A24 Xeber

Paytaxtda “Bakı Marafonu – 2018” start götürdü

Paytaxtda “Bakı Marafonu – 2018” start götürdü
66
13 May 2018 - 10:33

Paytaxtda “Bakı Marafonu – 2018” start götürüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, layihədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin bir sıra nazirlər də iştirak edir.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər.

Bakı marafonunda Azərbaycanın regionlarının – Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak edib.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri qoşulub.

Marafonda İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak edib.

Marşrut boyunca marafonçuları DJ-lər, dəstək qrupları finişə çatmağa təşviq edib. Hər 3 kilometrdən bir yardım məntəqələri fəaliyyət göstərib.

Finiş nöqtəsində – Bakı Olimpiya Stadionunda yaradılan fan zonasında müxtəlif əyləncə proqramları təqdim olunub.

“Bakı Marafonu 2018”in qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr verilib.

O cümlədən, bütün marafon iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.

“Bakı Marafonu 2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.Qeyd edək ki, Bakıda 2016 və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulub. Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak edib. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından ötən il Gəncə şəhərində də yarımarafon təşkil olunub.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00