Ölüm növbəsindəkilər…

Ölüm növbəsindəkilər…
Want create site? Find Free WordPress Themes and plugins.

Rəbb dedi: “Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir… Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək”.(Müqəddəs Kitabdan: Yaradılış 6)

A24.Az Əli Məhərrəmlinin “Ölüm növbəsindəkilər” hekayəsini təqdim edir.

Nişanlınız dayanmadan zəng etdiyi üçün məcbur qalıb cavab verməli oldum. Tibb bacısı əməliyyat otağının qapısında həkimi həyəcanlı baxışları ilə qarşıladı:
– Dedim ki, əməliyyatdasınız və çıxan kimi zəng etdiyinizi çatdıracam.
Təşəkkür edirəm Sali, nə isə baş verib? – həkim soruşdu.
– Bilmirəm doktor, mənim səsimi eşidən kimi dəstəyi asdı.
– Yəqin nigaran qalıb! Bu əməliyyat planlaşdırdığımızdan uzun çəkdi. Gənc oğlan gülümsünərək tibb bacısının əlindən tutub nişanlısının kobudluğuna görə nəzərləri ilə qızdan üzrxahlıq elədi:
– Qadınları bəzən anlamaq çətin olur Sali. Onlar bizdən verə biləcəyimizdən artığını istəməklə bizi əzdiklərinin fərqinə varmırlar. Biz isə verə bilmədiklərimizi etiraf edəcək qədər cəsarətli davranmırıq.
Həkimin nişanlısının zənginə etinasız davranışı Salini sakitləşdirdi.
– Dok, növbədə gözləyən xəstələrimiz var. Bu axşam deyəsən basabas olacaq?! Yəqin ki, unutmamısınız həm də siz bu gecə növbədəsiniz?
– Hə! Gecə növbələri kişilər üçün evdən kənarda gecələməyə əla bəhanədir?!
Onlar lifti gözləmədilər, siyahıdakı xəstələri müzakirə edə-edə pilləkənlərlə qalxıb dəhlizə çıxdılar. Onları gözləyən pasientlərlə salamlaşıb həkim Batistanın otağına keçdilər.
Telefonda buraxılmış bütün zənglər eyni nömrədən idi.
– Əzizim, əməliyyat uzun çəkdi… – Həkim zəng vurduğu xanımın könlünü almağa çalışsa da, qız macal vermədi.
– Açil, səninlə danışmaq üçün növbəyə yazılmalıyam? Söhbət bu gündən getmir. Səni axtaranda tapmaq olmur. Ya əməliyyatdasan, ya yorğunsan, ya da bərk məşğulsan. Sənin bu hərəkətlərin insanı yorur. Bir dəfəlik anla ki, mən sənin qapında növbə gözləyən xəstən deyiləm – qızın səsinin tonu tədricən artırdı:
– Sən heç bilirsən mən toy təşkilatçılarına hər gün hansı yalanları danışıram? Biz evin təmirinə də baxmamışıq.
– İness, söz verirəm hamısını həll edəcəyik. Sabah növbədən sonra heç bir işim yoxdur. Evə də gedərik, təşkilatçılarla görüşüb hər şeyi yerbəyer edərik. İndi isə məni bağışla, bu gün xəstələri də çox gözlətmişəm.
Telefonun digər tərəfində qızın nəfəsinin səsini Sali belə eşidirdi. O, heç sağollaşmadan dəstəyi asdı.
Həmin axşam həmişəkindən daha yorğun və üzgün görünən həkim Arçil Batista nə qədər çalışsa da ki, əhvalını pasientlərinə hiss etdirməsin, buna müyəssər ola bilmədi…
– Salam Sali! Otağa girən kiçik qızcığaz tibb bacısının yanından ötüb qaçaraq həkimin qucağına atladı.
– “Açil, anam məni gətirmək istəmirdi. Heç bilirsən bu gün səni nə qədər gözləmişik”? – Uzun sarı saçları kürəyinə tökülən dörd-beş yaşlarında sarışın qız uşağı hər iki əli ilə həkimin boynunu qucaqlayıb şikayətlənirdi.
Buralar pis dərman iylənir, bax mənim üzümdəki çillər çoxalıb? Liya deyir ki, böyüdükcə çillər yox olacaq. Düz deyir Açil, düz deyir? Axı sən həkimsən…
Uşağın ardınca otağa daxil olan gənc qadın əlindəki kağızları həkimin stolunun üstünə qoyub bir az uca səslə deyindi : “Beatris, düş aşağı. Sən söz vermişdin ki, özünü ağıllı aparacaqsan. Yorma adamları öz suallarınla”.
Gənc oğlan sanki zərif bir oyuncaqla rəftar edirmiş kimi dizlərinin üstə oturan qızcığazı seyr edir, gülümsünürdü. Arada isə ehtiyatla onun saçlarını oxşayır, kiçik barmaqlarını öz barmaqlarına çarpaz keçirib ruhuna rahatlıq verən körpənin qarmaqrışıq və dəxilsiz suallarını cavablandırmaqdan zövq alırdı.
Liya artıq ikinci il idi ki, həkim Batistanın yanında müalicə alırdı. Onun əri üç il əvvəl Palermoda avtomobil qəzasında ölmüşdü. Liya əvvəllər uşaq bağçasında tərbiyəçisi işləsə də, xəstəliyi aşkarlanandan sonra işindən ayrılmalı oldu. Bir müddət fərdi şəkildə evlərdə gündəlik uşaq baxıcılığı elədi. Kimyaterapiyadan sonra qaşı, kirpikləri və saçları töküldü. Başına parik qoysa da uşaqlar onun solğun simasından qorxduqları üçün daha gündəlik uşaq baxıcısı kimi də heç kəsə lazım olmadı.
– Açil sənə hədiyyə gətirmişəm. Tap görüm mənim əlimdə nə var? Beatris əlini arxasında gizlədib – soruşdu.
– Ümid edirəm ötən dəfəki kimi mənə düşən dişini gətirməmisən?
– “Oyuncaqlı saqqız qutusundan iki üzük çıxmışdı. Birini özümə götürdüm, birini isə sənə verirəm”. – O, plastikdən hazırlanmış qızılı rəngli sadə üzüyü çətinliklə həkimin kiçik bramağına keçirdi.
Həkim barmağındakı yöndəmsiz üzüyə baxıb gülümsündü. Sonra uşağı ehmalca yanındakı stula oturdub masanın üstündəki laborator analizlərə nəzər saldı. Gözlərindəki təbəssüm yox oldu.
– “Nə qədər qalıb Açil?” – qadın qorxu dolu baxışlarla həkimə zillənib onun cavab verməsini gözləyirdi.
Həkim – “Müalicəni davam etdirməliyik” : deyib yerindən qalxdı, tibb bacısına işarə edərək:
– Sali, Beatris bizim bufetdəki yeni şirniyyatları görüb heç?
Həkimin sözünü eşidən uşaq sevincək yerindən sıçrayıb Salinin yanına qaçdı. O, isə uşağın əlindən tutub bufetə apardı.
– Daha yorulmuşam Açil, bunu nə qədər uzatmaq olar? Hər gün eyni qorxularla yaşamaqdan yorulmuşam. Hər sözdən. Telefon zənglərindən, eşidəcəyim xəbərlərdən, alacağım cavablardan, cavabını verə bilməyəcəyim suallardan qorxuram. Bilrisən Açil, mənim anam da, onun anası da, bəlkə onların anaları da bu xəstəlikdən gənc yaşda ölüblər. Biz bu lənətə yoluxmuşuq. Qızımın məndən başqa heç kimi yoxdur. Onun saçlarını belə daramağa qorxuram. Hər dəfə parikimi ona verib-verməyəcəyimi soruşur. Bu məni hər şeydən çox öldürür bilirsən? Bəzən yuxularımda da onu bu parikdə görürəm. Dəli bir vahiməyə düşürəm, dağılıram. Mən ölürəm Açil, hər gün daha çox ölürəm.
Soyuq, boz heykəl kimi qarşısında dayanıb onu dinləyən gənc oğlan pəncərəyə yaxınlaşıb bir müddət susdu:
– Liya, mənə elə gəlir ki, bəzi hallarda Tanrı da özünü çarəsiz hiss edir.
“Lənətə gəlmiş Tanrı!” – Liya uca səslə həkimə sözünü davam etməyə imkan vermədi:
– O, bizi saxsı qab kimi yaradıb. Bəzən əlindən salıb sındırır, sonra isə heç cürə bərpa edə bilmir. O, mənim üçün heç nə etməyib, daha ona dua etmirəm Arçil. O, güclü ola bilər, amma ədalətli olduğuna artıq şübhə edirəm. Və xahiş edirəm mənə Tanrıdan misal çəkib təsəlli vermə!
“Qətiyyən! sənə təsəlli vermək fikrim yoxdur” – Açil Liyani sakitləşdirməyə çalışırdı:
– İkimiz də yaxşı bilirik ki, bunun heç bir faydası olmayacaq. Ancaq unutma ki, Tanrının ədalət anlayışı insanlarınkından fərqlənir. Məncə bizim ədalət tələblərimiz çox primitivdir. O, isə bizim qədər bəsit düşünə bilməz.
“Ağrıkəsicilərdən iyrənirəm daha, öz bədənimdən iyrənirəm Açil. O, hər gün daha eybəcər hala düşür. Görəsən elə bir dərman var ki, insanın xatirələrini silir?” Sinirlərimin ağrılarına öyrəşmişəm daha, amma fikirlərimin ağrılarıyla bacara bilmirəm. Bundan sonra necə olacaq, məni iztirablı, eybəcər bir ölüm gözləyir hə?.
Həkim sadəcə başını yellədi və heç bir cavab vermədi.
– Bilirəm sən bunları öz xəstələrinə deməli deyilsən, sadəcə bilmək istəyirəm, hər şeyə hazır olmaq üçün.
Açil bir müddət pasientinin gözlərinin içinə baxıb, əlinə aldığı rentgen şəkillərini pəncərəyə tərəf tutub Liyanın anlamadığı bir nöqtəni göstərib dedi:
– Bu, tədricən bütün beyninə yayılacaq. Ola bilsin ki, vaxt keçdikcə görməni, eşitməni, bütün hissiyatını itirəcəksən. Bu ağrısız olacaq Liya, inan mənə. Sən heç bir ağrı hiss etməyəcəksən. Dad, qoxu, rəng, səs heç nəyi və heç kəsi xatırlamayacaqsan.
Qadın bir-iki addım da həkimə yaxınlaşıb onun əlindən tutdu:
“Sən güclüsən Açil, çox güclüsən. Sənə faydası toxunmayan, ancaq əziyyət verən birilərini yaşatmaq üçün əlindən gələn hər şeyi edəcək qədər güclü. Mən müalicəni dayandırmaq qərarına gəlmişəm və bu məsələdə fikrim qətidir. Məni hər dəfə fərqli adlarla, başqa sığortalı xəstələrin yerinə qeydiyyata salıb işini və karyeranı riskə atırsan. Daha heç nəyi uzatmaq istəmirəm, ancaq səndən sonuncu xahişim olacaq. Çünki həyatımda bunu istəyə biləcəyim başqa heç kəs yoxdur və çətin ki, bundan sonra ola” – Liya çantasından çıxardığı albomu həkimin masasının üzərinə qoydu:
– Mən öləndən sonra onu uşaq evinə verəcəklər. İllər keçdikcə o məni unudacaq. Zaman keçdikcə mən onun yuxularında və xəyallarında yox olacağam. Bax bu albomda bizim birlikdə çəkilmiş şəkillərimiz var. Ona məni xatırlada biləcək hər şey. Disklərdə də şəkillər, videolar var. Çətin ki uşaq evində o böyüyənəcən bunları saxlasınlar. Mənə söz ver Açil, söz ver ki, vaxtaşırı baş çəkəcəksən ona, məndən danışacaqsan. Onun yaddaşından silinib yox olmağıma yol vermə Açil, xahiş edirəm.
Həkim Liyadana aldığı alboma baxmadı, onu siyirməsinə qoyub susdu.
Növbəti gün o, söz verdiyi kimi İnesslə birlikdə təşkilatçılarla görüşüb toy hazırlığını müzakirə elədilər. Axşam tərəfi isə Açilin aldığı yeni mənzilin başa çatmış təmirinə baxmağa getdilər.
Qürub şəfəqi geniş şüşəli eyvandan süzülüb tamamilə boş olan mənzilin divarlarında möhtəşəm palitra yaradırdı. İness otaqları gəzdi, mənzildə hər şey, ən xırda incəliyəcən onun istədiyi kimi düşünülmüşdü. Sonuncu otağın qapısını açanda üzündəki sevinc ifadəsi yox oldu.
– Açil, məncə biz dəfələrlə bu barədə danışmışıq və sən mənim karyera planlarımdan xəbərdarsan.
Bütün otaqları boş olan evdə təkcə uşaq otağında mebel vardı. Bu isə qızın ürəyincə deyildi.
Açil başını yırğaladı.
– İness həyatda elə şeylər var ki, həmişə tezdir. Məsələn ölüm kimi. Ancaq bir çox şeylər də var ki, vaxtında yola düşən qatar kimidir. Əgər sən zamanında qatara çatmasan həmişəlik gecikmiş olacaqsan.
Qız soyuqqanlılıqla cavab verdi:
– Çox qəliz danışırsan bu gün. Biz bu barədə razılaşmışıq axı. Mən növbəti beş ildə ən yaxşı halda bir Haski küçüyü böyüdə bilərəm. Bu karyeranı qurmaq üçün gəncliyimi xərcləmişəm. Sən isə deyirsən onu illərlə geri atım?!
İness onun sağ əlindən tutub təəccüblü halda soruşdu
Heç səhərdən fikir verməmişəm. Sənin əlində iki üzük var. Bu oyuncaq nədir Açil?
– Kilinikaya gələn bir qızcığazın hədiyyəsidir.
– “Deyəsən çox dəyərli hədiyyədir?” – İness saatına baxıb içini çəkdi:
Oyy, mən artıq getməliyəm. Bu gün çox vacib bir iş görüşümüz var əzizim. Başa düşürəm. Sən yorğunsan və məsuliyyətli addımlar hər zaman insanların gərginliyini artırır. Mənzilə isə bir balaca əl gəzdirsək, hər şey möhtəşəmdir.
Qız gedəndən sonra Açil mənzildən çıxıb xeyli yürüdü. Yorulduğunu hiss edəndə anladı ki, avtomobili saxladığı dayanqcaqdan çox uzaqlaşıb və piyada geri qayıtmağa taqəti çatmayacaq. Saxladığı taksidən onu klinikaya aparmasını istədi. Otağına qalxan kimi Sallini yanına çağırdı:
– Mənə bir zərf tap xahiş edirəm. Adi məktub zərfi.
O, tibb bacısı qayıdanacan kiçik ağ vərəq tapıb ora “Bağışla məni İness” sözlərini yazıb kağızı bükdü. Salli əlində zərf otağa girər-girməz Açil soruşdu: “Yaxınlıqda poçt qutusu var?”.
– Bəli, yolun qarşı tərəfində.
Açil sol əlinin adsız barmağındakı briliyant qaşlı nişan üzüyünü çıxarıb zərfin içinə atıb onu yapışdırdı.
“Salli, həmişə gül göndərdiyin ünvana çatacaq. Və bir də xahiş edirəm Liyanın telefon nömrəsini mənə mesajla göndərərsən” : deyib yerindən qalxdı, paltosunu geyib otaqdan çıxdı.
“Nə baş verib Açil?” – Liya onu şəhərin məşhur restoranlarının birinin önündə təbəssümlə qarşılayan həkimindən həyəcanlı tərzdə soruşdu. – Məni tələmtələsik niyə çağırmısan? Qonşudan xahiş elədim ki, bircə saat Beatrisə göz qoysun.
– “Çox vaxtını almayacam Liya, gəl keçib bir şeylər içək” – Açil dedi.
– Əslində bura gələnəcən söhbətə haradan və necə başlayacağıma qərar verə bilmədim. Sözümü kəsmə və məni sonunacan dinlə:
– Bütün insanlar xəstədir Liya, hamımız xəstəyik. Biz yaşamaq xəstəliyinə tutulmuşuq və gec tez sağalacağıq. Biz ikimiz də çox yaxşı anlayırıq ki, Beatris anasız böyüyəcək və bizim bunun qarşısını almağa gücümüz çatmadı.
Açil ilk dəfə idi bu qədər soyuq və qəddar ifadələr seçirdi.
“Mən səni xilas edə bilmədim, ancaq onun sənsizlikdə yox olmasına, itib batmasına yol verməyəcəm. Heç kəs ona ana ola bilməyəcək, bilirəm. Amma mən ona ata ola bilərəm”- Açilin səsi xırıladayırdı. İnan mənə Liya, ataların ən yaxşısı ola bilərəm.
Oğlan yerindən qalxıb qarşısında oturan qadının önündə diz çökdü:
“Hər şey o qədər tələsik oldu ki, sənə üzük almağı belə unutdum” : deyib qızılı plastmas üzüyü barmağından çıxardı. Mənimlə evlənməyini istəyirəm Liya…
Toy martda baş tutdu. Toydan sonra Liya və Beatris Açilin yeni mənzilinə köçdülər.
Açil son iki ildə bir dəfə də olsun Liyanı ağlayan görməmişdi. Lakin həmin gün o, uşaq otağının qapısında dayanıb dəli bir hönkürtüylə ağlayırdı. İlk dəfə idi ki, Liyanın gözlərindəki gülüş göz yaşlarına qarışmışdı. Otağın divar kağızı özəl olaraq hazırlanmışdı. Liyanın bir vaxtlar Açilə verdiyi albomdakı bütün şəkillər orada idi.
– Çox sağ ol Açil, mənə sevginin və ölümlərin ən gözəlini bəxş etdiyin üçün, hər şey üçün.
Açil onun kürəyindən tutub başını çiyninə söykəyib pıçıldadı:
O, burada səninlə böyüyəcək. Sən həmişə onun yuxularında və xəyallarında olacaqsan Liya.
İki ay sonra Liya vəfat etdi. Açil Batista onun ölümündən sonra Milan Onkologiya İnstitutundan həmişəlik ayrıldı.

Əli Məhərrəmli

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar