...Növbəti stansiya "İnsanlıq" olmalı...

…Növbəti stansiya “İnsanlıq” olmalı…
Want create site? Find Free WordPress Themes and plugins.

Bacardıqca metrodan istifadə etmirəm. Xüsusən sərnişinlərin sıx olduğu pik saatlarda, metrodan uzaq durmağa çalışıram. Çünki basabasda sıxılıram, az qalır ürəyim dayansın. Üstəlik, tər, alkoqol, siqaret, qeyri-adi parfümlərin sintezindən yaranan iyrənc qoxu burulğanı başımı gicəlləndirir. İnsanların bir-birinə düşməncəsinə yanaşması, hamının, sadəcə, özünü düşünməsi, vaqona minərkən və düşərkən bir-birinə yol verməyən əcaib canlılar, vaqona daxil olmaq üçün hətta övladını belə əzib keçməyə hazır olan adamlar, basabasdan istifadə edib tərbiyəsizliyini heç cür ört-basdır edə bilməyən səviyyəsizlər… Hansı birindən danışsan dərddir, problemdir, can sıxıntısıdır. Metro vaqonlarındakı texniki və xidməti problemləri də sadaladıqlarıma əlavə etsəm, yaranan mənzərənin vəhşətini göz önündə canlandıra bilərsiniz…

Bir də stansiyaların adının ingiliscə səsləndirilməsini yadınıza salın. Sanki, bu işi naşı bir tələbəyə tapşırıblar. Üstəlik, həmin xanımı xüsusi olaraq seçiblər ki, səsiylə, tələffüzü ilə əsəblərimizi pozsun…
Hərdən məcburən enirəm yerin təkinə. Çünki avtobuslarda da vəziyyət yerin altından fərqli deyil. Heç olmazsa metroda tıxac problemi, siqnal səs-küyü olmur.

…Ötənlərdə cəmi bir neçə stansiya yolum vardı, avtobusla getsəm, gecikəcəyimi düşünüb, endim dərinlərə. Qatar gəldi, qapılar açıldı və təbii olaraq çəkilib yaşlılara və xanımlara yol verdim. Hamıdan sonra güc-bəla öz nataraz gövdəmə yer eləyib, tarazlığımı saxlamağa çalışırdım ki, bir nəfər ədəb-ərkanla kürəyini kürəyimə söykədi. Əvvəlcə bunun təsadüf olduğunu düşünüb, tövrümü pozmadım və azacıq qabağa çəkildim. Amma dərhal da hiss elədim ki, arxadakı kimdirsə, əməlli başlı mənimlə kürək-kürəyə verib yol getmək istəyir. Qatar yelləndikcə hiss elədim ki, kürək-kürəyə verdiyim xanımdır (Texniki olaraq qadın təmasını dərhal hiss edirəm).

Çevrilib narazılıq etmək istəsəm də, dişimi sıxdım. Növbəti stansiyada bir az seyrəklik yaranar, yerimi dəyişərəm düşüncəsi ilə xanıma söykənmək üçün şərait yaratmağa məcbur oldum. Deyir sən saydığını say… Növbəti stansiyada xanım bütün ağırlığı ilə yerini rahatladı. O cansıxıcı basabasda, tərpənməyə heç bir şansım olmadığı üçün yerimdə qaya kimi dimdik dayandım. Bir sonrakı stansiyada zorla vaqona doluşan sərnişinlər sayəsində kürəyimə söykənən qadınla rəsmən bir-birimizə “yapışdıq”. Düşəcəyim stansiyada vaqon, sanki, dərindən nəfəs aldı, qapılar açılanda hamı kimi sürətlə vaqondan özümü platformaya atıb, aradan çıxmaq, uzaqlaşmaq istəyirdim ki, kürək-kürəyə verdiyim qadın, çiynimə toxundu.

– Siz düşürsünüz?

Başımla təsdiqlədim.

– Müəllim, bilmirəm necə deyim, söz tapa bilmirəm. Məcburən sizə söykəndim. Özümü çox pis hiss edirdim. Ümid edirəm ki, məni düz başa düşərsiniz.

Üzünə baxdım, həyadan qızarmışdı, yanaqları alışıb yanırdı…Udqundum. Cavab verməyə söz tapmadım, çiyinlərimi çəkdim və qapılar bağlandı…

Bu nataraz vəziyyətdə, qadına heç nə deyə bilmədim. Nə deyəcəkdim ki? Qadın keçib boşalan yerlərin birində əyləşdi. Mən də baxışlarımı yerə dikib, növbəti stansiyaya qədər, bu vəziyyəti analiz etməyə çalışdım. Vaqonda yer boşalan kimi, cəld şəkildə həmin yerləri zəbt edən bığıburma kişiləri, cavan qızları, oğlanları düşündüm. İnsanların bir-birinə bu qədər laqeyid, eqoist davranması, yalnız özünü düşünməsi içimi göynətdi. Növbəti stansiyada düşüb, yenidən getməli olduğum stansiyaya qayıtdım. Vaqonda eyni mənzərə idi; fürsət tapan oturur və dərhal telefonunu çıxarıb ya oyun oynayır, ya da boş-boş telefonla qurcalanır. Hamının üzündə yorğun, bivec, fərəhsiz ifadə…

Hamı bir-birinə laqeyd…

Hətta heç kəs başını qaldırıb ətrafına baxmırdı. Əcaib qoxu, narahat sifətlər, növbəti stansiyaya çatdığımızı xəbər verən musiqi səsi beynimdə uğuldayırdı. Və həmin, əcaib xəbərdarlıq : “Next steyşn…”
…Növbəti stansiya “İnsanlıq” olmalı…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar