A24 Xeber

Mindən çox əsiri xilas edən “Qarabağ”ın baş məşqçisinin doğum günüdür

Mindən çox əsiri xilas edən “Qarabağ”ın baş məşqçisinin doğum günüdür
46
22 Aprel 2018 - 15:18

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, “Qarabağ” futbol klubunun keçmiş baş məşqçisi Allahverdi Bağırovun doğum günüdür.

A24.Az xəbər verir ki, A.Bağırov 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. Kiçik yaşlarından idmana, xüsusən də futbola böyük maraq göstərib və Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin edilib və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

O, Qarabağ müharibəsi zamanı Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. 1991-ci il oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayır, batalyona rəhbərlik edib.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə, Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülüb. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.

Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.

Bağırov 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanik kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. O, qardaşı Eldar Bağırovun yanında – Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00