A24 Xeber

Gənc qızlarımızı sonsuzluğa aparan DİETALAR – Mütəxəssislər həyəcan təbili çalır

Gənc qızlarımızı sonsuzluğa aparan DİETALAR – Mütəxəssislər həyəcan təbili çalır
1. 593
16 Mart 2017 - 15:13

Bir müddət bundan əvvəl rastlaşdığım bir hadisə məni bu mövzu ətrafında düşündürməyə vadar etdi. Belə ki, uşaqlıqdan bir yerdə oxuduğum sinif yoldaşım universitetə daxil olandan sonra fasilə vermədən dieta saxlayır, arıqlamağa çalışırdı. Uzun müddət fərqli dietalara müraciət edən həmin qızın bir dəfə arıqladığını, digər dəfə kökəldiyini görürdüm. Səbəbini soruşanda isə, belə deyirdi: “bu dəfə meyvə dietası saxladım, amma sən demə, düz eləməmişəm, çünki məni meyvə də kökəldirmiş”.

Lakin bir dəfə təsadüfən qarşıma makiyajsız çıxdı. Tələsdiyindən üzünə əl gəzdirə bilməmişdi. Rəngini-ruhunu görəndə, pis oldum, elə bildim xəstələnib. Soruşdum ki, “sənə nə olub, xəstələnmisən?” Dedi ki, xəstələnməyinə xəstələnməyib, sadəcə uzun müddətdir dieta saxladığı üçün bu haldadır.

Bu xanım barədə bir şeyi qeyd edim. Xanım əslində kök deyildi, sadəcə çox yöndəmsiz bədən quruluşu var idi və düşünürdü ki, arıqlasa, daha zərif olacaq. Amma özünə dietayla zülm edən bu qıza həqiqəti deyən yox idi ki, onun problemi köklüyündə yox, bədənının quruluşundadır. Lakin xanımın əsas problemi ailə həyatı qurandan sonra üzə çıxdı. O, bir xeyli müddət ana ola bilmədi. Səbəbi isə saxladığı dietalar idi. Uzun illər fasiləsiz və həkim məsləhəti olmadan dieta saxladığı üçün qızın bədəni və bütün orqanları gücdən düşmüş, həyati əhəmiyyətli vitaminlər məhv olmuşdu.

Əslində dieta saxlamaq bizə bir qədər qürur verə bilər. Düşünə bilərik ki, bizim iradəmiz güclüdür və biz yemək yemədən gün ərzində məqsədlərimizin dalınca gedirik. Bəs, bu həqiqətən də belədirmi?

“A24.Az” saytı olaraq məsələni bu sahənin mütəxəssisi olan həkim-dietoloq Leyla Zülfüqarlı ilə müzakirə etdik. Aldığımız cavablar isə mənim kimi, dieta saxlayan bir çox xanımları da təəccübləndirəcək.

“Ümumiyyətlə, piylənmə özü xəstəlik olduğu üçün bir çox xəsətəliyi özü ilə birlikdə daşıyır. Daha çox xanımlarda rast gəlinən sonsuzluq kimi ağır xəstəliklərin yaranmasında başlıca rol oynaya bilir. Amma indi gəlin  piylənmə ilə mübarizə metodlarına baxaq… İçərisində hansıları düzgün müalicə metodudur? Belə ki, açıq-aşkar özünü dietoloq kimi təqdim edən insanlar bu işin tam mütəxəssisləri olmadığından məqsədləri bədəni necə olursa-olsun arıqlatmaqdır. Burda ciddi səhvlər var. Orqanizmimizi təşkil edən çox vacib yağ toxumaları var ki, biz onları bədəndə saxlamalıyıq. Bədənimiz üçün vacib olan əzələ kütləsini saxlamalıyıq. Elmi müstəvidə çox ciddi və sağlam şəkildə arıqlama olmalıdır ki, öz funksiyasını artırıb, orqanizm üçün vacib olmayan yağları və yağ turşularını parçalasın.

Təəssüflər olsun ki, daha çox qızlar bu məsələdə ciddi travma alırlar. Bu nədir? Genikoloqların da vurğuladığı bir həqiqət var. Dietoloq adı ilə təqdim edilən siyahı əslində anoreksik siyahılardır, amma içərisinə baxanda onlar faydasız dietalardır. Yəni bədənə vacib olan maddələri vermir, sadəcə bu və ya digər şəkildə yalnız bədənin ağırlığını itirməyə köklənir. Xanımlar bu zaman bədəndən vacib olan mayeni və əzələ kütləsini də itirə bilərlər. Lakin bu, qızların gələcəkdə ana olmalarına maneə yaradır. Nəyə görə? Çünki orqamizmimizdə daha çox böyrək ətrafı kisədə sidik ixracı və reprodukdiv orqanlar, kiçik çanaq orqanları, yumurtalıq, uşaqlıq var. Həmin orqanların ətrafında olan faydalı yağ toxumaları və əzələ kütləsinin normal konsentrasiyada qalması lazımdır. Bəzən anareksik, yəni düzgün olmayan dietalar nəticəsində orqanların səthindəki yağların əridilməsi baş vermir. Əksinə orqanın daxilindəki yağlar əriyir”.

Mütəxəssis qeyd edir ki, bu isə reproduktiv sistemdə çox ciddi problemə səbəb olur.

“Burda bir haşiyəyə çıxaq: əslində biz nəzəri hissədən yağ toxumasının funksiyasının nə olduğunu xatırlayaq. Yağ toxuması özü orqanizmə ən çox enerji verən bir toxumadır və bir qızın ana olma dönəmində çox böyük enerji lazım olduğu təqdirdə bayaq saydığım kimi, kiçik çanaq orqanları ətrafında olan yağ toxumaları əhəmiyyətli rol oynayır və enerji funksiyasını idarə edir. Təəssüflər olsun ki, özfəaliyyət dietalar nəticəsində qızlar özlərini arıqladan zaman onlar bilmirlər ki, bədənlərindəki yağlar hardan parçalanır? Onlar hansı yağ toxumasını məhv edirlər? Axı orqanizmin özünün vacib yağ toxumaları var. Biz onları parçalayırıq və gələcəkdə kiçik çanaq orqanları ərtafında olan bu rabitə qırılır. Və biz lipoliz, yəni yağ parçalamaq funksiyasını artırmaq istədiyimiz zaman əksi baş verir, tarazlıq pozulur. Lipoliz və lipogenez, yəni parçalanma və yaranma funksiyası arasında natamamlıq yaranır. Bu zaman ümumi mübadilə sistemi pozulur ki, bu isə çox geniş bir mövzudur. Yəni bu sistem pozulanda biz bunu heç yığıb-yığışdıra bilməyəcəyik. Çünki nevro-endokrin sistemdə problemlər yaranır ki, sonradan biz həkimlər illər boyu bu pasiyentlərlə nevro-endokrin sistemdə zərbə almış toxumaları bərpa etmək üçün işləyirik. Odur ki, çəkini idarə olunmaz sistemlə itirənlər kritik vəziyyətə gəlib düşürlər. Anoreksik dietlər nəticəsində çəki itirən qızların gələcəkdə reproduktiv sistemində problem yaradır, onların ana olmalarında ciddi problemlər yaşanır”.

Arıqlamaq üçün diet saxlayan qızların həm də trenajor zallarına gedərək ağır fitneslə məşğul olmalarına gələndə isə həkim-dietoloq Leyla Zülfüqarlı kəskin etirazını bildirdi və idmandan arıqlamaq üçün deyil, bədənimizi tərbiyə etmək üçün məşğul olmağı məsləhət verdi.

“İdman zallarında da çox ciddi yanlışlıqlar var, arıqlamağa gələn insanlardan ağır məşqlər tələb olunur. Mən həmişə söylədiyim fikrə sadiq qalıram. Əslində bizə idman deyil, bədən tərbiyəsi lazımdır. Yəni 7-dən 77-yə hamı – orda kök, arıq fərq etməz – hər kəs bədənini tərbiyə etmək üçün, yəni əzələsini işlətmək adına bədən tərbiyəsi etməlidir. Buna üzgüçülük, rəqs, yürüşlər, plates, aerobika, çox yüngül fitnes proqramı kimi idman növləri daxildir. Lakin ağır fitnes proqramları var ki, gündəlik 500 kalori ilə qidalanan xanımlar həmin proqramla gündə 2 saat məşq edir. Bu zaman bədən tükənir və orqanların bütün funksiyaları dayanır. Bu ciddi problemdir. Qidalanmanın bədən üçün çox vacib funksiyası var. Bu cür pasiyentlərlə çox qarşılaşmışam. Onlar arıqlamaq əvəzinə, sağlmlıqlarına zərər vururlar. Müayinə zamanı bizə müraciət edən pasiyentlərdə mübadilə sisteminin pozulduğunu görürük. Çünki normadan artıq idman edərkən tər ifrazı zamanı vacib maddələr orqanizmdən xaric olur. Və belə insanlarda biz kalium, natrium əskikliyi görürük, ciddi element çatışmazlıqlarını müşahidə edirik. Odur ki, arıqlamaq bir dəb xarakteri almamalıdır. Arıqlamağı insanlar sadəcə sağlamlıq məqsədi ilə etməlidirlər. O arıqlamaq bizim sağlamlığımıza xidmət edirsə, bunun dalınca getmək lazımdır. Yox, əgər sağlamlığımıza ziyan verirsə, bu zaman dayanmaq lazımdır. Bir dietoloq olaraq mən çox arıqlamağın da tərəfdarı deyiləm. İnsanlar bədən indeksinə və bədən konfiqurasiyasına baxmalıdır. Əvvəllər insanlar plastik əməliyyat etdirib öz burnunu hansısa məşhurun burnuna bənzədirdi. İndi isə bədən tendensiyası yaranıb. Hər kəs öz bədənini hansısa məşhurun bədəninə bənzətmək istəyir. Amma elə deyil, hər kəsin öz bədən quruluşu, Allahın yaratdığı bədən tipi var. Ona görə də hər kəsin sağlamlığına xidmət edəcək düzgün bədən tipi olmalıdır”.

P.S.

Son zamanlar başımı sola çevirirəm dieta eşidirəm, sağa çevirirəm “yay gəlir, çəki atmalıyam”, “bu iyrənc şeyi necə yeyim?”, “ölürəm acından” kimi sözlərə şahid oluram. Məncə, bizim gənc qızların ana olmadan öncə özlərinə zülm edib dieta saxlamalarına ehtiyac yoxdur. Nizami Gəncəvinin sözləri ilə izah etsək:

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

Odur ki, əziz gənc qızlarımız, özünüzü nədənsə məhrum etmək yerinə, Allahın yaratdığı hər şeyin ən gözəlini və sağlam olanını qədərində yeməklə formada qalmağa çalışın.

Firuzə Alimova… “A24.az” saytı

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00