General: "2-3 günə İkinci Qarabağ savaşı başlaya bilər" - VİDEO - FOTOLAR

General: “2-3 günə İkinci Qarabağ savaşı başlaya bilər” – VİDEO – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan nə qədər çox silah alırsa, o qədər güclü olur. Bakı Qarabağı qaytarmaq üçün son savaşa hazırlaşır. Təbii ki, Azərbaycan bu silahları Ermənistana qarşı istifadə edəcək. Çünki Azərbaycan başqa ölkəyə qarşı müharibəyə hazırlaşmır”, – bu sözləri rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Azərbaycan Müdafiə Nazirliyinin bəyatanı şərh edərkən deyib.

Azərbaycanın Rusiyadan silah alışı və bunun Ermənistan mətbuatında kütləvi şəkildə tirajlanması regionda yeni ab-hava yaratdı. Xramçixinin məsələyə münasibəti “müharibə başlaya bilərmi” sualını da özü ilə gətirdi.

Hərbi ekspert Üzeyir Cəfərlinin Publika.az-a verdiyi açıqlamaya görə, Rusiyadan alınan silahlar xüsusi savaşdan daha çox, ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlib:

“Azərbaycan hər zaman xəbərdarlıq edir ki, Ermənistan işğal etdiyi əraziləri boşaltsın. Xatırladım ki, bu silahların ilk partiyası bizə hələ 2015-ci ildə gəlib. Biz heç vaxt gizlətməmişik ki, aldığımız silahlar ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etmək üçündür. Odur ki, biz bunu Rusiyanın və ya Ermənistanın hər hansı addımı ilə etmirik, sadəcə ordumuzun müdafiə qabiliyyətini artırırıq. Hansı ki, bu silahlar ən modern silahlardır. “Xrizantema-S” tank əleyhinə raket kompleksi daha yeni avadanlıqlarla təchiz olunub. Bu silahlarda radarlar var və hansı ki, bu vasitə ilə hədəfin aşkar edilməsi çox rahat şəkildə həyata keçirilir. Aprel döyüşləri zamanı Azərbaycan daha çox İsrail istehsalı olan “Spike” tipli kompleksdən istifadə edirdi. Həmin vaxt bu raketlər sayəsində ermənilər ciddi itkilərə məruz qaldılar. Ona görə indi də narahatdırlar. Çünki “Xrizantema-S” tank əleyhinə raket kompleksi bir zərbə ilə 4 ağır zirehli texnikanı sıradan çıxarmaq gücünə malikdir”.

Ü.Cəfərlinin sözlərinə görə, Azərbaycan nə vaxt xaricdən silah alsa, Ermənistan hökuməti qorxuya düşür:

“Biz təkcə Rusiyadan deyil, Pakistandan, Çindən, İsraildən, Türkiyədən müxtəlif təyinatlı silahlar almışıq. Ermənilərin narahatçılığı sırf Rusiyadan silah almağımız deyil, ümumiyyətlə silahlı qüvvələrimizin ən müasir texnikalara yiyələnməsidir. Ona görə, silah alışını ordumuzun savaş hazırlığı yox, gündəlik fəaliyyəti kimi dəyərləndirirəm”.

Təbii ki, Azərbaycanın silah alması Moskva ilə Bakı arasında bağlanmış sazişlərə əsasən həyata keçirilir. Bakı limanına gətirilən silahların cəbhəboyu zonaya göndəriləcəyi də istisna olunmur. Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı fotolardan da görünür ki, alınan silahların çoxu “Xrizantema-S” tank əleyhinə raket kompleksidir. Hansı ki, bu kompleks ağır zirehli texnikanı vurmaq üçün müasir döyüşdə ən yaxşı vasitələrdən hesab olunur.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov Publika.az-a açıqlamasında yaxın zamanlarda döyüş əmri verilərsə, bunun heç də gözlənilməz olmayacağını bildirdi:

“Azərbaycan istədiyi ölkədən istədiyi silahı ala bilər. Ordumuz böyük savaş üçün çoxdan hazırdır. Sözsüz ki, ordunu daha da gücləndirmək üçün döyüş hazırlığı və təlimləri ilə yanaşı, mütəmadi yeni silahlar da alınmalıdır. Ona görə də yeni silah alınmasını düzgün bir mesaj kimi qiymətləndirmək olar. Ordumuz torpaqları işğaldan azad etmək üçün hazır vəziyyətdədir. 2-3 gün sonra Ali Baş Komandan əmr verər və İkinci Qarabağ savaşı başlayar – bu heç də gözlənilməz deyil. Hər an hər şeyi gözləmək olar”.

Y.Aydəmirovun sözlərinə görə, Ermənistan döyüşdə tanklardan çox istifadə etdiyi üçün “Xrizantema-S” tank əleyhinə raket kompleksi düzgün seçimdir:

“Ümumiyyətlə Azərbaycanın aldığı bütün silahlar hədəfə hesablanmış silahlardır. Bizdə kifayət qədər güclü silahlar var. Ermənistanın da döyüşdə tanklardan çox istifadə etdiyini nəzərə alsaq, “Xrizantema-S” tank əleyhinə raket kompleksi bu baxımdan çox vacib silahdır. Bizim heç bir dövlətlə problemimiz yoxdur, Ermənistandan başqa. Ermənistanı da qısa bir zamanda diz çökdürməyə qadirik. Onlar hansı vəziyyətdə olduqlarını nə qədər tez dərk etsələr, özlərini fəlakətdən o qədər tez qurtararlar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Texnologiya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar