Mikayıl Müşfiqin büstünün heykəllə əvəzlənməsi arzusu - FOTOLAR

Mikayıl Müşfiqin büstünün heykəllə əvəzlənməsi arzusu – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Mən 1947-ci ildə Bakıda, o vaxtkı 2-ci Sovet (indiki 2-ci Nərimanov) küçəsi-6 ünvanında doğulmuşam. Şair Mikayıl Müşfiqin anadan olduğu və bir müddət yaşadığı evdə. Onun həyat yoldaşı Dilbərin “Müşfiqli günlər” əsərində də həmin binanın şəkli var. Atam danışırdı ki, Müşfiq repressiya olunandan sonra oranı bizə veriblər. Həyətdə üç otaq vardı. İki qonşu idik. Qonşumuz yaşlı bir kişi idi, tək otaq ona düşüb. Ailəmiz böyük imiş deyə, iki otağı bizə veriblər. 9 nəfərlik ailəmiz uzun müddət o ikiotaqlı kiçik evdə yaşadı”.

A24.Az 525.Az-a istinadən xəbər verir ki, bu cümlələri keçmiş vəkil və Penitensiar Xidmət əməkdaşı, hazırda təaqüddə olan 70 yaşlı Səfər Hüseynovun bizimlə bölüşdüyü xatirələrindən götürmüşük. Unudulmaz şairimiz Mikayıl Müşfiqin Bakıdakı büstünün sökülməsi haqda xəbərlərin gündəmi tutduğu, ölkə rəhbərindən sıravi vətəndaşa qədər hər kəsdə narahatlıq doğurduğu bir vaxtda söhbətləşdik Səfər Hüseynovla. Redaksiyamızla əlaqə saxlayıb, məlum xəbərlərdən narahatlığını və narazılığını ifadə etdi. Dedi ki, Müşfiqlə bağlı illərdən bəri ürəyində gəzdirdiyi duyğuları, zehnindən çıxmayan xatirələri, düşüncələri var. Ertəsi gün yenidən zəngləşib onun nişan verdiyi məkanda – Nəriman Nərimanovun heykəlinin yanında görüşdük.

Mikayıl Müşfiqlə bağlı izlər, xatirələr qalmış bir məkanda doğulub-böyüdüyünü deyən Səfər Hüseynov maraqlı məqamlardan söz açdı:

“Danışırdılar ki, Mikayıl Müşfiqin bacısı Balacaxanım məktəbdə direktorla mübahisə edib. Buna görə onu həbs eləmişdilər. Söz yayılmışdı ki, guya məhkəmədə hakimi yaralayıb, qrafini onun başına çırpıb. Onu haqsız mühakimə edib 6 il iş kəsmişdilər. Sonra da sürgün. 1955-ci ildə bəraət aldıqdan sonra Bakıya qayıtmışdı. Onda 8 yaşım vardı, ancaq hər şey indiki kimi yadımdadır. Qapını mən açdım. Balacaxanım yaşlı bir kişiylə gəlmişdi, əlində böyük çamadan vardı. Atamı soruşdu. İçəridə atamla söhbət elədilər. Qoca dedi ki, bura Balacaxanımın ata evidir. Mümkündürsə, burada yaşamaq üçün ona yer verin. Atam razılaşdı. O bilirdi ki, həmin evi Müşfiqin atası tikib, xeyli müddət orada yaşayıblar, şair də o evdə doğulub. Odur ki, atam iki otaqdan ən böyüyünü boşaldıb Müşfiqin bacısına verdi. Aramızda şüşə qapı vardı deyə onun necə yaşadığını görür, hal-vəziyyətindən xəbər tuturduq. Çəkdiyi əzab-əziyyət üzündən onun əsəbləri korlanmışdı.Tez-tez Müşfiqin şəklinə baxıb ağlayır, hərdən qəhqəhə çəkib gülürdü. Amma ağıllı, mərd qadın idi. Yaxşı səsi vardı, hərdən oxuyurdu. Vaxtilə tibb bacısı işləmişdi. Bir ara Mikayıl Müşfiqin əsərlərinin toplanılması, çapı ilə məşğul oldu. Bir neçə ildən sonra biz Yasamala köçdük. Sonra eşitdim ki, o da hardasa Yasamalda qalır. Amma daha Balacaxanımla əlaqəmiz olmadı. Bu yaxınlaradək tez-tez ata yurdumuza gedib-gəlirdim. Sonradan oralar plana düşüb söküldü. İndi yerində xarabalıq qalıb. Həyətimiz lap təpənin başında idi. Oradan baxanda Xəzər dənizi, Bakı adamın ayağının altındaymış kimi görünür”.

S.Hüseynov deyir ki, ədəbiyyatımızın görkəmli nümayəndəsi, əvəzsiz şairimiz Mikayıl Müşfiqin xatirəsi daima əziz tutulmalı, onun irsinə, abidəsinə hər zaman ehtiram göstərilməlidir: “Şairin büstünə qarşı xoşagəlməz davranış, bütün xalqımız kimi, məni də ağrıtdı. Yaxşı ki, dövlətimizin rəhbərliyi öz mövqeyini bildirdi, günahkarların cəzalandırılması barədə göstəriş verildi”.

Özünü Mikayıl Müşfiqin adıyla, həyatıyla bağlı məkanın son sakini adlandıran Səfər Hüseynov danışdıqca kövrəlir: “70 yaşım var. Ömrün qürubundayam. Bir vaxt Müşfiqin nəfəsi hopan, onun izləri düşən evdə yaşamış, oranı görüb yaddaşında saxlamış adamlardan indi bircə mən qalmışam. Ona görə də xalqımızın dəyərli şair övladının ruhunu sevindirmək üçün nəsə etməyi özümə borc bilirəm. Müşfiqin qəbri bəlli deyil, hətta yoxdur da deyə bilərik. Ev muzeyi Xızıda olsa da, Müşfiq Bakıda, sonralar mənim də yaşadığım evdə doğulub. Barı doğulduğu yer unudulmasın, Bakıda heykəli, şairin adına, xatirəsinə layiq bir məkan olsun. Bir halda ki, Müşfiqin abidəsi ilə bağlı məsələ gündəmdədir, mən bir məqama da toxunmaq istərdim. Daha doğrusu, bu mənim arzumdur. Yəqin hamımızın ürəyincə olar ki, həmin sökülən büstün əvəzinə Müşfiqin əzəmətli heykəli ucaldılsın. Uyğun yer də var: orada yaşıllıq, park salınar, hətta Müşfiqin kiçik muzeyini yaratmaq mümkündür. Bununla həm Bakıda gözəl məkanlardan biri də artar, həm də cəfakeş şairimizin ruhu şad olar”.

Asta-asta keçmiş 2-ci Sovet küçəsinə yönəlirik. Yolun sağ tərəfində bəzi evlər hələ sökülməyib, bəzilərinin isə yerində artıq hündür daş hasar ucalır. Solumuz enişdir, Bakının panoraması, qış günəşində parıldayan Xəzərin sinəsi aydın göünür.

Bir vaxtlar Müşfiqgilin evi olan yerdə dayanırıq. Səfər Hüseynov susub ətrafa göz gəzdirir. Dayandığı yer bir zaman onun da ata yurdu imiş. İndisə təkcə nahamar, kələ-kötür, daşlı torpaq var. Bir də çılpaqlığından utanan ağaclar. Üzümüzü Xəzərə çeviririk. Soyuq xəzri əsərək dənizin bağrından qopan səsləri gətirib bizə çatdırır. Bəlkə də o səslərin içərisinə Müşfiqin narahat ruhunun sədası da qarışır…

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar