A24 Xeber

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Paşinyanla bağlı bəyanat yaydı

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Paşinyanla bağlı bəyanat yaydı
42
11 İyun 2018 - 9:41

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Ermənistanın baş naziri Nikol Paşinyanın həmin ölkənin Milli Məclisində çıxışı ilə əlaqədar bəyanat yayıb.

Platformadan A24.Az-a verilən bəyanatda deyilir:

“İyunun 7-də Ermənistan Milli Məclisində hökumətin proqramını təqdim edərkən, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanda potensialın olmasına şübhə etdiyini bildirib.

Xalqlarımız arasında ədalətli sülh və barışığın davamlı təmin olunması və dəstəklənməsi məqsədilə 2016-ci ildə Azərbaycan və erməni xalqlarının nümayəndələrinin təşəbbüsü ilə yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, təəssüflə qeyd edir ki, cənab baş nazirin bu sözləri xalqlarımız arasında düşmənçiliyin alovlanmasına səbəb ola və sülhməramlı potensialın inkişafına maneələr yarada bilər. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması fəaliyyəti dövründə münaqişə nəticəsində Azərbaycanı tərk etmiş onlarca erməni millətindən olan şəxslərə doğma və əziz yerlərini ziyarət etmək, qohumları və dostları ilə görüşmək imkanlarını yaradıb və yaratmaqdadır. Onların Azərbaycana səfərləri və sülh yolu ilə keçmiş əlaqələrini bərpa etmək istəyi, eləcədə Azərbaycan cəmiyyətində onlara göstərilmiş səmimi qarşılama xalqlarımızın sülhməramlı potensialının mövcudluğunun və bu tükənməz resursdan istifadə edilməsinin zəruriliyinin ən yüksək sübutudur.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının iki qonşu xalq arasında inamın bərpasına yönələn fəaliyyətləri müxtəlif ölkələrin vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar arasında geniş dəstək qazanıb. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu gün əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin, tərəflərin arasında gərginliyin azaldılmasının və qarşılıqlı etimad yaratma mexanizmlərinin inkişaf etdirilməsinin əsas təşəbbüskarıdır.

Biz baş nazir cənab Nikol Paşinyanın bəyanatlarının erməni xalqının sülhməramlı təşəbbüslərinə qarşı çıxmaq cəhdi olduğuna inanmaq istəmirik. Biz əminik ki, nə Azərbaycan, nə Ermənistan cəmiyyətlərində etnik və dini zəmində nifrət və düşmənçilik mövcud deyil. Və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə sülh və ədalətlə həll olunmalıdır.

Ermənistanda siyasi proseslər və hökumətdəki dəyişikliklər müsbət yeniliklərə ümid verir. Həm ölkənin yeni rəhbərliyi, həm də Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı anlaşmaya nail olmaq, danışıqları bərpa etmək və Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın bərqərar olmasına dair bütün səylərini səfərbər etməlidirlər”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00