəmlər çox zaman real rəqəmlərlə üst-üstə düşmür. Statistika Komitəsi həmişə hesablama apararkən bazarda olan ən aşağı qiymətləri götürməyə çalışır. Ən aşağı qiymətlərlə hesablama aparır ki, bu da doğru yanaşma deyil. Çünki hər hansı bir ərzaq məhsulunu, o cümlədən ət məhsullarını götürsək, regionda olan qiymətlərlə Bakı şəhərində olan qiymətlərdə fərq olur. O, Statistika Komitəsinin özünün hesablama qaydasıdır ki, çox zaman ən ucuz qiymətlərlə belə hesablama aparmağa üstünlük verirlər. Ərzaq məhsulları zənbilinə Azərbaycanda digər ölkələrlə müqayisədə çox az məhsul daxil edilir. Misal üçün, Avropa ölkələrində, Türkiyənin özündə belə 500-dən çox ərzaq məhsulu bu siyahıya daxil edilir. Azərbaycanda bunun sayı da kifayət qədər aşağıdır. İstehlak zənbilinə daxil olan məhsulların çeşidi az olduğundan digər sahələrdə bahalaşma olması onlara ciddi təsir göstərmir. İnkişaf etmiş ölkələrdə infilyasiya hesablanarkən 500- 600 yaxın məhsulların qiymətləri hesablanır. Ancaq Azərbaycanda bu rəqəm azı 2 dəfə aşağıdır”.

İqtisadçı əlavə edib ki, Azərbaycanın idxaldan asılılığı kifayət qədər yüksək səviyyədədir:

“Hətta yerli istehsal məhsullarının bir çoxu xammalı xaricdən gətirir. Müqavilələr öncədən bağlanır, ödənişlər əvvəlcədən edilir. İndi bazarda olan məhsulların bir çoxunun ödənişləri təqribən yanvar ayının sonu, fevral ayının əvvəllərində həyata keçirilib deyə (o zaman məzənnə 1.92-yə qədər qalxmışdı) bu gün bazarda olan məhsullar dolların məzənnəsinin aşağı düşməsinə reaksiya verə bilmir. Əgər bu prorses dayanıqlı və uzunmüddətli olsa (necə ki, biz bunu Rusiyada gördük. Rubl 6 ay sabitləşəndən sonra qiymətlərə təsir etməyə başladı), bu proses azı 3-4 ay vaxt lazımdır ki, qiymətlərə təsirini hiss edək. Amma görünən odur ki, hələlik Azərbaycanda məzənnənin aşağı çəkilməsinin ancaq inzibati qaydada verilmiş qərarla bağlı olduğu önə çıxır. Digər iqtisadi sahələrdə də ciddi irəliləyiş yoxdur ki, manatın möhkəmlənməsinə təsir göstərsin. Hətta Azərbaycanda neft hasilatı ilin ilk 2 ayında təqribən 8%-ə yaxın aşağı düşüb. Sənaye istehsalı 4%-ə qədər azalıb. ÜDM-də ciddi azalma müşahidə olunur. Yəni bütün sahələrdə azalma var. Bu sahələrdə olan azalmalar manahtın möhkəmlənməsinə xidmət etməyən azalmalardır. Amma biz bu prosesin əksini görürük. Bu da inzibati qaydada tənzimlənən məzənnə rejiminin davamı olduğunu göstərir. Dünyada gedən proseslər də göstərir ki, manatı uzun müddət qoruyub saxlaya bilməyəcəklər. Çünki həm dünyada dolların bahalaşması sürətlənir, həm də bu gün FED keçirdiyi iclasda öz qərarını açıqlayacaq. Çox güman ki, uçot dərəcəsi artacaq. Bu da dolların bütün dünyada bahalaşması ilə nəticələnəcək ki, Azərbaycana da öz təsirini göstərəcək. Son 1 həftədədir ki, neftin qiymətində də 12%-ə qədər ucuzlaşma müşahidə olunur. Neftin qiymətinin ucuzlaşması Azərbaycanın gəlirlərinə mənfi təsir göstərir”.

N.Cəfərli sonda bildirib ki, bayramlardan öncə tələbat artdığına görə ölkədə qiymətlərin də yüksəlməsini görürük:

“Təəssüf ki, bu qiymət artımı bayramdan sonra da davam edir. Yəni bayramdan əvvəl ucuz satılan məhsullar bayrama görə bahalaşdırılırsa, bayramdan sonra da elə o baha qiymətə, çox vaxt daha yüksək qiymətə satılır. Yerli məhsul çıxana, mayın sonu, iyunun əvvəlinə qədər idxaldan asılılıq daha yüksək səviyyədə olacaq. Ona görə də qiymətlərin yay aylarına qədər ucuzlaşması ehtimalı çox aşağıdır. Bütün bu sadalanan hallar Statistika Komitəsinin məlumatları ilə real qiymətlər arasında fərq yarandığını açıq şəkildə ortaya qoyur”.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00