A24 Xeber

İlham Əliyev Fransanın Xarici İşlər nazirini qəbul edib

İlham Əliyev Fransanın Xarici İşlər nazirini qəbul edib
21
27 May 2018 - 11:50

Prezident İlham Əliyev mayın 27-də Fransanın Avropa və Xarici İşlər naziri Jan-İv Lö Drianı qəbul edib.

A24.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, fransız şirkətlərinin ölkəmizdə uzun illər səmərəli fəaliyyət göstərdikləri, Azərbaycanda nəqliyyat, kosmik sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə bir çox layihələri uğurla icra etdikləri qeyd olunub. Fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərindən razılıq hissi keçirdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd olunub, SOCAR-la TOTAL şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakıda fransız liseyinin fəaliyyətinin bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.

Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Fransız-Azərbaycan universitetinin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə beynəlxalq hüquq və norma prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

Səmimi şəkildə keçən görüşdə Azərbaycan ilə Fransa arasında gələcək çoxşaxəli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00