Fazil Mustafa Elşad Mirinin qadağan olunan kitabından danışdı: "Dini komitədə hansısa ekspert..."

Fazil Mustafa Elşad Mirinin qadağan olunan kitabından danışdı: “Dini komitədə hansısa ekspert…”
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Mirinin çapına qadağa qoyulan “İslamda Yoxdur!” kitabı ilə bağlı millət vəkili Fazil Mustafa da fikir səsləndirib.

“A24.az”a danışan millət vəkili kitabla və ordakı mövzularla yaxından tanış olduğunu və çapına qoyulan qadağanı anlamaqda çətinlik çəkdiyini bildirib:

“Elşad Mirinin kitabının mətni və ordakı mövzularla tanışam. Bunlar “Dəvət” jurnalında gedən mövzulardır, ölkədə xürafat, cəhalət əleyhinə yazılmış çox ciddi kitablardan biridir. Çox faydalı əsər hesab edirəm. Ola bilsin ki, müvafiq dövlət qurumunun hansısa eksperti özünün dini oriyentasına və yaxud özünün İslam anlayışına görə bunu müəyyən dərəcədə mənfi bir rəylə qiymətləndirib, amma burda İslama zidd heç nə yoxdur. Əslində İslamın daha sağlam şəkildə mənimsənilməsi, dərk olunması üçün vacibdir. Bəzən bizdə tez-tez bu ifadə işlədilir: “Azərbaycanda ənənəvi İslamı qurmalıyıq!” Azərbaycanda ənənəvi İslam Şeyx Nəsrullahın ölü diriltmək islamıdır. Molla İbrahim Xəlil kimyagərin saxta pulu , misi qızıla çevirmək islamıdır. Və Molla Sadığın Əyzəbər ə, Bəyzəbər bə islamıdır. Əgər biz ənənəvi İslamı yaşatmaq istəyiriksə, həm də cəhaləti, xürafatı yaşatmaq istəyirik. Bu tamamilə yanlış bir yanaşmadır. Məsələn, dində siğə yoxdur. Əgər ənənəvi İslam budursa, biz ənənəvi islama, ümumiyyətlə, İslam kimi baxmırıq və bu Azərbaycan üçün böyük bir təhlükədir”.

Millət vəkili kitabın çapı ilə bağlı fikir irəli sürüb və Başqa bir ölkədə çap olunmasının tərəfdarı olduğunu deyib:

“Ona görə də mən mütləq hansı formada olursa olsun kitabın heç olmasa Türkiyədə çap olunmasının tərəfindəyəm. Əgər burda senzura amili varsa… Orda çap olunub PDF formatında yayılmasının tərəfindəyəm. Hesab edirəm ki, İslamla bağlı Azərbaycanda hansısa radikalizmə, xürafata, cəhalətə, ideologiyaya qarşı belə bir məhdudiyyət qoyula bilər. İslamın təbliği ilə bağlı fərqli fikirlər, görüşlər ola bilər. Bu görüşlər İslamın mətninə, Qurana uyğun deyilsə, onda irad bildirmək olar. Amma, məsələn, yanlış olan siğəni İslama zidd olaraq göstərmək absurd məsələdir və mən açığı bu mövqeyi anlamaqda çətinlik çəkirəm.

Hər halda Dini Komitədə kifayət qədər yeni ruhda düşünən insanlar var. Oranın rəhbəri də kifayət qədər sağlam düşüncəli insandır. Onlar bu müsbət tendensiyanın üzərinə kölgə salınmasına imkan verməyəcəklər və bu cür təşəbbüslərin dəstəklənməsinə səy göstərəcəklər. Çünki bu cür təşəbbüslər bu gündən boğulsa, ancaq biz necə baş yarmaq, necə sinə döymək barədə kitablar yazmalı olacağıq. Onsuz da bu Azərbaycan cəmiyyətində var, illərdir biz bunun zülmünü çəkirik. Sabir çəkib, Mirzə Cəlil çəkib, Axundov çəkib… Müstəqil dövlətiksə, yanlışları dilə gətirib bundan imtina edə bilmiriksə, çox təhlükəli məcraya, din anlayışının sürüklənməsinə gətirib çıxara bilər. Ona görə də bu məsələdə açığı yenə də göstərilən münasibəti açıq anlaşılmazlıq hesab edirəm və düşünürəm ki, qanunvercilikdə bu kimi kitabların çapına əngəl ola biləcək heç bir məqam  yoxdur. Dini radikalizmi, xürafat kimi məsələləri yayan əsərlərə, yazılara qarşı bu cür mövqe olmalıdır. Amma hansısa maarifçilik, İslamın gerçək mahiyyəti ilə bağlı məsələlərə hər hansı qadağa yoxdur. Ona görə də bunun mütləq PDF formasında yayılması olduqca vacibdir. Azərbaycan cəmiyyətinin maariflənməsi, doğru İslam haqqında təsəvvürün olması baxımından vacibdir. Hamı falçılıqla məşğuldur. Əgər adam əsər qoyursa ki, İslamda sehr yoxdur, bunun nəyi pisdir və niyə bu cür sərt formada qarşılayırlar? Açığı bunu anlamaq mümkün deyil”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar