A24 Xeber

İlahiyyat İnstitutunun fəaliyyət göstərəcəyi YER BƏLLİ OLDU

İlahiyyat İnstitutunun fəaliyyət göstərəcəyi YER BƏLLİ OLDU
52
01 May 2018 - 18:37

Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin binasında fəaliyyət göstərəcək.

A24.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər. Bildirilir ki, Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində deyil, binasında fəaliyyət göstərəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il fevralın 9-da Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncamı imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratsın.

Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Nazirlər Kabinetinə isə tapşırılıb ki, Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; İlahiyyat İnstitutunun bina ilə təmin edilməsi üçün iki ay müddətində tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat versin; Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Qeyd edək ki, artıq Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na təhsil müəssisələri bölməsində Azərbaycan İlahiyyat İnstitutu əlavə edilib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00