A24 Xeber

Novruzda  qidalanma- Nəyi necə yeməli? – Mütəxəssislər xəbərdarlıq edir

Novruzda  qidalanma- Nəyi necə yeməli? – Mütəxəssislər xəbərdarlıq edir
661
13 Mart 2017 - 16:25

Novruz bayramı çoxlarının sevimli bayramıdır. İstər ruzi bərəkətinə, istərsə də bol süfrəsinə, dadlı-duzlu,  şip-şirin nemətlərinə görə bahar bayramı həmişə seçilib.

Barmaq qoymağa yer olmayan süfrələrdə gördüyümüz hər şeyi yeməliyikmi? Bütün ili min bir əziyyətlə uyğun bədən quruluşuna malik olmaq üçün çalışırıq, diyet saxlayırıq. Birdən-birə Novruzun bol çeşidi ilə orqanizmimizi yükləyirik. Bəs şəkərli-noğullu bayram günlərində necə qidalanmaq lazımdır? Nəyi necə yeməliyik?

Şəkərburanı çayla yox, su və ya südlə yeyin

Tanınmış həkim-dietoloq Fuad Məcidov A24.Az-a açıqlamasında insanlara ilk növbədə şəkərli qidalardan uzaq durmağı məsləhət gördü.

Həkim-dietoloq Fuad Məcidov

Həkim-dietoloq Fuad Məcidov

“Novruz bizim şəkər bayramımızdır. Bayram olduğuna görə, özümüzə bəzi  güzəştlər  etmək olar. Şəkərbura, qoğal, paxlava kimi şirniyyatları yediyimiz zaman çay məsələsində diqqətli olaq.  Çünki çayla içdiyiniz zaman çayın tərkibində olan kofein, qlutamin yeyilən şəkərli qidaların  yağa dönməsinə kömək edir. Novruz şirniyyatlarını ya su ilə, ya da süd ilə qəbul edin. Şirniyyatı yedikdən sonra üstündən bir stəkan  süd için. Yağlı, yağsız fərq etməz.  Çünki süd şirniyyatın tərkibində olan karbohidratdır. O şəkərli qidanın parçalanmasına kömək edir”.

Novruz süfrəsini ətsiz, aşqarasız, plovsuz təsəvvür etmək qeyri-mümkündür. Süfrələrin şahı plov, dolma, qovurma kimi isti yeməklərdən də istehlak etdikdə sağlamlığa ciddi ziyan vurmasın deyə çox ehtiyatlı olmaq lazımdır.

Həkim-dietoloq qeyd edir ki,  isti yeməklər ən azından yavaş-yavaş,  fasilələrlə qəbul edilməli, ağız boşluğunda çox çeynənməlidir. “Plovla ət yedikdən dərhal sonra digər bir isti yeməyə keçməsinlər, balıq, toyuq kimi qidaları qəbul edərkən  yeməklər arasında fasilə verilməlidir.  Mütləq  yeyilən zaman deyil, yedikdən sonra su içilməlidir”.

Qohum-əqrəbaları ziyarət etdikdə də hər evdə müxtəlif ləziz yeməklərə qonaq oluruq. Çox təssüf ki, yemək-içmək olan yerdə sağlamlıq arxa plana keçir.

Sonra peşmançılıq olmasın deyə…

Mütəxəssis F. Məcidov bayramı qeyd edərkən sağlam həyat tərzini də unutmamağı məsləhət görür. “Bol miqdarda su və yürüş etmək vacibdir. Mədə-bağırsaq da dincəlməlidir. Bayram günlərində elə yesinlər ki, sonra peşman olmasınlar. Mədə-bağırsaq xəstəliklərinin yaranmasına şərait yaratmasınlar. Mədə-bağırsaq xəstəlikləri- xora, qastrit, helikobakteriozu olan insanlar bayram günlərində  çox yağlı, duzlu, şirniyyatlı qidalara alüdə olmamalıdır.

Daha çox tərəvəzli qidalardan istifadə etsinlər. Ət, balıq yeməkləri ilə bərabər tərəvəzdən də istifadə etsinlər. Karbohidratlı, məsələn düyü, xəmirli yeməklərin əvəzinə tərəvəzli qidalardan istifadə etsinlər.  Şükürlər olsun ki, Azərbaycan  mətbəxi tərəvəzli qidalarala zəngindir.  Tərəvəzli qidalar qəbul edilən yağlı,  qızardılmış qidaların parçalanmasına kömək edir”.

Hər kəsə bu bolluq,  bərəkət rəmzi olan bayramdan sağlam çıxmağı arzu edirik!

Vüsalə Əlövsətqızı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00