“Oğlumun toyuna çağırmadığım üçün məni öldürmək istədi” - Qazaxda ilginc CİNAYƏT

“Oğlumun toyuna çağırmadığım üçün məni öldürmək istədi” – Qazaxda ilginc CİNAYƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Qazax rayon sakini, 1974-cü il təvəllüdlü Süleyman Möhtərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

A24.Az xəbər verir ki, qətl hadisəsi 24 oktyabr 2014-cü ildə Qazax şəhərində yerləşən istirahət parkında baş verib. Şəhər sakinləri Ramil Qurbansoy və Süleyman Möhtərəmov münaqişə zəminində biri-birinə bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilmiş Ramil Qurbansoyun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı Süleyman Möhtərəmovu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

Barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

“Ondan uzaq olmağa çalışmışam”

Təqsirləndirilən Süleyman Möhtərəmov ifadəsində göstərib ki, mərhum Ramil Qurbansoyu orta məktəbdə oxuduğu dövrdən tanıyıb, Ramil ondan təxminən 3 sinif aşağı oxuyib: “Ramilin qardaşı Amil Qurbanov məndən 3 sinif yuxarı oxuyub, Amil ilə dostluq etmişəm. Ramillə heç bir ədavətim, düşmənçiliyim, həmçinin digər münasibətim olmayıb. Ramil münaqişəyə meyilli olduğundan həmişə ondan uzaq olmağa çalışmışam”.

Süleyman Möhtərəmovun sözlərinə görə, oktyabrın 14-də, uşağına sünnət toyu edib, həmin toy mərasimində dostları və tanışları iştirak edib: “Ramilin qardaşı Amil də həmin toy mərasimində iştirak edib. Ramil ilə münasibətim olmadığından onu toya çağırmamışam. Ailəmi dolandırmaq üçün Qazax şəhərində, Səməd Vurğun adına parkda yerləşən çayxananı icarəyə götürmüşəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 24-də, axşam saatlarında çayxanaya gəlib və tanışları Anar Rəfiyev, Rasim Həsənov və Elşən Pərvanəyevlə birlikdə çayxananın həyətində oturub: “Bu vaxt təxminən 10-15 metr kənardan bir nəfərin səsini eşidib həmin tərəfə baxdım. Ramil Qurbansoyun mənə tərəf gəlmək istədiyini, dostlarının isə onu tutaraq bizə tərəf gəlməyə qoymadığını gördüm. Ramil Qurbansoyu tutmuş şəxslərdən biri Mayis Cəfərov, digərləri isə üzdən tanıdığım, lakin adını bilmədiyim şəxslər olub. Ramil Qurbansoy onu tutmuş şəxslərə “buraxın məni” dedi. Ramil oturduğumuz stola çatmağa 5-6 metr qalmış mənə “Süleyman, səni bir dəqiqə olar?”, -deyə bildirdi. Ramil Qurbansoyun məni çağırmağından sonra nərd oynunu dayandırdım və onun yanına getdim. Ona dedim ki, səni eşidirəm. Həmin vaxt Ramil Qurbansoy dedi ki, niyə bu addımı atdın, niyə belə edirsən, sənə ağır həyat yaşadaram, səni öldürərəm. Ona bunun səbəbini soruşdum. Ramil Qurbansoy dedikləri sözü təkrar edən zaman ondan səbəbini soruşsam da, səbəbini demədi”.

“Dedi ki, səni öldürərəm”

Süleyman Möhtərəmov Ramil Qurbansoya “sənin qardaşınla dostam, yaxşı münasibətim var, səndə bizim balaca qardaşımızsan nə məsələdir” deyib: “Həmin vaxt Mayis Cəfərov və digər şəxslər Ramil Qurbansoyu tutan zaman o dartınaraq mənə tərəf gəlmək istədi. Bu zaman mənimlə birlikdə oturmuş Rasim Həsənov, Elşən Pərvanəyev və Anar Rəfiyev də biz olan yerə gəldilər və mübahisənin səbəbilə maraqlandılar. Lakin Ramil Qurbansoy cavab vermədi. Rasim Həsənov, Anar Rəfiyev və Elşən Pərvanəyevlə birlikdə oturduğumuz yerə gəldik. Stol arxasında əyləşəndən sonra onlara Ramilin nə istədiyini bilmədiyimi dedim. Sonra Ramilin həmin yerdən uzaqlaşmayaraq mənimlə yenidən mübahisə etmək istədiyini, Mayısgilin əlindən çıxaraq mənə tərəf gəldiyini gördüm. Ramil mənə “bəri gəl” dedi. Ona görə də yerimdən duraraq Ramildən “məndən nə istəyirsən?” soruşdum. Ramil kəmərindən asılmış bıçaq çıxartdı və dedi ki, məni öldürəcək. Ramilə dedim ki, sənə nə pisliyim dəyib, sənə nə etmişəm ki, məni vurursan. Ramil isə məni vurmaq istəməsinin səbəbini demədi. Yenə də mənə “səni vuraram” deyəndə onu vuracağından qorxdum. Dedim ki, vurmazsan, sənin qardaşınla mən dostam”.

Süleyman Möhtərəmovun sözlərinə görə, bu zaman orada olan şəxslər Ramili tutaraq saxlayıb: “Onlar mənə Ramilə baş qoşmamağı dedi. Həmin vaxt Ramilin sərxoş olduğunu hiss etdim və münaqişədən aralanmaq üçün yolun kənarında saxladığım avtomobilə tərəf getdim. Avtomobili bazar istiqamətində saxladığıma görə sükanın arxasında əyləşənə qədər Ramil əlində bıçaq piyadalar üçün nəzərdə tutulmuş səkidən avtomobilin ön qapısını açıb avtomobildə əyləşdi. Bu zaman Mayis və Anar da avtomobilin arxa oturacaqlarında əyləşdilər. Avtomobilin mühərrikini işə salaraq həmin yerdən uzaqlaşmaq istəyərkən Ramil mənə “hara qaçırsan?” dedi və avtomobili işə salmağa imkan vermədi. Avtomobildə əyləşdikdən sonra Ramil açıq vəziyyətdə olan bıçağı əlində mənə tərəf uzadaraq “səni öldürəcəm” dedi. Ramil sərxoş olduğu üçün ona heç nə demədim. Amma qorxdum. Ramil Mayisə və Anara avtomobildən düşmələrini tələb etdi, mənimlə təklikdə işi olduğunu dedi. Anar və Mayis avtomobildən düşdükdən sonra Ramilin məni öldürəcəyini bildim, maşını sürə bilmədiyim üçün avtomobildən düşdüm. Sonra oradan uzaqlaşmaq istədim. Avtomobildən düşərkən özümü qorumaq məqsədi ilə avtomobilin qoltuqaltından özümə məxsus bıçağı götürdüm”.

“Mənə xəsarət yetirə bilmədi”

Süleyman Möhtərəmovun sözlərinə görə, maşından düşəndən sonra parkın içinə doğru hərəkət edib: “Məqsədim Ramildən uzaqlaşmaq olub. Ramil maşından bıçaq götürməyimi görmədi. Ramil də avtomobildən düşərək qarşımı kəsdi və hara qaçdığımı soruşdu. Yenə də ondan uzaqlaşmaq üçün əlim ilə onu kənara itələdim, sonra parka tərəf gedərək ondan aralanmaq istədim. Oradan uzaqlaşmaq istəsəm də, Ramil arxamca gələrək bıçaqla kürəyimdən vurdu. Ramil mənə yuxarıdan aşağıya doğru daha bir bıçaq zərbəsi vurdu. Həmin bıçaq zərbəsi kurtkamın arxa hissəsinə dəydiyi üçün dərhal geriyə doğru döndüm. Bıçaq kurtkamı kəssə də, lakin irəli getdiyimdən bədənimə xəsarət yetirə bilmədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Ramil bıçaqla ona doğru zərbələr endirib: “Lakin geri çəkildiyim üçün həmin bıçaq zərbəsi əynimdə olan kurtkanın sol tərəfini kəsdi. Sonra Ramil bıçağı əks istiqamətdə mənə tərəf sağdan sola doğru vurdu. Yenə də geriyə doğru çəkildiyim üçün bıçaq əynimdəki kurtkanın sağ tərəfinə dəydi. Bundan sonra avtomobildən götürdüyü bıçağı cibimdən çıxartdım və əlimdə tutdum ki, Ramil hücumunu dayandırsın. Bu zaman bıçağın qarnımı kəsib-kəsmədiyini yoxlamaq məqsədi ilə aşağıya doğru baxdım. Bu vaxt Ramil hərəkətlərini davam etdirərək yenidən təkrarən əlindəki bıçağı düz istiqamətdə döş qəfəsimə zərbə ilə vurdu. Bıçaq mədəmin üst tərəfinə girdi. Ramil bıçağı geri çəkdi və batdığı yerdən çıxartdı. Bədənimdə güclü ağrı yarandığını və qan axdığını gördüm. Ramil yenidən bıçaqla məni vurmaq istədi. Həqiqətən məni öldürəcəyinə tam əmin olduğum üçün özümü qorumaq məqsədi ilə götürdüyüm bıçağı ona tərəf sağdan sola doğru vurdum. Bıçaq zərbəsinin Ramilin harasına dəydiyini xatırlamıram. Sonra hadisə yerindən uzaqlaşmaq istədim. Lakin ayağım nəyəsə ilişdiyi üçün üzü üstə yerə yıxıldım”.

“Nə olmasını xatırlamıram”

Təqsirləndirilən şəxs bildirib ki, Ramil yenə də ondan əl çəkməyib və onu təqib edərək dalınca qaçıb: “Ramil mənə çatdı, yenidən vurmaq istədi. Məni bıçaqla vurmasına maneə olmaq məqsədi ilə dərhal arxası üstə çevrildim, ayaqlarımı yuxarı qaldıraraq müqavimət göstərdim. Lakin Ramil mənə tərəf gələrək, dizini yerə qoyub və iki dəfə mənə tərəf bıçaq vurdu. Həmin bıçaq zərbələrinin hər ikisi xarici cinsiyyət orqanıma dəydi. Bu zaman ayaqlarım və əlim ilə Ramil kənara itələməyə çalışdım. Ramil özünü tarazlayaraq üçüncü bıçağı mənə tərəf vurmaq istəyərkən sonuncunun qolunun boşaldığını gördüm. Bu zaman həm də bizə çatan şəxslər Ramili tutaraq saxladılar. Ramilin bədənində olan ikinci xəsarətin hansı şəraitdə yaranmasını xatırlamıram. Yerdə yıxılı vəziyyətdə olarkən Ramil məni yerdə bıçaqlayan zaman ona ayağım və əlim ilə müqavimət göstərmişəm. Ola bilsin ki, əlimdəki bıçaq Ramilə dəyib. Həmin xəsarətin də yüngül olması buna uyğundur. Bu zaman Anar, Rasim və Elşən, həmçinin hadisəni görən digər şəxslər Ramili aralamaq məqsədi ilə bizə tərəf qaçdı və Ramili tutdular. Rasim və Anarın köməkliyi ilə ayağa qalxaraq xəstəxanaya getdik. Ramilə isə kimlərin yardım etməsini görməmişəm. Avtomobillə Qazax Diaqnostika Mərkəzinə gəldim. Halım pisləşdiyi üçün sonra nə olmasını xatırlamıram, huşumu itirmişəm”.

“Bıçağı göy-göyərti doğramaq məqsədi ilə almışam”

Süleyman Möhtərəmov qeyd edib ki, hadisə zamanı Ramil Qurbansoya bıçaq zərbəsi vurmaqda onu öldürmək niyyəti olmayıb: “Vurduğum bıçaq zərbəsi Ramili öldürəcəyini bilməmişəm. Özümü qorumaq və müdafiə etmək məqsədi ilə Ramilə tərəf bıçaq ataraq xəsarət yetirmişəm. Məni öldürmək istəməsinin qarşısını almaq istəmişəm. Ayaq üstə olan zaman Ramilə bir bıçaq vurmuşam. Ramil mənə bir neçə bıçaq zərbəsi ilə xəsarət yetirib, bıçaq zərbələrindən biri mədəmə, digər iki zərbə isə xarici cinsiyyət orqanıma dəyib. Həmin bıçağı Tbilisi şəhərindəki bazardan uşaqlarımın sünnət toyunda göy-göyərti doğramaq məqsədi ilə almışam, avtomobilimin qoltuqaltına qoymuşam. Lakin avtomobildən götürərək evdəkilərə verməmişəm”.

“Ramil idmançı olduğundan çox adam ondan çəkinirdi”

Təqsirləndirilən şəxsin fikrincə, Ramili uşağının kiçik toyuna çağırmamasına görə belə etdiyini güman edir: “Ramil idmançı və “söz sahibi” olduğundan rayonda çox adam ondan çəkinir. Ramil bədəncə məndən qüvvətli və idmançı olub. Bütün bunlara baxmayaraq Ramilin ölməsinə görə səmimi peşman olmuşam”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Möhtərəmovun ittiham olunduğu maddələri dəyişdirilib. Hökmə əsasən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi həmin məcəllənin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Qətlə görə 2 il cəza

Məhkəmə Süleyman Möhtərəmovu Cinayət Məcəlləsinin 123.1 və 228.4-cü maddələri ilə ittiham edilib və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən prokurorluq narazı qalıb və apelyasiya protesti verilib. Prokurorluq protestində Süleyman Möhtərəmovun cəzasının ağırlaşdırılmasını tələb edib.

Gəncə Apelyasiya Məhkəməsində, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilməyib.

Bu qərardan narazı qalan prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib. Prokurorluq apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya məhkəməsində araşdırılmasını istəyib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun kasasiya protestinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda prokurorlun protestinin təmin edilməməsi barədə qərarı açıqlayıb.

Teleqraf.com

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar