A24 Xeber

Niderland Türkiyə münasibətləri niyə gərginləşdi? – “Avropa Ərdoğanı istəmir” – Politoloqdan AÇIQLAMA

Niderland Türkiyə münasibətləri niyə gərginləşdi? – “Avropa Ərdoğanı istəmir” – Politoloqdan AÇIQLAMA
1. 245
13 Mart 2017 - 12:04

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Niderlanda uçuş icazəsinin ləğv edilməsi və Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmayaraq ölkədən çıxarılması iki ölkə arasında gərginliyə səbəb olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland rəsmilərinin bu addımı atmasına cavab olaraq onları faşist adlandırıb:

Rəcəb Tayyib Ərdoğan

Rəcəb Tayyib Ərdoğan

“Baxarıq, Hollandiya, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatlardan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər”.

Türkiyənin Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobili Rotterdamdakı Baş Konsulluğa yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Türkiyəli nazirin avtomobilinin saxlanılmasına görə ölkə vətəndaşları Niderlandda aksiya keçiriblər. Aksiya zamanı Niderland polisləri türk aksiyaçılarına güc tətbiq ediblər. Bu da məsələnin daha da böyüməsinə rəvac verib.

Fatma Betül Sayan Kaya

Fatma Betül Sayan Kaya

Türkiyənin baş naziri Binəli Yıldırım Niderlandın atdığı bu addıma qarşı cavab veriləcəyini  vurğulayıb və Rotterdamdakı hadisəni “böyük siyasi qalmaqal” adlandırıb:

Binəli Yıldırım

Binəli Yıldırım

“Biz Niderland hakimiyyətinin hərəkətlərinə qətiyyətlə etiraz edirik. Ankaranın cavab tədbirləri son dərəcə sərt olacaq. Türkiyəyə və diplomatik toxunulmazlığı olan nazirə təzyiq yolverilməzdir”

Niderland ilə münasibətləri pozulan Türkiyə rəsmiləri ilə Danimarka baş naziri də görüşməkdən imtina edib. Baş nazir Lars Rasmussen Türkiyə və Niderland arasında yaranan münaqişə ilə əlaqədar türkiyəli həmkarı Binəli Yıldırıma Danimarkaya səfərini təxirə salmağı təklif edib.

Lars Rasmusse

Lars Rasmusse

Məsələ ilə əlaqədar mətbuata açıqlama verən Niderlandın baş naziri Mark Ryutte Türkiyədən üzr istəməyəcəyini  bildirib:

Mark Ryutte

Mark Ryutte

“Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm. Üzr istəməkdən söhbət gedə bilməz. Onlar dünən etdiklərinə görə üzr istəməlidirlər”.

Gərginliyin bu qədər böyüməsi, eləcə də bəzi dövlətlərin Türkiyəni təkləməsinin əsas səbəbi nədir? Niderland ilə münasibətlərin pozulması Türkiyənin daha hansı ölkə ilə  əlaqələrinin pozulmasına gətirib çıxaracaq? Bu gərginliyin yaranmasının Azərbaycana təsiri olacaqmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu A24.Az-a açıqlamasında iki dövət arasında münasibətlərin pozulmasının heç bir ölkəyə xeyri olmadığını bildirdi:

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

“Niderland yanlış hərəkət etdi və nəticədə vəziyyət gərginləşdi. Məsələ ilə əlaqədar Türkiyə rəsmilərinin Niderlanda qarşı çıxışları da problemi daha da dərinləşdirə bilər. İki dövlət arasında çox sıx iqtisadi əlaqələr var. Səhv etmirəmsə, ticarət mübadiləsi 5 milyard dollara yaxındır. Bununla yanaşı, Niderlanddan Türkiyəyə hər il milyona yaxın turist axını olur. Bu əlaqələr tamamilə dondurulsa, Türkiyəyə də ciddi təsir edəcək. O vaxt Rusiya ilə də belə bir hadisə baş vermişdi. Niderland böyük günah işlətdi, Türkiyə nazirlərinə ölkəyə girişi qadağan etdi. Halbuki bu, Vyana konvensiyasına da zidd idi. Amma çox dərinə getmək də iki dövlətin xeyrinə olmayacaq. Hər iki tərəfdən də ağır ittihamlar səslənir. Düşünürəm ki, bir müddət sonra münasibətlər əvvəlki axarıma qayıdacaq. Amma hər halda hazırda gərginlikdir”.

Politoloq qeyd etdi ki, Türkiyənin tək Niderland ilə deyil, ümumiyyətlə Avropa İttifaqı ilə gərginliyi davam edir. Almaniya ilə bağlı müəyyən soyuqluq var.

“Bu, Türkiyənin Avropa İttifaqına üzvlüyü yolunda da ciddi  bir maneə yarada bilər. Avropa İttifaqının özü də Türkiyə ilə ikili standartlarla davrandıqca, Türkiyəni getdikcə itirirlər. Çünki Avropa ölkələrində PKK yenə də sərbəst dolaşır. Gülən tərəfdarları fəaldırlar. Bu məsələlər də həll olunmamış qalır. Niderlandda 5 milyon türk yaşayır. Bu insanların da çoxu ikili vətəndaşlığa malikdir. Türkiyədə seçki və ya referendum olarsa, bunların səsvermə hüququ var ki, gedib səs versinlər. Ona görə normaldır ki, Türkiyə hakim partiyası və müxalif nümayəndələri Avropada təbliğat aparırlar. Bunun qarşısını əvvəllər heç almırdılar. Amma indi alırlar. Çünki Ərdoğanla münasibətləri gərgindir”.

Siyasi şərhçi iki ölkə arasında gərginliyin Azərbaycana təsirindən söz açarkən vurğuladı ki, rəsmi Bakı bu məsələ ilə bağlı öz mövqeyini artıq bildirib:

“Azərbaycan XİN açıqlamasında Niderland rəsmilərinin Türkiyəyə qarşı bu hərəkətini pisləyib. Düşünürəm ki, bu Azərbaycan Niderland arasındakı münasibətlərə təsir etməyəcək. Və bundan sonra da hansısa gərginliyin yaranacağını güman etmirəm”.

Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu

Qeyd ki, M.Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Niderland hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00