Nazirlər Kabinetindən YENİ QƏRAR: Bu mərkəzə yeni səlahiyyət verildi

Nazirlər Kabinetindən YENİ QƏRAR: Bu mərkəzə yeni səlahiyyət verildi
Want create site? Find Free WordPress Themes and plugins.
Mərkəz tərcümə olunan materiallarda dövlət dilinin düzgün işlənməsinə nəzarəti həyata keçirəcək

Nazirlər Kabineti “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qərar verib.

A24.Az-ın APA-ya istinadən məlumatına görə, Nizamnaməyə əsasən Tərcümə Mərkəzi Azərbaycan Respublikasının dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkilini və tənzimlənməsini, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasını və təbliğini həyata keçirən publik hüquqi şəxsdir.

Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;

– ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və beynəlxalq əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;

– tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, yüksək ixtisaslı tərcüməçi kadrların hazırlanmasının təşkili;

– Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğinin təmin edilməsi, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edilməsi və nəşri;

– tərcümə olunan materiallarda dövlət dilinin düzgün işlənməsi, elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesinin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.

Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

– dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

– tərcümə sənətinin inkişafının elmi araşdırılmasını və ümumiləşdirilməsini aparır;

– tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi üzrə tədbirlər həyata keçirir;

– dövlət dilindən düzgün istifadə məqsədi ilə müvafiq ədəbiyyatların və sözlüklərin hazırlanmasını təşkil edir;

– ölkə üzrə elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesini təşkil edir;

– büdcə təşkilatlarının müraciətləri əsasında tərcümə prosesini təşkil edir, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirir;

– dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği işini həyata keçirir, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edir, onları nəşr edir, habelə bu məqsədlə xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla və təşkilatlarla əməkdaşlıq edir;

– dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqələr qurulmasını təmin edir;

– tərcüməni peşəkar tərcüməçilərlə və bilavasitə tərcümə sahəsində ixtisaslaşmış təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində təşkil edir;

– tərcümə sahəsində kadr hazırlığını təmin edir, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

– Azərbaycanda və xaricdə fəaliyyət göstərən tərcüməçi mütəxəssislərin məlumat bazasını aparır;

– dövlət dilinin əhəmiyyətini geniş təbliğ edir;

– tərcümə standartlarına dair tövsiyələr hazırlayır;

– tərcüməsini təşkil etdiyi materialların kağız və elektron daşıyıcılarından ibarət fond yaradır;

– Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin həyata keçirilməsini təmin edir;

– qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

– Mərkəzə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

– dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

– öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” qanun ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

– Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;

– Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər görür;

Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

– Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq, yaxud onların hazırlanmasında iştirak etmək;

– sifariş əsasında tərcümə xidmətləri göstərmək, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirmək;

– qəzet, jurnal, xüsusi bülleten və digər nəşrlər buraxmaq;

– dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

– fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

– bu Nizamnaməyə uyğun olaraq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

-. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək;

– tərcümə sahəsi üzrə müxtəlif formatlı müsabiqələr keçirmək;

– müqavilə əsasında fəaliyyətinə ekspertlər və mütəxəssislər cəlb etmək;

– tərcümə sahəsinin təkmilləşdirilməsinə və inkişafına dair konfranslar, simpoziumlar, müşavirələr və seminarlar təşkil etmək;

– tərcümə işinin nəzəri və praktiki məsələlərinə dair metodiki vəsaitlər hazırlamaq və nəşr etmək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar