İqtisadçı Mərkəzi Banka SƏSLƏNDİ: “Nə vaxta qədər manatı sıxıb saxlayacaqsız?”

İqtisadçı Mərkəzi Banka səsləndi: “Nə vaxta qədər manatı sıxıb saxlayacaqsız?”
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti hərrac keçirilib.

AMB-dən A24.Az-a verilən məlumata görə, hərracda dolların manata nisbətdə olan məzənnəsi  1,7220 manat təşkil edib.

Bayramdan sonra dolların məzənnəsinin bahalaşması FED-in uçot dərəcəsini artırması ilə əlaqədardırmı? Aprel ayında dolların məzənnəsi nə qədər olacağı proqnozlaşdırılır?

Bu sualları A24.Az-a iqtisadçı ekspert Natiq Cəfərli şərh edib.

İqtisadçının sözlərinə görə, Azərbaycanda olan proseslər çox təəssüflər ki, dünyada gedən proseslərlə uzlaşmır:

“Çünki FED toplantısından sonra dünyada dolların bahalaşması gözlənilən idi. Amma başqa siyasi məsələlər ortalığa çıxdı. Trampın ABŞ konqrensinə göndərdiyi iki qanun layihəsi həyata keçmədi. Və bu da dünyada Trampın vədlərini yerinə yetirə bilməyəcəyi təəssüratı yaratdı.  Bununla da dolların ucuzlaşmasını gördük. FED toplantısından əvvəl dollar daha baha idi, nəinki uçot artımından sonra. Dünyada təqribən dolların məzənnəsinin 2%-ə yaxın düşüb. Dollar indeksi FED toplantısından əvvəl  101 punkt idi, indi isə 98 punkta qədər enib. Bu nöqteyi nəzərdən əslində Azərbaycanda dolların məzənnəsi ucuzlaşmalı idi. Amma bu baş vermir. Dediyim kimi Azərbaycanın dünya ölkələri (orda gedən proseslərlə) ilə bir başa uzlaşması yoxdur. Çünki məzənnə inzibati qaydada idarə olunur. Nə qədər etiraf etməsələr də, bu belədir. Bu gün Azərbaycanda əsas problem dollar deyil. Əsas problem manat qıtlığıdır. Mərkəzi Bank artıq iki aya yaxındır ki, ciddi şəkildə manatın dövriyyəsini azaltmağa çalışır. Və sərbəst manat kütləsini dövriyyədən yığır. Hərraclar vasitəsilə və banklara kredit verməməklə, banklarda likvidlik problemi yaratmaqla manat dövriyyəsini azaldır. Artıq problem burdan yaranır. Manat dövriyyəsi azaldıqca, bu dollara olan basqıları  azacıq azalatsa da, ümumi iqtisadi aktivliyə, ticarət dövriyyəsinə, bankların kreditləşməsinə çox mənfi təsir göstərir. Bu da daha böyük fəsadlara, eləcə də məzənnədən də geniş problemlərə yol açır. Ticarət dövriyyəsi, insanların iş görmə qabiliyyəti, kredit imkanları  azalır və bu da öz növbəsində iqtisadi aktivliyin azalmasına, iş yerlərinin itirilməsinə səbəb olur”.

N.Cəfərli bildirib ki, aprel ayında da AMB bu prioriteti davam etdirməyi düşünsə, məzənnə ola bilər 1.75-1.80 civarında qalsın, amma bu iqtisadi aktivliyə ciddi təsir göstərəcək:

“Bu da daha böyük fəsadlara iqtisadi aktivliyin daha çox azalmasına, vergi toplamalarının çətinləşməsinə səbəb olacaq. Ona görə də düşünürəm ki, Azərbaycan hökuməti və AMB çox ciddi seçim qarşısındadır. Əgər iqtisadiyyatı calandırmaq istəyirlərsə və iqtisadi aktivliyi artırmaq istəyirlərsə, manat siyasəti yürüdülməlidir, kredit siyasəti genişlənməlidir. Bunu etdikdə də məzənnədə basqılar yaranacaq və manatın dəyərdən düşməsi sürətlənəcək. İqtisadi aktivliyi canlandırsa da, manatı dəyərdən salacaq. Hökumət və Mərkəzi Bank hansı yolu seçəcək, bu daha çox maraqlıdır. Məzənnə də bu seçimdən asılı olacaq. Buna dünyada gedən proseslər eləcə də FED qərarları təsir göstərmir. Çünki iqtisadi institutlar çox təəssüf Azərbaycanda formalaşmayıb. Ona görə bilmək olmaz ki, apreldə hansı siyasət yürüdüləcək. Bir şey dəqiqdir ki, çox uzun zaman sərt pul siyasəti yürütmək mümkün deyil. Bir müddət sonra hökumət və Mərkəzi Bank məcbur olacaq ki, manat dövriyyəsini artırsın. Çünki artırmalıdır ki, iqtisadiyyatda gedən ressensiya dayansın. Bu zaman artıq məzənnənin daha da sürətlə dəyərdən düşməsinin şahidi ola bilərik. Amma dünyada gedən proseslərin bir başqa ciddi təsir mexanizmi də var ki, bu da dünya ucuzlaşan neft qiymətləri ilə əlaqədardır. Son zamanların neftin qiyməti təqribən 12% ucuzlaşıb. Aprel ayında bir çox proqnozlara görə, yenidən 10-15% neftin qiymətinin ucuzlaşmasının şahidi ola bilərik. İndiki qiyməti 50 dollar olan neftin, 44-45 dollaradək ucuzlaşmasını görə bilərik. Bu zaman Azərbaycana neft daxilolmaları da kəskin azalacaq. Bu zaman Mərkəzi Bankın başqa yolu qalmayacaq ki, manatın məzənnəsində ucuzlaşmaya getsin. Bununla da müəyyən dərəcədə vəziyyətdən çıxa bilər. Bir paradoks ondan ibarətdir ki, Azərbaycan hökuməti ixracı stimullaşdırmaq üçün kifayət qədər ciddi addımlar atmaq istəyir. Ən azından proqramlar qəbul edilib, niyyət bəyan olunub. İndiki şəraitdə manat da möhkəmləndikcə əslində iqtisadiyyatda olan müəyyən pozitiv dəyişikliklərin sonunu gətirə bilər. Yəni bu da hökumət üçün ciddi bir problemdir. Bundan da çıxış yolları tapmaq lazımdır.  Çünki manatın möhkəmlənməsi iqtisadiyyat potensialını aşağı salır. Və bütün bu parametrlərlə birgə düşünüb, hansı qərar verəcəklər? Mən hökumətin və Mərkəzi Bankın yerinə bunu deyə bilmərəm, amma ən azından iqtisadiyyat nəzəriyyəsi onu deməyə əsas verir ki, uzun zaman manatı belə sıxıb saxlamaq  mümkün olmayacaq. Bir müddət sonra manatın məzənnəsindən yenidən dəyişikliklər olacağı qaçılmazdır. Ona görə ki, bu il ərzində FED azı 2 çox böyük ehtimalla 3 dəfə faiz artımına gedəsi olacaq”.

Qeyd edək ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7202 olub.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar