A24 Xeber

Orxan Fikrətoğlu: “Şərq qadını çadradan çıxsa da, yenə çadra altındadır” – MÜSAHİBƏ

Orxan Fikrətoğlu: “Şərq qadını çadradan çıxsa da, yenə çadra altındadır” – MÜSAHİBƏ
1. 459
11 Mart 2017 - 10:52

Orxan Fikrətoğlu ilə söhbət mənim üçün tamam ayrı zövqdür; düşüncəmdəki klassik ədəbi şablonları, ənənələri dəyişən bir insanlayam…

10 il üçüncü şəxsin dilindən yazılmış klassik romanlar oxuyan biri olaraq günlərin bir günü su sızan qayıqdakı müəllifin dilindən bu sözlərlə qarşılaşıram: “Batacam, batıram, batıram… Bat…”
Əgər o batdısa, bəs bu mətni kim yazıb? Bu sual məni əlimdən tutub 7 üfüq irəli apardı. Üzərində kiril əlifbası ilə “Səhər” yazılmış o kitabı unuda bilmirəm. O “Səhər”in üfüqləri çox geniş idi…

Yəqin ki, məni müəllifə doğru dartan da elə bu səbəblərdir. Orxan Fikrətoğlu ilə işlədiyim bir il ərzində sanki danışan kitabla üz-üzə idim. Onu o qədər oxumuşam ki, bu gün üz-üzə oturduqda sanki özümlə söhbət edirəm. Ona verəcəyim hər bir sualın öz tarixcəsi var.

A24.Az əməkdar incəsənət xadimi, rejissor, yazıçı Orxan Fikrətoğlu ilə müsahibəni təqdim edir.

 – Orxan müəllim, təxminən 10 il əvvəl Fikrət Sadıqın yubileyi keçirilirdi. Tədbirdə çıxış edərkən dediniz ki, mən qələmi əlimə alanda ilk olaraq gözümün önünə Fikrət Sadıq gəlir. Məni öncə onun bu mətnə nə deyəcəyi, reaksiyası düşündürür. Bütün yazılarında, fəaliyyətində yeni nəfəs, cəsarət gördüyüm Orxan Fikrətoğlunun bu fikri mənə xeyli maraqlı gəlmişdi. Və bu gün də həm məişət, həm də ədəbi müstəvidə ata-oğul münasibətindən söz düşəndə mənim üçün Fikrət Sadıq və Orxan Fikrətoğlu münasibəti bir yeni model kimi görünür.

– Mən inanmıram atam dünyasını dəyişib. Çünki onun səsi evimizdə hər gün səslənir. Şeir oxuyarkən səsini yazmışam. Hər gün ona qulaq asıram. Şəkilləri evdədi, özü bizimlədi. İndi səni gözləyərkən telefonu açdım, qızımın ona yazdığı şeir qarşıma çıxdı. “Sən mənə sevməyi öyrətdin, baba”.
Özü də bu yazını telefonumda elə yerdə gizlədib ki, aça bilməyim. Təsadüfən qarşıma çıxdı. Fikrət Sadıq o qədər incə, kövrək – sözün yaxşı mənasında o qədər aciz adam idi ki, onu hamı sevirdi. Necə ola bilər ki, onu evdə sevməsinlər, mən sevməyim. Mən anadan olandan aramızda ata-oğul münasibəti olmayıb. Sanki mən onun atası olmuşam. 9-cu sinifdən işləmişəm, evin maddi yükünü çiynimə götürmüşəm. Həmişə çalışmışam ki, atam şeir yazsın. İstəyirdim atam madiyyat qazanmaq barədə düşünməsin. Çünki bu dünyanı bilmirdi. İndi məni yaxşı tanıdğın üçün soruşa bilərsən ki, “guya sən bilirsən, bu dünyanı?” Təbii ki, mən də ağıllı yaşamağı, bic yaşamağı bilmirəm. Ancaq düşünürəm ki, fiziki və ruhani olaraq bu yalan dünyada yaşamağa ondan daha çox hazıram. Bu yöndən yanaşanda, yenə deyirəm, gözümü açandan mən ata olmuşam.
Uşaq idim, bir dəfə taksi sürücüsü olan Bakı “qədeş”inı saxladıq. Atam elə bilirdi hamı onun jestlərini bağışlayar, başa düşər. Küsəyən tərsliyi var idi. Taksinin qapısını açıb sürücüylə nəsə danışdı, əsəbiləşib qapını çırpdı. Sürücü düşdü ki, atamla vuruşa. 6 yaşım var idi, cumdum sürücünün üstünə. Kişiyə təpik, şillə, qapaz vururam. O da mənə gülür. Anam bakılıdır, ləhcəm də Bakı ləhcəsidi. Bakı söyüşləri də söyürəm. Atam da, sürücü də çaşıb qaldılar ki, bu uşaqda belə nifrət hardandır? Atamı qoruduğum üçün evə də çox rahat qayıtdım. Beləcə 6 yaşımdan atamı qorumağa başlamışam.

(O danışdıqca ağlıma birgə getdiyimiz Goranboy-Gəncə yolu düşür. Orxan Fikrətoğlu şərqli ata obrazından danışır. Şərqdə ataya itaətin Allaha itaət kimi birmənalı, şərhsiz olduğunu vurğulayır)

 – Orxan müəllim, alman psixoloq Erix From “Sevmək sənəti” kitabında İslamda Allahın insanlara olan sevgisinin ata sevgisi, Xristianlıqda isə ana sevgisi kimi olduğunu düşünür. O qeyd edir ki, İslamda Allah insanlara deyir: “məni sev, hörmət et, mən də səni sevim. Ancaq mənə qarşı hörmətsizlik etsən, səni cəzalandıracam. Nə qədər ki, məni sevirsən, o qədər də sevimli bəndəm olacaqsan”. Xristianlıqda isə Allah deyir: “Məni sev, amma günah etsən də sonda bağışlayacağam.
Sizdən bir dəfə Şərqdə Allah və ata obrazlarının yaxınlığı barədə eşitmişdim.

– Atamla iki qardaş kimi olduğumuzdan mənim üçün Şərqdə ata kompleksindən danışmaq çətindir. Amma özümün bu barədə qənaətim var və bu konsepsiya Nitsşeni oxuyandan sonra yaranıb.
Şərqli üçün Allah avtoritardı. Amma Nitsşe yazırdı ki, Allah ölüb. Qərbdə Allah ölüb, Şərqdə Allah sağdı. Şərqdə Allahın təcəllası atadır. Şərqdə ata kultu yaşayır və həmişə idarəedən, məsləhət verəndir. Şərqdə bu kultu devirən sevilmir. Şah İsmayıl timsalında belə! (Şah İsmayıl dastanını nəzərdə tutur). Təəssüf ki, bizdə fəlsəfə gəlişməyib. Müstəqillik illərində ümumiyyətlə belə bir elmin olub, olmadığını bilmirəm. Fəlsəfə sahəsində ciddi ad formalaşmayıb deyə mən o adamla bu barədə danışa bilmirəm. Şərqdə ata obrazı açılmalıdır. Çox mühüm məsələdir.
Şərqdə ata sağdır və sağ olduğu üçün avtoritardır. O cümlədən ata da avtoritardır. Şərq belə yaşayır. Qərb Allahı ödürdüyü üçün atanı da öldürüb. Ona görə ata, ailə institutu qərbdə yoxdu. Onlar fərddir, individualdır. Bu individuallıq iqtisadiyyatın yeni modellərini formalaşdırdı. Ailə institutunda xaos yaratdı, eynicinsli cütlüklər yaratdı. Şərqdə isə ata-oğul münasibəti klassik anlamda qavranılır, yaşanılır. Bu reallığı Şərq həll etməyib, Azərbaycan heç həll etməyib. Çünki Azərbaycan mentallığında nəyisə həll etmək mexanizmi hələki işə düşməyib. Allah nədir? Niyə şairlərimizin şeirlərinə yiyə çıxırıq, amma talelərinə yiyə çıxmırıq? Niyə Əhməd Cavad həbsxanada çürüyəndə ziyalısından tutmuş sıravisinə qədər bir azərbaycanlı da olsun onun arxasında dura bilmədi? Nəsimi soyulanda biz o susan kütlənin içində idik. Biz Nəsimini nə asırdıq, nə də qoruyurduq. Susurduq.
Sualdan çox yayınmadan onu deyim ki, Şərqdə ata Allahın təcəllası olduğundan ataya qarşı çıxmaq Allaha qarşı çıxmaq olur. Bu artıq başqa müstəvidir.

 – Amma Sofoklun “Şah Edip”indən başlamış bu günə qədər əksər yazıçılar, qərb düşüncəli ziyalılar oğulun atanın üzərində qələbəsini yeniliyin köhnəlik, klişelər üzərində qələbəsi kimi qiymətləndirir.

– Məncə qərbdə Edip kompleksindən daha çox Elektra kompleksi diridir. Mən qərbin qadınını kişisindən fəal görmüşəm. Qərbin qadını saraylar qurub, Janna Dark timsalında az qala peyğəmbərlik səviyyəsində inqilablar edib.
Mifolojiyə toxundun, düşünürəm Qərb insanının təfəkküründə bu müstəvidə ata-oğul münasibətinin fonunda Zevsin atasının uşaqlarını yeməsi durur. Bu kompleks hakimdir. Şərqli ata heç vaxt öz uşağını yeməz. Əksinə, sevər. Amma qərbli ata qəddardır. Qərb mədəniyyəti bildiyiniz kimi Şummer-Akkad mədəniyyətindən gəlmədir, hansı ki, bu günkü yunan əsatirləri kimi tanıdığımız miflər yunanlardan qabaq da olub.
Zevsin mağarası hazırda Türkiyədə yerləşir. Təsəvvür edin ki, Zevsin atası doğulan uşaqlarını yeyirdi ki, onun hakimiyyətini qazanmasın. Bu gerçəklik olduğundan münaqişə var.
Amma düşünürəm ki, Qərbdə ata-oğul münasibətləri uydurmadır. Şərq çox ənənəçidir və hamı bir nəsildəndir – ata da, oğul da, nəvə də, nəticə də… Hamısı dünyanın fanilyini bilir, bu 5 günlük dünyanın içində onlara anladılanlar düzgündür. Yeri gəlmişkən bu fikri çox sevirəm:
“Mənim içimdəki peyğəmbər ağlımdır. Məndən kənardakı ağlımsa, peyğəmbərdir”.
Bu bir İslam filosofunun gəldiyi qənaətdir. Mən belə yaşamışam. Mənim üçün mövcud qanunlar var, onun içində atamın, Allahın varlıqları və dedikləri var. Mənim inqilablarım, qəbul etmədiklərim bunlardan kənar olanlardır. Özünəvurğun, xəstə insanların yaratdıqları mühitlər, ədaləti öz marağında dəyişib özünə xidmət etdirən insanların yaratdıqları mühitlər,  ədəbiyyatı öz qarabasması kimi təqdim edənlərin yaratdığı mühitlər, sosialist realizmini bu gün içində qoruyan, sosialist klassiki qalıb və bizim düşündüyümüz yeni ədəbiyyatı gündəmə gətirməyənlərin mühitləri mənim üçün olduqca yaddır və mən 30 ildir o mühitləri dağıltmağa çalışmışam. Hərçənd ki, tək olduğumdan bunu bacarmamışam. Həmişə bu pis ənənə tanışlıqlar, minillərin formalaşdırdığı nadan bir ədəbi reallıq bu yeniliyi boğmağa çalışıb.
Bu öz yerində, qərblinin təfəkkürünə qayıtsaq, dediyim kimi orada Elektra kompleksi daha çox hakimdir. Şərq qadını çadradan çıxsa da, çadra altındadır. Özündən çox razı qadınlar var cəmiyyətdə, hansı ki, onların da arxasında bir idarəedən kişi əli var.

Söhbətləşdi: Sərdar Amin

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00