Farslarının arzusu ürəyində qaldı, Bakı Xocalı şəhidlərinin qanına bulaşan Tehran rejimini yox, İsraili seçdi

Farslarının arzusu ürəyində qaldı, Bakı Xocalı şəhidlərinin qanına bulaşan Tehran rejimini yox, İsraili seçdi
Want create site? Find Free WordPress Themes and plugins.

Müsəlman qonşumuz Qarabağ məsələsində işğalçı Ermənistanla “eyni dildə” danışır; politoloq: “İsrailin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birbaşa iştirakı nə Azərbaycana, nə də İsrailə lazım deyil”

İran-Ermənistan əlaqələrində intensivlik yenidən diqqət çəkir. Bir müddət Azərbaycana yönəlik mesajlara üstünlük verən rəsmi Tehran son zamanlar təkrarən öz ampluasına qayıdıb və işğalçı ölkə ilə təmasları artırıb. İran Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan üçün “nəfəslik” rolunu oynamaqla, bu ölkəni hər cür təmin etməklə özünün prinsiplərinə zidd davranır. İran parlamentinin sədri Əli Laricani Avrasiya ölkələri parlament spikerlərinin toplantısında Ermənistan parlamentinin spikeri Ara Babloyanla görüşdə nədən qıcıqlandıqlarını açıq söyləyib. “İran İsrailin Qarabağ konfliktinin nizamlanmasında hər hansı şəkildə iştirakının qəti əleyhinədir” deyə, iranlı spiker bildirib.
Məsələ burasındadır ki, Ermənistan da İsrail-Azərbaycan əlaqələrindən ciddi narahatdır. Ötən ilin aprel döyüşlərində İsrail istehsalı olan silahlar işğalçı ölkəni ciddi şəkildə sarsıtdı. Bundan sonra Ermənistan İsrailin Bakıya silah satışına embarqo qoyulması zərurəti barədə sərsəm bəyanatlar səsləndirdilər. İndi Tehran təmsilçisi də İrəvanın mövqeyindən çıxış edir.
Ancaq daha çox təəssüf doğuran və Azərbaycanda etirazla qarşılanan Tehranın digər addımıdır. İran nəinki Ermənistanla, belə görünür ki, Dağlıq Qarabağdakı separatçı rejimlə də əlaqələri davam etdirir. Novostink.ru erməni qaynağının verdiyi məlumata görə, işğal altındakı Şuşada qədim “Gövhər Ağa” məscidi ərazisində “rekonstruksiya” (“yenidən bərpa”) adı altında iranlı mütəxəssislərin birgə iştirakı ilə qanunsuz işlər bu gün də davam etdirilir. 2018-ci ilədək davam etdirilməsi nəzərdə tutulan bu qanunsuz fəaliyyət nəticəsində guya məscid yenidən qurulacaq.
Bu arada ötən ay rusiyalı qatı millətçi və antitürkçü Eduard Limonovun Qarabağa qanunsuz səfərdən sonra yazdığı təəssüratlarda işğal altındakı Azərbaycan ərazilərində İran TIR-larının şütüdüyünü qeyd eləməsini də yada salmaq yerinə düşər.

Göründüyü kimi, İran həm Azərbaycan-İsrail əlaqələrini pozmağa çalışır, həm də Ermənistanla əlaqələri inkişaf etdirməklə yanaşı, Qarabağ separatçıları ilə də təmaslarını davam etdirir, müsəlman torpağındakı məscidləri donuz fermasına çevirənlərlə birgə layihələrə imza atır.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, İranın Ermənistanla münasibətləri Tehran rejiminin Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk gündən seçdiyi məqsədyönlü strategiyadır: “Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Köçəryan öz müsahibələrində dəfələrlə bəyan ediblər ki, Azərbaycan torpaqlarının işğalı prosesində İran onlar üçün ”həyat yolu” olub. Bu baxımdan, ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasında İranın Rusiya qədər olmasa da rolu var, Tehran rejiminin vicdanı da Xocalı şəhidlərinin və on minlərlə günahsız insanın qanına bulaşıb”.

Siyasi təhlilçi hesab edir ki, İranla Ermənistan münasibətlərinə nəzər salmazdan öncə bu ölkənin Azərbaycanla bağlı siyasətinin bir sıra istiqamətlərini önə çəkmək lazımdır: “Əvvəla, 35 milyon Azərbaycan türkünün indi İran adlanan dövlətin ərazisində, Güney Azərbaycanda, öz tarixi vətənlərində yaşaması və sərhədlərinin yaxınlığında dünyəvi, modern Azərbaycan dövlətinin olması Tehranın panfarsist hakimiyyətini narahat edir və rejim bunu özünə təhlükə hesab etdiyi üçün daim bizi zəif salmaq üçün yollar axtarır. İkincisi, Azərbaycanın Qərblə və İsraillə daha yaxın və strateji münasibətlərinin əsasında İranın və digər region dövlətlərinin aqressiv və avantürist siyasəti qarşılığında ölkəmizin təhlükəsizliyinin təmin edilməsi amilləri dayanır.

Digər tərəfdən, əgər İran sivil dünyanın bir parçası olsaydı, din adı altında panfarsist ideologiya yürütməkdən əl çəksəydi, Azərbaycanın müstəqilliyini tarixi reallıq kimi qəbul edib səmimi davransaydı, hətta özünün elan etdiyi ideya və prinsiplərə sadiq qalaraq müsəlmanların torpaqlarının işğalına göz yummasaydı, işğalçıya dəstək verməsəydi, o zaman şübhəsiz ki, Bakı-Tehran münasibətləri indikindən qat-qat yaxşı olardı. Gənc müstəqil Azərbaycan dövlətinin seçdiyi strateji kurs özünüqoruma instinktindən qaynaqlanıb. Azərbaycan öz inkişaf yolunu regionda mövcud olan şərtlərin diktəsi altında seçib və zaman da sübuta yetirib ki, ən doğrusunu edib”.

O ki qaldı İsrailin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birbaşa iştirakına, E.Mirzəbəylinin fikrincə, bu, nə Azərbaycana, nə də İsrailə lazım deyil: “Azərbaycan-İsrail münasibətləri düzgün seçilmiş bir strategiya üzərində qurulub və düzgün inkişaf edir. Azərbaycan dünyaya açıq dövlətdir və bizi ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən saxta ideologiyalar deyil, dövlətimizin inkişafı maraqlandırır”.


Politoloq onu da qeyd etdi ki, İran şirkətlərinin erməni təbliğatına xidmət edən “məscidin bərpası” prosesində iştirakı isə mənəvi naqisliyin ən son həddidir: “İran şirkətlərinin işğal altında olan Azərbaycan ərazilərində biznes fəaliyyəti göstərməsi kimsəyə sirr deyil. Bununla bağlı saysız-hesabsız faktlar var. Amma bütün bunların uzun müddət davam edəcəyini düşünmürəm. Bu regionda 50 milyon Azərbaycan türkü yaşayır”.
Göründüyü kimi, həm İran, həm də Ermənistan Azərbaycanın yaxın müttəfiqləri olan Türkiyə və İsrailin Qarabağın tənzilmlənməsi prosesində iştirakını əngəlləmək üçün eyni mövqedən çıxış edirlər. Açıq-aydın görünür ki, Ermənistan kimi, İran da Azərbaycan ərazilərinə edilmiş təcavüzə son qoyulmasını istəmir. Baxmayaraq ki, İran rəsmiləri vaxtaşırı Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə bəyanatlar verirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar