A24 Xeber

Məzuniyyət hüququ və müddəti – Kim daha çox dincəldi?

Məzuniyyət hüququ və müddəti – Kim daha çox dincəldi?
36
01 Sentyabr 2018 - 14:21
Pedaqoji fəaliyyətlə  məşğul olan  işçilərə  əmək məzuniyyəti 56 təqvim günü verilir.
Yay mövsümü məzuniyyət dövrü kimi qəbul edilir. Bir çox peşələrdə məzuniyyət vaxtı dəyişkən olsa da, əksər peşələrdə illik məzuniyyət məhz yayda olur.
Artıq yay bitmək üzrədir. Məzuniyyətə gedənlərin əksəriyyəti də qayıdıb. Maraqlıdır, kim nə qədər dincəldi? Qanunla kimlərə daha çox məzuniyyət hüquqi verilir?
“Yeni Müsavat”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən pedaqoji fəaliyyətlə  məşğul olan  işçilərə  əmək məzuniyyəti 56 təqvim günü verilir: “Azərbaycan xalqı qarşısında  xüsusi xidmətləri olan  işçilərin – ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarət alan (yaralanma, travma, kontuziya)  insanların əmək məzuniyyətinin müddəti 46 təqvim günü müəyyən edilib.  Əmək Məcəlləsinin 119-cu maddəsi ilə müəyyən olunmuş əlilliyin  qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olanlara və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyətinin müddəti azı 42 təqvim günü verilir. Yaşı 16-dan az olan işçilərə 42 təqvim, 16 yaşdan -18 yaşadək 35 təqvim günü verilir. Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir”.
F.Talıbov onu da qeyd edir ki, məzuniyyətin hesablanması qaydası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən aparılır: “Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur”.
Nazirlik rəsmisinin sözlərinə görə, Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı gündən etibarən altı ay işlədikdən sonra yaranır: “Eyni  məcəllənin 137-ci maddəsinin 2-ci hissəsinə əsasən müstəsna hallarda istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir”.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00