Azərbaycanın yeganə “Kolxoz”u, məşhur rus evləri və malakanlar... - İvanovkadan REPORTAJ

Azərbaycanın yeganə “Kolxoz”u, məşhur rus evləri və malakanlar… – İvanovkadan REPORTAJ
Want create site? Find Free WordPress Themes and plugins.

Əgər Yeni illə bağlı səyahət planları qurursansa, qərarın çox vaxt bayramın təntənəli qeyd edildiyi, ingilislərin təbərincə desək, “christmas market”lərin quraşdırıldığı, bəzəkli yolkaların işıq saçdığı Avropa şəhərlərindən olur.

Bəlkə də çox az adam bayram günlərini dizə qədər palçığa batdığı kəndlərin birində qarşılamaq istəyər. Lakin bunun da öz yeri var deyib, bayram günlərini Azərbaycan kəndlərindən birində qarşılamağa yollandıq. Özü də “kənd” adının bütün özəlliyini özündə əks etdirən bir yerdə, İsmayıllının İvanovkasında…

Dünyada Yeni ili möhtəşəm qarşılayan millətlərdən birinin də ruslar olduğunu bilirsiniz. Lakin əziyyət və xərc çəkib Moskvaya, Peterburqa getməyə gərək yoxdur. Əhalisinin böyük hissəsini ruslar təşkil edən İvanovkada elə bil Rusiyadasan. Özü də SSRİ dövründə….

Azərbaycanda əksər rus kəndlərindən fərqli olaraq buranı doğrudan da ruslar əhatəyə alıb. Öz ənənəvi evlərini tikiblər, kəndin girişinə böyük hərflərlə rusca “İvanovka” yazmaqla bu yerlərə sözün əsl mənasında sahibləniblər. Amma kənddə azərbaycanlılar, ukraynalılar, tat və yəhudilər də az deyil. Kənddə ünsiyyət zamanı daha çox rus dili üstünlük təşkil edir. Turistlərə qarşı da olduqca mehribandırlar. Kimliyindən asılı olmayaraq hər kəsin üzünə gülür, bayram münasibəti ilə təbrik edirlər.

İvanovka rayon mərkəzindən 12-14 km-lik məsafədə yerləşir. Avtomobillə bura gəlib çıxmaq 10-15 dəqiqənizi alır. Kəndin əsası 1847-ci ildə Qafqaza köçürülən ruslar (malakanlar) tərəfindən qoyulub. İvanovka adı isə kəndin yaradıcısı olan İvan Perşinin şərəfinə belə qoyulub.

Dünyada yeganə “Kolxoz” İvanovkadadır…

 Sovet dövründə əhali daha çox  “Kolxoz”da çalışır, buradan əldə etdiyi gəlirlə dolanırdı. 90-cı illərin ortalarında isə rejim ləğv edildi. İvanovkada isə əksinə “Kolxoz” rejimi hələ də qalır. Dünyada sovet dövründən qalma yeganə “Kolxoz” İvanovkadadır desək, yanılmarıq. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır.

O, kolxoza nə az nə çox, düz 41 il rəhbərlik edib. Bundan başqa, kənddə Kirəmit zavodu da var. Buna baxmayaraq, kənd əhalisi daha çox “Kalxoz”dan aldığı maaşa baxır. Deyirlər ki, bu, onların dolanışığını tam təmin etmir. Yayda və qışda evlərini gələn turistlərə kirayə verir və ya kənd təsərüfatından əldə etdikləri gəlirlər hesabına ayı yola verirlər.

           “Kolxoz” əməkdaşlarını daşıyan servis maşını

“Новый мёд и сыр продаётся”

 İvanovka əhalisi aylıq dolanışığını həm də pendir, bal, xama istehsal etməklə təmin edir. Bundan başqa, özləri bağladıqları turşu və meyvə şirələrini də (kompot – red.) satışa çıxarırlar. Dediklərinə görə, alış da pis deyil. Hər halda onları çətin vəziyyətdən çıxara bilir. Kənddə çaxır istehsalı da geniş yayılıb. 

 Üçküc bacalar, alçaq hasarlar, İvanovkada məşhur rus evləri…

 İvanovkaya gözəllik verən həm də məşhur rus evləridir. Həvəslə izlədiyimiz sovet çizgi filmlərindəki və ya nağıllardakı evlər elə bil sehirli xalatla bu dövürə gəlib çıxıb.

Ənənə dəyişməyib. Mütləq evlərin üçkünc bacası olmalı, taxta və ya kərpicdən hazırlanmalı, alçaq hasarı olmalıdır.

Kənddəki yeni evlər də rus ənənəsinə uyğun inşa edilir. İvanovkaya gün boyu Acınohur ön dağlığından duman gəlir. Kənddə demək olar ki, göz-gözü görmür. Buna baxmayaraq, duman kəndə xüsusi gözəllik verir.

Hələ də kəşf edilməyi gözləyən Aşıqbayramlı gölü…

 İvanovka kəndinin yaxınlığında Azərbaycanın gizli bir cənnəti var. Kəndə çox yaxın olduğu üçün elə buranın ərazisi kimi dəyərləndirilir. Gizli cənnətin adı Aşıqbayramlıdır.

 

Su anbarı olsa da, insanlar israrla buranı göl adlandırır. Nədənsə daha çox buranı göl kimi yaddaşlara həkk ediblər. Göl Dəvəbatan çayının yatağında yerləşir və usac, farel, xramilya, karac, sazan, karp balıqları yetişdirilir. Gölün ətrafında turizm infrastrukturu qurmaq üçün əla şərait var. Lakin hələ də kəşf edilməyi gözləyir.

 

         Göl ətrafında kənd evi

Qeyd: İvanovkada təkcə kənd əhalisinin kirayə üçün təklif etdiyi evlərdə yox, həm də qonaq evlərində gecələyə bilərsiniz. Gecəsi 40-50 manat arasında dəyişir.

İvanovkada qonaq evi

O ki qaldı, qidalanma dərdinə, kənddə az sayda kafe var. Lakin Aşıqbayramlı gölü ətrafında dadlı balıq təklif edən məkanlar var. Məkanlarda balıq yemək sizi adambaşına 4,50 AZN xərcə salacaq. Bu da şəhərdəki restoran və kafelərdən xeyli yaxşı qiymətədir.

      İvanovkada avtobus dayanacağı

 

 

   İvanovkada bazar

Reportyor : Nərmin Kərim

Fotolar : İlham Alıyev 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Reportaj, Foto xəbər, Layihələr
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar