A24 Xeber

Əli Həsənov mediamıza xarici təsirlərdən danışdı

Əli Həsənov mediamıza xarici təsirlərdən danışdı
31
30 Yanvar 2018 - 15:22

Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb.

A24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Ə.Həsənov qeyd edib: “Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Məgər öz ölkənin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir ki, milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki, iflasa uğrayan illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə xərcləyərək, başqa ölkələrin media nümayəndələrini təsir altına salmaqla onları xalqın milli maraqlarına qarşı istifadə etməyə çalışanların siyasətidir:

“Həmin “qrant mediası”nın dırnaqarası “dəyərli” nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq “Non TAP”, yəni Azərbaycanın strateji maraqlarına qarşı aksiya keçirmək istəyirlər. Budur xarici qrant siyasətini həyata keçirmək istəyənlərin formalaşdırmağa çalışdığı jurnalistika. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil”.

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub: “Azərbaycanda media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər ki, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin məsuliyyətini, öhdəliyini, yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai quruma – medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurasına verdi. Bu gün Azərbaycan dövləti jurnalistlərə yardım edir. Dövlət jurnalistlərin bəlkə də çox çətinliklə, yaxud heç vaxt ala bilməyəcəyi mənzili tikib onlara verir. Siz bu mənzili ala da bilərsiniz, almaya da. Bunu hansısa dairələr Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir”.

O əlavə edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ümummilli lider Heydər Əliyevin media siyasətini davam etdirib:

“2004-cü ildən bu günə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi media siyasətindən, dövlət başçısının jurnalistlərə diqqət və qayğısından kim öz media müstəqilliyini itirib? Belə hal yoxdur. Cənab Prezident bu günlərdə Davosda çıxışı zamanı da bildirdi: kim hesab edirsə ki, Azərbaycanda söz, mətbuat, siyasi fəaliyyət azadlığı, digər vətəndaş hüquqları, ictimai normalar pozulur, buyursun, biz onlarla açıq dialoqa hazırıq. Belə iddiaların heç bir əsası yoxdur. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bir konseptual platforma üzərində quruldu. Fondun kimə və nəyə yardım göstərdiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Belə gizli qrantların və dövlətin şəffaf yardımının fərqini hamı yaxşı bilir, əlavə izah verməyə ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya, media, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”.(trend)

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00