A24 Xeber

Dövlət qəzeti restoranlarımızı yıxıb-sürüdü – Leş ətdən yazdı

Dövlət qəzeti restoranlarımızı yıxıb-sürüdü – Leş ətdən yazdı
59
23 İyun 2017 - 17:43
Milli Məclisin rəsmi mətbu orqanı, dövlət qəzeti olan “Azərbaycan”da maraqlı məqalə dərc olunub. 
 A24.Az azxeber.com-a istinadən xəbər verir ki, “Qurman” turistlərə Azərbaycan mətbəxini niyə sevdirə bilmirik” başlıqlıa yazıda gürcü mətbəxi və restoranları təqdir edilib, Bakıda və bölgələrdəki kafe-restorr tənqid atəşinə tutulub.
Sitat: “Biz birbaşa əlin duzuna bağlı olan bu dad-tamı ictimai iaşə obyektlərində – yeməkxanalarda, kafelərdə, restoranlarda hiss edirikmi? Çətin ki, bu suala müsbət cavab verənlərin sayı çox olsun. Səbəbi məlumdur – bizim sahibkarların (Azərbaycanda bu sahə tamamilə özəl sektora aiddir) əksəriyyəti ictimai iaşəyə yalnız asan, tez və yüksək gəlir verən fəaliyyət sahəsi kimi baxır və həmin əcaib arzusuna çatmaq üçün də ağıla gələn-gəlməyən bütün vasitələrdən istifadə edir”.
Məqalədə qeyd olunub ki, müxtəlif rayonlarda aşkarlanan mənşəyi məlum olmayan leşlərin son ünvanının həm də ictimai iaşə obyektləri olması faktdır: “Biz hələ belə obyektlər üçün olunan digər bazarlıq məhsullarının keyfiyyətsizliyi, onların mətbəxlərindəki antisanitariya, aşpazlarının və xidmət personallarının heç bir çərçivəyə sığmayan natəmizliyi və s. barədə susuruq.
Susduğumuz həm də bir sıra böyük və tanınmış restoranlar qarışıq kiçik kafelərdəki xidmət personalının əksəriyyətinin peşəkarlıqdan uzaq günəmuzd çalışan ixtisassız işçilər olmasıdır. Bu baxımdan əgər ictimai iaşə sahəsində sadaladığımız və neçə-neçə sadalamadığımız neqativ hallar varsa, yəni, halallıq yoxdursa, o, necə bu xalqın zəngin və ləziz mətbəxinin daşıyıcısı olar?!”.
Müəllif Gürcüstana səfər etmiş tanışından misal gətirərək bunları yazıb: “Tanışım Tbilisinin kiçik, lakin koloritli kafelərində aldığı ləzzəti Bakının ən bahalı restoranlarında ala bilmir. Gürcülərin kafe və restoranlarında interyerin tərtibatından başlamış təklif olunan yeməklərəcən millidir. Hamısı da yüksək keyfiyyətdə və başlıcası isə münasib qiymətə.
Onlar bizdəki kimi 1 kiloqram ətin qiymətinə 3 tikə sümüklü kabab, 100-150 qramlıq kiçik bir qabın az qala, dibində şorba, çəngəllə belə götürmək mümkün olmayan tərəvəz salatı, kağız kimi doğranmış pendir və s. vermirlər. Nəyi sifariş edirsənsə, hamısını bol gətirirlər. Hesabı da əvvəldən özün menyü kitabçasına baxıb öyrənə bilərsən, 1 lari o yan-bu yan ola bilməz” – deyə tanışımız bildirir.
İndi gəl, belə vəziyyətdə çıx dünyanın hər qitəsini gəzib-görmüş əcnəbi, özü də “qurman” turistlərin qarşısına. Onlara milli mətbəximizdən nə təklif edəcəyik? Dolma? İçində ətdən (o da bilinmir necə ətdən) çox həcmdə olan “əlavə”lərləmi? Dovğa? Bizim iaşə obyektlərində verilən dovğanın (əgər belə demək mümkünsə) içindəki göyərtiləri barmaqla saymaq mümkündür. Plov?
Həmkarlarımızdan birinin başına gəlmiş əhvalatdır. Deyir ki, Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkət əsasən əcnəbilərdən ibarət olan öz işçiləri ilə birlikdə bizim jurnalistləri də İçərişəhərdəki məşhur restoranlardan birinə plov qonaqlığına dəvət etmişdi. Restoranda onlara elə plov verilib ki, hətta mətbəxin yolunu tanımayan sıravi azərbaycanlı xanım bundan yaxşısını bişirərdi.
Bir sözlə, plov yox, düyü hədiyyə olub. Bütün bunlardan da sonra deyirik ki, kimlərsə bizim hansısa yeməyimizi oğurlayıb, yaxud adını dəyişib özününkü kimi təqdim edir və s. Başdan ayağa yersiz gileylərdir. Əgər biz nəyi isə keyfiyyətlə təqdim edə bilmiriksə, onu başqasının edib öz adına çıxacağı təbii və qaçılmazdır”.
A24.Az
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00