A24 Xeber

“Manat ucuzlaşmayacaq, narahat olmayın!” – FED-in qərarına ŞƏRH

“Manat ucuzlaşmayacaq, narahat olmayın!” – FED-in qərarına ŞƏRH
1. 214
16 Mart 2017 - 17:28

“Federal Ehtiyatlar Sisteminin (FED) baza faiz dərəcəsini artıraraq 1%-ə çatdırması manatın məzənnəsinə heç bir halda təsir etməyəcək”.

A24.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov FED-in dolların uçot dərəcəsini artırmasını şərh edərkən deyib.

İqtisadçı vurğulayıb ki, artımın manata yalnız psixoloji təsiri ola bilər ki, bu da bu dəfə əvvəlkilərə nisbətən olduqca cüzi xarakter daşıyacaq:

Pərviz Heydərov

Pərviz Heydərov

“Ölkəmizin valyuta bazarında yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra demək olar ki, sabitləşib. Bunda isə bir neçə faktor mühüm rol oynayıb və oynayır. Birincisi, xarici təsirlər, yəni neftin qiymətiylə əlaqədar, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə əsas ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsiylə bağlı təzyiqlər azalıb, ikincisi hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişib, üçüncüsü, ölkədə pul-kredit siyasəti olduqca sərtləşdirilib, dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilməklə təkmilləşdirilib, beşincisi isə ölkədə dollarizasiya prosesinin özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimum səviyyəyə enib”.

Ekspert bildirib ki, FED-in qərarı ilə əlaqədar manat ucuzlaşmayacaq:

“Çünki banklarda dollar çoxdur, manat isə əksinə. İdxal da əvvəlki həcmdə deyil. Çünki əvvəla, alıcılıq qabiliyyəti əvvəlki həddə deyil, ikincisi də işgüzar fəallıq səmərəlilik endiyindən və risk amilləri çoxaldığından “ölü vəziyyətdədir”. Odur ki, manat ucuzlaşmayacaq! Narahat olmayın”.

Ekspertin sözlərinə görə, bu artımın neftin qiymətinə təsiri ola bilər, amma ABŞ özü buna hazır deyil:

“Amma bunun yeganə bir mənfi cəhəti olacaq. O da bundan ibarətdir ki, neft ucuzlaşa bilər. Neftin 40 dollarədək enməsi isə dövlət gəlirləri ixracdan asılı olan ölkələrin hamısı üçün təhlükəlidir.

Buna isə heç ABŞ-ın özü də hazır deyil. Ona görə də, Canet Yellen xanımın bu qərarı sırf Amerika iqtisadiyyatı üçün hesablanmış bir addımdır. Təkrar edirəm ki, qorxmağa dəyməz!”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00