A24 Xeber

“Kənardan baxan deyir ki,….” – Xanım taksi sürücü ilə REPORTAJ – FOTOLAR

“Kənardan baxan deyir ki,….” – Xanım taksi sürücü ilə REPORTAJ – FOTOLAR
1. 290
08 Mart 2017 - 10:07

Taksi sifariş etdim. Gedəcəyim yer İstiqlaliyyət küçəsində yerləşən keçmiş Qızlar Məktəbi, indiki Azərbaycan Əlyazmalar İnstitutudur. Bu bina dünyada müsəlman qızlar üçün tikilmiş ilk lisey olub.

Məni keçmişə boylanan mənzil başına aparan xanım sürücüdür. Elə yerinə düşdü. Yol boyu onunla söhbətləşdik.

Şərti adı Nigar olan xanım yol yoldaşımın 57 yaşı var. Bir qız və oğul anası olan sürücü xanımın oğlu Xarkovda oxuyur, sonuncu kursdadır.  Nigar xanım deyir ki,  Allahın köməkliyi ilə oğlu bu il vətənə qayıdacaq və hərbi xidmətə gedəcək.  Qızı isə bakalavr təhsilini bitirib, hazırda magistraturada oxuyur.

Qızların təhsil alması üçün illərlə mübarizə aparılan bir ölkədə qadının sürücü kimi çalışması heç də asan qəbul olunmayıb. Nigar xanım qeyd edir ki, onun taksi sürücüsü kimi işlədiyini qohum-əqrəbası bilmir. Təkcə qızının anasının sürücü kimi müştəriləri mənzil başına sağ-salamat çatdırmağından xəbəri var. Səbəbini isə belə izah edir: “Kənardan baxan deyir ki, maşını varsa, nə dərdi olacaq? Hər ağızdan bir avaz çıxır. Ona görə də istəmirəm ki, kimsə mənim taksi sürücüsü kimi işlədiyimi bilsin”.

Bu arada gözüm maşının açarının üzərinə asılmış ağ ata sataşdı. Nigar xanım köksünü ötürüb, bir gözü Bakının tıxaclı yollarında, digər gözü “brelok” atda həyatını danışmağa başladı.

“İxtisasca  mühəndisəm, 27 illik iş stajım var. Uzun müddət dövlət işində çalışmışam. Övladlarımı heç kəsə etibar etməmişəm. Ona görə də müəyyən vaxt ərzində özümü onları böyütməyə həsr etmişəm. 2009-cu ildən maşın sürürəm. Bu maşını da prinsipə görə aldım. Sürücülük vəsiqəm var idi. Mənə yaxınlarım deyirdi ki,  boş yerə əziyyət çəkmisən, evdə çürüyəcək. Mən qüruruma sığışdıra bilmədim bu sözü. Elə ona görə də maşın kreditə götürdüm. Şükür ki, yavaş-yavaş işlədim və hazırda da 1500 manat kredit borcum qalıb. Təki sağlıq olsun, ödəyərəm. Əvvəl biznesmen bir xanımın sürücüsü idim.  Tez-tez rayonlara gedirdim. Amma mütləq gecə evə qayıtmalı idim. İstəmirdim ki, övladlarım evdə tək qalsın. Sonra elə oldu ki, həmin xanım getdi öz ölkəsinə, mən də bir müddət işsiz qaldım.

Bir gün qızım internetdən bir iş elanı tapdı. “Yeni şirkətə qadın sürücülər tələb edilir” yazılmışdı. Mən getdim və xanımlar üçün taksi sürücüsü kimi işə düzəldim. Şükür qazancımdan razıyam, min bərəkət. Oğlumu oxuduram, qızım oxuyur. Allah hamını arzusuna çatdırsın”.

2016-cı ildən qadınlar üçün taksi xidmətində işləyən Nigar xanım bir şeydən rahatdır ki, əksər müştəriləri hicablı və ərləri qısqanc olan xanımlardır. “Mənim özüm də yad bir kişi ilə yol gedə bilmirəm. Sıxılıram. Qadınlar isə mənim maşınıma ürəklə minirlər. İlk vaxtlar kişi sürücülər məni görəndə qəribə maraqla tamaşa edirdilər. İndi isə qadın sürücülərin sayının artması onların da dünya görüşünə təsir edir”.

Nigar xanım deyir ki, nadir hallarda kişi müştərisi olur. “Amma mən bilməmişəm ki, o təkdir. Elə olub ki, şirkətdən deyiblər ki, bəs filan yerə get, arvadını da yoldan götürəcəksən. Getmişəm, müştərimi mənzil başına vaxtlı-vaxtında çatdırmışam”.

Sürücü xanım işinin peşəkarıdır. Bildirir ki, qadın sürücülər kişilərdən daha çox diqqətli olurlar. “Kişilər necə gəldi sürür, gedir. Qadınlar anadır. Övladını hər an düşünür. Ona görə də, daha çox məsuliyyət daşıyırlar və yollarda daha çox diqqətli olurlar”.

Nigar xanımın dediyinə görə, indiyədək heç kəs onun haqqını yeməyib: Daimi müştərilərimdən pulu çatmayan olub. Amma gec-tez pulumu veriblər”.

Nigar xanım deyir ki, o, bəzən müştərilərin pis yoldan da çəkindirib.  Elə qızlar olub ki, onlara ana kimi öyüd-nəsihət verib, düz yola qaytarmışam.

Elə söhbət edə-edə mənzil başına çatdım. Nigar xanıma bir sual verdim. Yaxşı iş olsa, taksi sürücülüyündən imtina edərsinizmi?

Mən əziyyət çəkib oxumuşam. Xoşbəxt o insandır ki,  səhər işə tələsir, axşam evə. Hərdən mənim qapı qonşum saat 7-də işə çıxanda ona qibtə edirəm. O,  tezdən çıxır, axşam 6-da evə gəlir. Şənbə, bazar günlərini də istirahət edir. İstədiyim vaxt işə getməyə bilərəm, amma müştərilərimi itirirəm”.

Vüsalə Əlövsətqızı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00