A24 Xeber

Nobel medalını nazirə bağışlayan yazıçı

Nobel medalını nazirə bağışlayan yazıçı
1. 007
19 Mart 2017 - 18:32

Əyyub Qiyas

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə 1920-ci il Nobel laureatını təqdim edir. Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: Knut Hamsun”.

Dünya şöhrətli Norveç yazıçısı, şair, dramaturq Knut Hamsun 1859-cu ilin 4 avqust tarixində Norveçin Qudbrandsdalen vadisində, kənd dərzisi Petr Pedersenin ailəsində dünyaya gəlib. Knut ailənin dördüncü övladı olub. Uşaqlığı kasıblıq içində keçib, doqquz yaşından əmisinin yanında – kontorda xidmətçi işləyib, daha sonra isə (1873-cü ildən) ömrünün səyahət illəri başlayıb. Həmin səyahətlər gələcək yazıçının həyatında mühüm rol oynayıb. 17 yaşından etibarən yazıçılığa həvəs göstərib. Hamsunun “Sirli adam. Nurlandda eşq əhvalatı” (norv. Den Gaadefulde. En kjærlighedshistorie fra Nordland) kitabı 1877-ci ildə işıq üzü görüb.
Gənclik illərində çoxlu səyahətlər edib, tez-yez ABŞ-a gedib. 1888-ci ildən etibarən Kopenhagendə yaşamağa başlayıb. 1890-cı ildə Hamsunun novatorluqla qələmə aldığı “Aclıq” psixoloji romanı nəşr olunub və əsər ona böyük şöhrət gətirib.
1890-cı illərdə, xüsusilə də 1900-cü ildə Hamsun dünyanın ən tanınmış modernist yazıçı və daramaturqlarından biri olub.
1898-ci ildə yazıçı Bergliot Bex ilə ailə qurub və bu evlilik səkkiz il çəkib. 1909-cu ildə Qnut Hamsun ikinci dəfə, aktrisa Mari Andersen ilə evlənib. Evləndikdən sonra Mari aktrisalıq fəaliyyətinə son qoyub və ömrünün sonunadək Hamsunla birlikdə yaşayıb. 1918-ci ildə cütlük Nyorholmda malikanə alıb və yazıçı ömrünün qalan hissəsini həmin malikanədə keçirib.
1920-ci ildə Hamsun “Torpağın şirəsi” (norv.Markens Grøde) adlı romana görə ədəbiyyat üzrə iyirminci Nobel mükafatçısı kimi tarixə düşüb. 1943-cü ildə yazıçı Nobel medalını Üçüncü Reyxin təbligat naziri Gebbelsə bağışlayıb.
Söz düşəndə Hamsun öz yaradıcılığı barədə deyirdi: “Bir müasir psixoloq kimi mən ürəkləri fəth etməli və ona işıq tutmalıyam. Mən onu hərtərəfli öyrənməliyəm, lazım olsa lap onun gizli dərinliklərinə qədər getməliyəm”.
Norveç yazıçısı Q.Hamsun “Görüş” (ballada), “Amerikanın mənəvi həyatı” (məqalə), “Aclıq”, “Redaktor Lyünge”, “Təzə cücərtilər”, “Viktoriya” və s. romanların, “Pan” povestinin və “Monax Vendt” kimi pyesin müəllifidir.
Dünya ədəbiyyatı tarixinə iyirminci Nobel mükafatçısı kimi düşən Qnut Hamsun 1952-ci ildə, 93 yaşında Norveçin Qrimstad şəhərində vəfat edib.

 

