A24 Xeber

Evlənmək üçün qız qaçırdı, 10 il azadlıqdan məhrum edildi – CİNAYƏT İŞİ

Evlənmək üçün qız qaçırdı, 10 il azadlıqdan məhrum edildi – CİNAYƏT İŞİ
575
03 Mart 2017 - 21:01

Qız qaçırmaqda təqsirli bilinən Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Müslüm Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

A24.Az xəbər verir ki, Müslüm Quliyev Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. O, həmkəndlisi, 1998-ci il təvəllüdlü Vəfa Mehdiyevanı (ad və soyad şərti verilib –H. Z.) sevib və onunla evlənmək istəyib.

Elçilik

Müslüm Quliyev bir neçə il qıza sevgisini bildirsə də, Vəfa onunla evlənmək istəmədiyini deyib. Həmçinin Müslüm Quliyev valideynlərini Vəfaya elçi göndərib. Amma Müslüm Quliyevin elçilərinə Vəfa Mehdiyevanın valideynləri də “yox” cavabı verib. Iki ailə arasında belə görüş bir neçə dəfə olub. Hamısında da Müslüm Quliyev sevgisinə uğursuz cavab alıb.

Bundan sonra Müslüm Quliyev Vəfa Mehdiyevanı evlənmək məqsədilə qaçırmaq qərarına gəlib. Bu məqsədlə o, 13 iyun 2014-cü il tarixdə saat 16 radələrində dostu İsa Quliyevə məxsus olan “VAZ-2107” markalı avtomaşınla Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisinə gəlib.

İsa Quliyev avtomaşını həmin kənd ərazısində yaşadığı evə piyada gedən Vəfa Mehdiyevanın yanında saxlayıb. Bu zaman Müslüm Quliyev və Rəhim Quliyev Vəfa Mehdiyevanın bədəninin müxtəlif nahiyələrindən tutub və zorla avtomobilə mindiriblər. Bu zaman onlar qıza müxtəlif bədən xəsarətləri də yetiriblər.

Daha sonra onlar qızı Füzuli rayonunun Əhmədbəyli kəndində yaşayan qohumları Əhsən Abbasovun evin aparıblar. Vəfa Mehdiyevanın valideynlərinin şikayətindən sonra qızın yeri müəyyən edilib.

10 il cəza

İşdə adı keçən şəxslərdən yalnız Müslüm Quliyev məsuliyyətə cəlb edilib. Həbs edilən Müslüm Quliyevin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müslüm Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Müslüm Quliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Qız qaçıranın cəzası niyə azaldıldı?

Onun şikayəti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Bu dəfə Müslüm Quliyev kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası Müslüm Quliyevin kasasiya şikayətini qismən təmin edib və onun cəzası 5 ilə endirilib.

Teleqraf.com

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00