A24 Xeber

Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Gəlir hesablanması qaydaları dəyişdi

Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Gəlir hesablanması qaydaları dəyişdi
66
15 May 2018 - 17:12

Nazirlər Kabineti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişikliklər edib.

A24.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

Yeni qaydalara görə, artıq borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır.

Həmçinin borcalanın (borcalanların) aylıq məcmu gəlirinin müəyyən edilməsi zamanı onun (onların) gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən istifadə edilir.

Nə dəyişdi? 

Sadə dildə desək, yeni qaydalar xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydalarının asanlaşmasını nəzərdə tutur.

Xatırladaq ki, indiyə qədər aylıq məcmu gəlir dedikdə, borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusu nəzərdə tutulurdu.

Dəyişikliklərdən sonra aylıq məcmu gəlir dedikdə, borcalanın (borcalanların) yalnız sabit və sənədlə təsdiq edilən bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusu nəzərdə tutulacaq.

Digər tərəfdən, qüvvədə olan qaydaya əsasən, borcalanlar azı son 24 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Dəyişikliyə əsasən, bu müddət 12 aya endirilib.

Bundan əlavə, indiyə qədər sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə orta aylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməzdi.

Dəyişikliklərdən sonra xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq.

Borcalanın orta aylıq gəlirinin yeni hesablanma qaydası

Yeni dəyişikliklərə görə, borcalanın (borcalanların) orta aylıq gəlirinin hesablanması qaydasına daha bir üsul əlavə olunub. Bundan sonra borcalanın (borcalanların) orta aylıq gəliri borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 aydan az olduğu hallarda (altı aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə hesablanacaq.

Qeyd edək ki, indiyə qədər borcalanın (borcalanların) orta aylıq gəliri yalnız müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanırdı.

Xaricdən gəlir əldə edənlər də ipoteka krediti ala biləcək 

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb:

“Əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm altı ayadək azaldılıb. Eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alnacaq. Yəni, ipoteka krediti üçün müraciət edən vətəndaşın yalnız son səkkiz ayda iş fəaliyyəti varsa, onun gəlirləri cəmlənərək səkkizə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən, kreditə müraciət edən şəxs ən azı iki il belə fəaliyyətlə məşğul olması tələb olunurdusa, indi son bir il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək.

Bundan əlavə, xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq.

Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək”.

Ekspert deyir ki, yeni qaydalara görə, ipoteka kreditinə müraciətdə aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır:

“Məsələn, ipoteka krediti almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa və onu təsdiq edən sənədə malikdirsə, o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamani istifadə oluna biləcək”.

Onun sözlərinə görə, son dəyişikliklər təqdirəlayiq olsa da, ipoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi, həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin ödənişlərin azaldılmasıma ehtiyac var”.

Qeyd edək ki, may ayının əvvəlində prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sözügedən fərman İpoteka və Zəmanət Fondunun nizamnaməsində edilən dəyişikliklər ipotekaya əlçatanlığın təmin edilməsi baxımından vacib hesab edilir.

Belə ki, yeniliklər şəxsi yığımları az olan, aşağı gəlirli, eləcə də, gəlirləri tam rəsmi təsdiqini tapmayan əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsini, əhalinin ipoteka kreditləri hesabına daha müasir tələblərə uyğun və yeni yaşayış sahələri ilə təmin edilməsini, ödəmə qabiliyyəti müvəqqəti pisləşmiş borcalanların hüquqlarının müdafiəsinin təmin edilməsini nəzərdə tutur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00