A24 Xeber

«İslamda yoxdur…» kitabı İslam dininin düzgün başa düşülməsinə böyük töhfələr verəcək bir elmi işdir

«İslamda yoxdur…» kitabı İslam dininin düzgün başa düşülməsinə böyük töhfələr verəcək bir elmi işdir
2. 003
23 May 2018 - 8:56

 

Tədqiqatçı Elşad Miri tərəfindən qələmə alınan «İslamda yoxdur…» adlı kitab haqqında düşüncələrimi qeyd etmək istəyirəm. İslam tarixçisi olaraq, öncə belə bir kitabın oxucuya çatdırılmasından son dərəcə xoşbəxtlik hissi keçirdiyimi vurğulamağı özümə borc bilirəm.

Kitabla əlaqədar ilk diqqətimi cəlb edən cəhət müəllifin əsəri müəyyən metodologiya ilə yazması və son dərəcə orijinal əsər ərsəyə gətirməsidir. Müəllif mərkəzi nöqtəyə İslamın təməli olan Quranı qoyaraq ənənə formasını almış, hətta diniləşdirilmiş izahları vəhyin süzgəcindən keçirmiş, böyük diqqət və peşəkarlıq nümayiş etdirərək, olduqca obyektiv və elmi standartları olan bir əsər ərsəyə gətirmişdir. Kitabda yer alan bəzi dəyərləndirmələr və əldə olunan nəticələr oxucuların bir qismi tərəfindən ilk baxışda ehtiyatla qarşılana bilər, ancaq müəllif burada vəhyin mütləq əlaqələndiriciliyini əsas götürdüyü üçün İslam dininin təməli olan Quranla həmahəng bir əsər yazmışdır. Eyni zamanda, mənim üçün də kitabın ən əhəmiyyətli tərəfi məhz bu nöqteyi-nəzərdən yazılmasıdır. Başqa sözlə desək, müəllif ənənəvi qəbulları təkrar etməyin əvəzinə sonradan İslama daxil edilən keçmişin şərhlərinə vəhyin işığı və rəhbərliyi əsasında aydınlıq gətirmişdir.

Müəllif kitabı yeddi fərqli fəsildə (hissədə) yazmışdır. Birinci fəsildə Quranın ölü üçün deyil, diri üçün oxunan bir kitab olduğunu məhz Qurandan dəlillərlə ortaya qoymuş və diqqəti vəhyin dirilərin həyatını nizamlayan qaydaların toplusu olduğuna yönəltmişdir. Məsələn, Rəsulullahın Quranı ölüyə oxumadığını, əksinə, dirilərə həyat layihəsi olaraq təqdim etdiyini vurğulamış, üstəlik İslam dinində savab və cəzaların fərdiliyi prinsipindən çıxış edərək, əgər Quran oxumaqla əldə ediləcək bir savab varsa, bunu oxuyan şəxsin alacağına dair son dərəcə doğru qənaətlər irəli sürmüşdür.

İkinci fəsildə peyğəmbərlərin günahsız olması haqqında ənənəvi fikri qələmə almış və  Qurandan nümunələrlə əslində peyğəmbərlərin də bir insan olaraq günah işləyə bilmə potensiallarının  olduğunu, hətta səhv etdikləri zaman vəhylə xəbərdar olunmalarına işarə edərək, günah işləyə bilməzlər deyil, əksinə, hər bir insan kimi səhv edə biləcəklərini, ancaq vəhylə nəzarət altında saxlanılacaqlarını bütün dəlilləri ilə ortaya qoymuşdur.

Üçüncü fəsildə ənənəvi İslam anlayışında mövcud olan qız uşaqlarının kiçik yaşlarda ərə verilməsi məsələsini qələmə almışdır. Bu kontekstdə Rəsulullahın Hz.Aişə ilə evliliyindən tutmuş digər nikah nümunələrinə qədər bir çox təfsilatları araşdıraraq, İslamın azyaşlılarla nikahı təqdir etmədiyini, nikah dövrünün vacibliyini vurğuladığını, qısaca, nikaha daxil olacaq tərəfin ana ola biləcək və uşaq yetişdirə biləcək yaşda olmasının zəruriliyini ayələrdən dəlillərlə göstərmişdir.

Dördüncü fəsildə müəllif ən çox istismar edilən Rəsulullahın soyu və onun soyunun üstünlüyü məsələsini araşdırmışdır. Allah Rəsuluna əsaslandırılan qohumluq iddiaları vasitəsi ilə əldə olunan üstünlük vəziyyətinin dini baxımdan heç bir dəyərinin olmadığını, əksinə, İslamda soy və nəsil deyil, təqva ilə insanın Allah qatında üstün ola biləcəyinə dair Quran prinsipini vurğulamış və Rəsulullahla qohumluq iddialarında olanların əsl simalarını üzə çıxarmışdır.

Beşinci fəsildə müəllif ənənəvi anlayışda cənnətin neməti və ya mükafatı olaraq şərh olunan huri/hurilər məsələsini qələmə almışdır. Müəllif  huri anlayışının ənənəvi şərhlərdə iddia edildiyi kimi, cənnətdəki kişilərə təqdim olunacaq gənc qızlardan ibarət olmadığını vəhydən olan dəlillərlə, eləcə də ərəb dilinin qrammatikası və semantikası baxımından elmi şəkildə sübuta yetirmişdir.

Altıncı fəsildə müəllif sehrin tarixi keçmişini bütün təfsilatları ilə ortaya qoymuş, İslamda sehrin ola bilməyəcəyini vəhy məlumatları əsasında qələmə almış  və son dərəcə dəyərli şərhlər vermişdir. Son fəsildə isə müəllif İslamdakı nikah (evlilik) məsələsini və xüsusilə müvəqqəti nikah iddialarını (siğə) “Nisa” surəsinin 24-cü ayəsi əsasında qələmə almış və belə bir təcrübənin İslamda yerinin qətiyyən olmadığını vəhyin dəlilləri ilə açıqlamışdır.

Nəticə olaraq, müəllif qələmə aldığı mövzularla son dərəcə elmi, obyektiv  və eyni zamanda mükəmməl bir əsər ərsəyə gətirmişdir. İllərdir vəhyə və müşahidələrinə əsasən araşdırmalar aparan, əsərlər yazan bir akademik olaraq, belə bir kitabı oxucuya çatdırdığı üçün müəllifə səmimi təşəkkürlərimi çatdırıram. Bu əsər dində olmayıb dinə daxil edilən, lakin bu səbəblə İslama məqsədli şəkildə təzyiq göstərənlərin tənqid  predmeti olan iddiaların əsassızlığını bütün dəlilləri ilə ortaya qoyur. Dinlə əlaqəsi olan və kitabda yer alan mövzular haqqında tərəddüdləri olanlar və ya maraqlananlar üçün həvəslə oxumalarını məsləhət görəcəyim bir kitabdır.  Bu kitab İslam dininin düzgün başa düşülməsinə böyük töhfələr verəcək bir elmi işdir və böyük əmək verilmiş əsərdir. Bu səbəblə müəllifi təbrik edir, belə bir əsəri elm sahəsinə daxil etdiyi üçün ona təşəkkür edirəm.

Prof. Dr. İsrafil BALCI,

On dokuz Mayıs Üniversiteti İlahiyyat fakültəsi,

İslam Tarixi və Elmləri Kafedrasının Müdiri

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00