Mənim ölkəmin qadını - Aysel Əlizadə yazır

Mənim ölkəmin qadını – Aysel Əlizadə yazır
Want create site? Find Free WordPress Themes and plugins.

Bir video çıxdı qarşıma. Kişi əlində mikrofon Zeynəb binti Əliyə ağı deyib iç çəkir, ağlayır, tərini dəsmalla silir və ətrafdakıları da ağladırdı. Zeynəb Məhəmməd peyğəmbərin nəvəsi, Əli və Fatimənin qızı olub. Kərbəla döyüşlərində o da əsir düşüb. Deyilənlərə görə başqa əsirlərə şəfqəti və qayğısı ilə hörmət qazanıb. Bu, əlbəttə, bir qadın kimi onun gücünü və acı taleyini ifadə edən bir tarixçədi. Təəssüf ki, bu şəkildə deyil, başqa cür təqdim olunur yüzillərdi.

Dinlərlə maraqlanan, inanclılara sayğılı olmağa çalışan və bütün yaradıcılığı ilə kosmoteist olan mən dinin bu cür təqdimatına növbəti dəfə üzüldüm. Din insanları ortaq inanc ətrafında birləşdirən sistemdi. Bu sistemlərin öz tezisləri var. O tezislərə görə fövqəl, metafizik, üst bir güc var və o, həyatın düzənini qurur, yaradıb, idarə edir. Bu bir inancdı. İnanc ağlaşma, mütilik, bədbəxtlik və faciə üzərindən təqdim edilərsə, o inanca tapınan insanlar bədbəxtlik dalğasından qurtulmaz, o xalqlar uğur qazanmaz, ağlar günə qalar – necə ki qalır…

Çünki təktanrılı din insanda ümid oyatmaq üçün yaradılıb həm də, daha doğrusu, insanın ümidinin hesabına yaranıb. İnsan ümid edib ki, Tanrı var və insan kimsəsiz deyil. İlahi ədalətə inam mənən kömək edib insana.

Ümid güc verir, ayaqda qalmağa təkan olur.  Həmin o izlədiyim  mənzərədə nə ümid vardı, nə güc… Bədbəxtlik vardı, vəssalam. Hətta çox şəxsi yanaşsam, saxta kədər vardı. İnsanların sarı siminə toxunub xal qazanmaq cəhdi idi. Çünki adı üstündə İnanc! – bu şəkildə yaradılmır. Bu şəkildə mütilik, tabeçilik yaradılır. İnanclı-inamlı insan güclü və ağıllı ola bilər.

Mən Rəsulzadəyə inanıram. Onun taleyini oxuyanda hər dəfə gözlərim dolur. Onun ideyasını yaşadıram. Amma heç vaxt, heç bir halda insanları başıma yığıb bu şəkildə oxşamaram cümhuriyyətçiləri. Ən sadə səbəbdən – onun ideyasını sağlam şəkildə, ayıq formada çatdırmağa çalışıram insanlara. Cümhuriyyətin nə demək olduğunu aydın cümlələrlə ifadə edirəm. Əlimə mikrafon alıb ağlasam “Rəsulzadə, Topçubaşov nə oldu sizə, vayy” ( çünki onların ailəsi və əzizləri heç də çəkdikləri əzab, sürgün, işkəncə və güllələnmələrlə az ağlanacaq tale yaşamayıblar) bəlkə daha çox adamın diqqətini çəkər, amma heç vaxt elmi görünməz və nəticədə əcdadlarımı, onların savaşını bayağı müstəviyə gətirmiş olaram. Bayağılıq isə uğurlu nəticə verməyib tarix boyu. Bu formada ideyanın təqdimi savadlı, sağlam təfəkkürlü ilahiyyatçı alimlərin özləri tərəfindən tənqid olunarsa, ayıq insanlar həqiqəti görər. Yox, həqiqət budusa?.. Bununla Azərbaycanın bütün ziyalıları tarix boyu mübarizə aparıb, aparacaq… Biz 21-ci əsrdə belə, bu yolda yazıçı Rafiq Tağını qurban vermiş xalqıq.

Bəlkə də biz də belə etməliydik. Bəlkə də bir ay ayırıb, həmin ay boyu Rəsulzadənin ailəsinin başına gətirilənləri deyib ağlamalı, oxşamalıydıq. Söhbət milli dəyərlərə əsaslanan qadın fədakarlığı və qürurundan gedirsə, o zaman ərəb qadınından öncə öz qadınımızı örnək gətirməyimiz gərəkdi. Çünki başqa cür anlatmaq olmur həqiqətləri. Bəlkə də biz oturub – durub dizimizə döyməliydik ki, Əhməd Cavadın qadını Şükriyyə xanım bolşeviklər onu zorlamasınlar deyə paltarlarını çıxarıb tualetdə murdarlayırmış. İyrənib yaxın durmasın heç kim. Yanındakı qadın əsirlərə güc verirmiş.

Bəlkə də gecə – gündüz məclislər təşkil edib, mikrafona ağlamalıydıq ki, Azərbaycanın istiqlal şairəsi Ummugülsüm Bayıl həbsxanasına salınıb, nə işkəncələr görüb, 7 il Sibirdə sürgündə olub. Rəsulzadənin yaşlı anası Maral xanımı deyib ağlamalıydıq. “Ya Maral xanım, ruhun şad olsun, oğlunun arzusu yerinə yetdi, Azərbaycan azad oldu” deməliydik. Qazaxıstanda sürgündə acından qəndi suya batırıb sümürə-sümürə ölən Maral xanımın adını hər yerə yazmalıydıq. Rəsulzadənin sürgündə ürəyi partlayıb ölən xanımından danışmalıydıq dayanmadan. On doqquz yaşlı oğlu Rəsulunun güllələnməsini ağlaya-ağlaya dilə gətirib, “bizim yasını saxlamalı olduğumuz şəcərə budu” deməliydik. Qızı Lətifə xanımın Qazaxıstan çöllərində şaxtadan donub uşaqları ilə birgə öldüyünü, digər qızının itkin düşdüyünü hamının gözünə dürtməliydik.

Bu, vətən uğrunda şəhidlik deyilsə, nədi?!  Ağlamaq ağlamaqdısa, bizə tarix yazan, dar macalda sərhəd cızıb adına Azərbaycan deyib Vətən miras qoyan adamın ailəsinin başına gətirilənlərə ağlamalıyıq. Sual verib, cavabını da özümüz səsləndirməliydik bəlkə: “Bu, xilafət savaşı deyildi, xəlifəlik uğrunda dostların, nəsillərin, qohumların bir-birini qırması deyildi, bu, Vətən uğrunda, Azadlıq savaşı idi”. İşğalçıların zülmü idi. Və bu Azərbaycanın taleyinin qanla yazılışı idi!

Mənim Tanrımın Rəsulu Azərbaycana göydən endirilən bir möcüzə kişiydi. O Tanrı rəsulunun adı Məhəmməddi. Məhəmməd Əmin Rəsulzadə.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar