A24 Xeber

Məhkəmə Elşad Mirinin kitabını araşdırmaq üçün müstəqil EKSPERT tapa bilmədi

Məhkəmə Elşad Mirinin kitabını araşdırmaq üçün müstəqil EKSPERT tapa bilmədi
207
16 May 2018 - 12:36

İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” adlı kitabına qoyulan qadağaya görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini verdiyi məhkəmə prosesi may ayının 15-də də davam edib.

“A24.az” xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılan məhkəmə iclasında dinşünaslıq ekspertizasının təyin edilməsi məsələsi müzakirə olunub.

Məhkəmə bu ekspertizanın Azərbaycan Milli Akademiyasının və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimlərinə həvalə edilməsinin zəruriliyini qeyd edib. Kitabı yasaqlanan ilahiyyatçı isə etiraz edib. Əsas olaraq da, bu gün kitabına yasaq qoyanların BDU-nun ilahiyyat fakültəsinin yetirmələri olduğunu, bu şəxslərin əksəriyyətinin Dini Komitəyə tabe olduqlarını və ya Komitədən asılı olan şəxslərlə birbaşa əlaqədar (onların tələbələri, işçiləri və s.) olduğuna görə bu cür ekspertizanın nəticələrini obyektiv hesab etmək mümkün olmayacağını bildirib.

Bundan başqa, iddiaçı tərəf qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 29-cu maddəsinə əsasən, dinşünaslıq ekspertizasının aparılmasını məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təmin etməli olduğuna görə bu ekspertizanın digər qurumlara həvalə edilməsi qanunvericiliyə ziddir.

Eyni zamanda, iddiaçı Elşad Miri məhkəməyə 2014-cü ildə buraxılmış “Dəvət” adlı jurnalları da təqdim edib. Bu jurnalları təqdim edərək, kitabında peyğəmbərlərin günahsızlığı ilə bağlı etiraz doğuran məqalələr bu jurnallarda 2014-cü ildə çap edilsə də cəmiyyət içində heç bir narazılıq olmayıb və ölkədəki dini duruma mənfi təsir göstərməyib. İlahiyyatçı Elşad Miri bu jurnalları cavabdehin etirazının və mənfi rəyinin əsassızlığını təsdiq edəcək sübut kimi işə əlavə olunmasını xahiş edib və məhkəmə bu jurnalları qəbul edib.

Məhkəmə dinşünaslıq ekspertizasının təyin edilməsi ilə əlaqədar işi qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib. Lakin ilahiyyatçı kitabını Azərbaycan dilində Türkiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxararaq ictimaiyyətə təqdim edib.

“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00