HƏYATIN SƏSİ
Yazıçı X deyirdi:
Kopenhagendəki kiçik limanın yaxınlığında bir küçə var, adına Vestervol deyirlər – yeni kimsəsizlər bulvarı. O yerdə evlər təkəm seyrəkdir, elə çıraqlar az-az gözə dəyir, ziyərtçi isə, demək olar yoxdur. Lap elə indinin özündə, yayda da, oralara baş çəkmək az adamın ağlından keçir.
Nə isə! Dünən axşam həmin küçədə başıma bir iş gəlib.
Üzbəüz gələn xanımı görəndən sonra bulvarı bir-iki dəfə dolaşmağa macal tapa bildim. İkimizdən başqa heç kəs yox idi. Çıraqlar yansa da, ətraf qaranlıqdı və mən onun üzünə baxa bilmirdim. Onun adi gecə qadınlarından biri olduğunu düşünüb yanından ötüb keçdim.
Bulvarın axırına çatanda çevrildim, qadın da çevrildi, yenidən qarşılaşdıq. Fikirləşdim: yəqin kimisə gözləyir, baxaq görək – kimi.
Növbəti dəfə yanından ötüb keçdim.
Üçnücü dəfə yanından ötəndə şlyapamı əlimə alıb onunla danışdım.
–Axşamın xeyir! Burada kimisə gözləmirsiz ki?
Səksəndi.
–Yox… Hə, gözləyirəm.
Gözlədiyi adam gəlib çıxana qədər ona yoldaşlıq eləsəm pis çıxmaz ki?
Əlbətdə olar, o bu fikrə qarşı çıxmır. Mənə təşəkkür edir. (Məslə ondadır ki, heç kəsi gəzləmir, sadəcə gəzir özüyçün, buralar çox sakitdir axı).
Biz asta-asta, yanaşı addımlamağa başladıq və müxtəlif şeylər barədə söhbət etdik, əlindən tutmağı təklif etdim.
–Yox, ehtiyac yoxdur, – deyib, başını buladı.
Belə addımlamaq heç ürəyimcə deyildi, qaranlıq olduğundan üzünü də görə bilmirdim.
Kibrit alışdırıb saata baxdım, kibriti qaldırıb üzünə işıq saldım.
–Doqquzun yarısıdr, – dedim.
Yenə səksəndi, yüz faiz, ona soyuq idi. Vəziyətdən istifadə edib soruşdum:
–Siz üşüyürsüz, bəlkə bir yerə gedib nəsə içmək istəyirsiz? “Tivoli”yə? “Nasionl”a?
–Yox, gördüyünüz kimi, indi heç yerə gedə bilmərəm, – cavab verdi.
Bu vaxt üzünü qara matəm duvağı altda gizlətdiyini sezdim.
Qaranlığa sığınıb üzr istədim. Üzrxahlığımı qəbul edəndə, onun adi gecə qadınlarından olmadığını yəqin etdim.
–Əlimdən tutun, – bir də təkrar etdim. – Bir az isinərsiz.
Əlimdən yapışdı.
Bir neçə dəfə irəli-geri gedib qayıtdıq. Bir də saata baxmağımı xahiş etdi.
–On tamamdır, – cavab verdim. – Hansı tərəfdə qalırsız?
–Köhnə Korolevski küçəsi tərəfdə.
Dayandırdım onu.
–Bəlkə sizi evinizə ötürüm? – soruşdum.
–Yox, bu mümkün deyil, – cavab verdi. – Mümkün deyil… Siz Bredqad tərəfdə qalırsız?
–Hardan bildiz? – heyrətlə xəbər aldım.
–Kim olduğunuzu bilirəm, – dedi.
Sükut. Əl-ələ tutub gedirik, sonra burulub işıqlı küçələrə çıxırıq.
O, sürətlə addımlayırdı, üzündəki duvaq yellənirdi. Bir qədər sonra dedi:
–Bir az tez-tez gedək.
Köhnə Koroleveski küçəsindəki alaqapıya çatanda dayanıb mənə tərəf çevrildi, elə bil onu ötürdüyüm üçün mənə təşəkkür etmək istəyirdi. Qapını onun üzünə açdım, sakitcə içəri keçdi. Qapını çiynimlə ehmalca saxlamışdım, onun ardınca alaqapıdan içəri girdim. O, yenə əlimdən yapışdı. Danışmırdıq.
Pillələrlə qalxıb üçüncü mərtəbədə ayaq saxladıq. Bu dəfə özü açdı qapını, sonra ikinci giriş qapısını da açıb əlimdən tutaraq məni evə apardı. Otağa keçdik; divarda çıqqıltı ilə işləyən saatın səsi eşidilirdi. Xanım qapı qarşısında bir anlıq dayandı, qəfildən məni qucaqlayıb dodaqlarımdan öpdü. Birbaşa dodaqlarımdan.
–Əyləşin, – dedi. – Bu da taxt. Mən də işığı yandırım.
Və yandırdı.
Çaşqınlıq içində və maraqla ətrafa baxırdım. Bura iri və səliqə ilə döşənmiş qonaq otağı idi; açıq qapıdan digər otaqlar da görünürdü. Belə qeyri-adi şəraitdə tanış olduğum varlıqdan baş aça bilmirdim. Dedim:
–Bura çox gözəldir! Burda yaşayırsız?
–Bəli, bu mənim evimdir, – cavab verdi.
–Sizin eviniz? Burda valideynlərinizlə bir yerdə yaşayırsız?
Gülümsəyib dedi:
–Yox-yox, mən yaşı keçmiş ərli qadınam. İndi özünüz də görərsiz.
O, paltonu soyununb duvağı götürdü.
–Buyurun, baxın! – deyib, qarşısıalınmaz ehtirasla məni yenidən qucaqladı.
Onun iyirmi iki, iyirmi üç yaşı ancaq olardı. Sağ barmağında nişan üzüyü vardı və bu onun doğrudan da ərli qadın olduğuna sübut idi. Gözəl idimi? Yox, üzündə həddən artıq çilləri olan, demək olar ki, qaşları olmayan bir qadın idi.
–Hə, buyurun, baxın! –dedi və yenə də qarşısıalınmaz ehtirasla məni qucaqladı. Bütün varlığı ilə həyat eşqindən zövq alırdı, son dərəcə gözəl ağzı vardı.
Adını xəbər almaq, ərinin harda olduğu ilə maraqlanmaq, əgər doğrudan da əri varsa, o zaman mənim onun evində nə itim azdığını öyrənmək istədim, amma o, mənə daha çox qısılaraq ağzımı açmağa imkan vermədi.
–Adım Ellendir, – dedi. – Bir şey istəmirsiz ki? İnciməyin, bir yerə zəng vurmalıyam. Amma mən danışanda gərək bir müddət ora, yataq otağına keçib gözləyəsiz.
Yataq otağına keçdim. Qonaq otağından düşən işıq oranı azacıq işıqlandırırdı, orada qoşa çarpayı gördüm. Ellen zəng vurub şərab gətirilməyini tapşırdı, xidmətçi qadının şərab gətirəndən sonra getdiyini eşditdim. Bir dəqiqə sonra Ellen yataq otağına gəlib qapı qarşısında dayandı. Ona doğru addımladım və bunu görəndə o da mənə tərəf dartınıb sakit səslə çığırdı…
Bütün bunlar dünən axşam baş vermişdi…
Sonra nələr oldu? Səbrli ol, sonra çox şeylər oldu!
Səhər yuxudan duranda hava təzə işıqlanırdı. Gün işığı pərdəni dəlib keçirdi. Ellen də oyandı, yorğunluqla köks ötürüb üzümə gülümsündü. Ağ, incə əlləri vardı, sinəsi – elə dik idi ki… Nəsə pıçıldadım qulaqlarına, o isə mənə danışmağa imkan vermədi, zərif bir toxunuşla ağzımı dodaqları ilə tutub qapatdı. Hava hər an daha çox işıqlaşırdı.
İki saat sonra ayaq üstə idim. Ellen də qalxmışdı, paltarları ilə qurdalanır, çəkmələrini geyinirdi. Və bu yerdə məni bürüyən dəhşətdən donub qaldım, gördüklərimin qorxulu yuxu olduğuna inanmaq istəyirdim.
…Elen nə üçünsə qonşu otağa keçir, o, qapını açanda mən də çevrilib onun arxasınca baxıram. Açıq pəncərələrdən içəri soyuq dolur və otağın ortasındakı iri masanın üstündə uzanıb qalan cəsədi görürəm. Tabutda uzanan ağ paltarlı, çal saqqalı cəsəd. Arıq ayaqaları örtük altında itən, qeyzlə sıxılan yumruqlar, saralmış sifəti ilə adamı dəhşətə gətirən cəsəd. Bütün bu mənzərəni parlaq gün işığında seyr edirəm. Çevrilirəm və heç nə demirəm.
Ellen qayıdanda mən artıq geyinib getməyə hazırlaşırdım. Onun məni qucaqlamağına zora qarşılıq verə bilirdim. Yenə nəsə geyinmək və məni aşağıya qədər ötürmək istəyirdi. Etiraz etmədim və hələ heç nə deməmişdim. Çıxışda görünməmək üçün kürəyini divara dirəyib pıçıldadı:
–Hələlik.
–Sabaha qədərmi? – ehtiyatla xəbər aldım.
–Yox, sabah yox.
–Nədən sabah yox?
–Sus, əzizim, sabah dəfndə iştirak etməliyəm, yaxın bir qohumum ölüb. Sən ki, bunu bilirsən.
–Onda, birigün?
–Hə, birigün, mən səni bax burda gözləyəcəm. Hələlik.
Getdim…
Kim idi o? Bəs o cəsəd? Yumruqlarını necə də bərk sıxmışdı, hələ dodaqlarının ucunda donub qalan o tragikomik qriması demirəm! Birigün o, məni yenidən gözləyəcək – gedim, ya yox?
Ordan çıxıb birbaşa “Bernina” kafesinə gedirəm, sorğu kitabını alıb Köhnə Korolevskaya küçəsindəki həmin ünvanı axtarıram və beləliklə oradkı soyadı tapıram. Oturub səhər qəzetlərinin gətirilməyini gözləyirəm, qəzetlər gələn kimi diqqətlə onları vərəqləyirəm və vəfat edənlərlə bağlı xəbərlər səhifəsinə baxıram. Beləliklə, iri, qara şriftlərlə yazılmış elanı da tapıram: “Mənim ərim uzun sürən ağır xəstəlikdən sonra bu gün, 53 yaşında dünyasını dəyişdi”. Elan iki gün əvvələ aid tarixlə verilib.
Bir müddət oturub düşünürəm: Bir ər-arvad yaşayır, qadın ərindən otuz yaş kiçikdir, kişi uzun müddət xəstə yatır və günlərin birində ölür.
Cavan dul qadın rahatlıqla nəfəs dərir. Həyat, amansız və şirin həyat onu səsləyir və qadın da onu səsləyən həyatın səsinə səs verir: gəlirəm!
Və elə həmin axşam o, Vestervola yollanır…
Ellen, Ellen – demək, birigün!

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00