A24 Xeber

“Polonez” Azərbaycan ordusunun silahlanmasına daxil edilib – Texniki göstəricilər+FOTOLAR

“Polonez” Azərbaycan ordusunun silahlanmasına daxil edilib – Texniki göstəricilər+FOTOLAR
94
11 İyun 2018 - 16:04
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
A24.Az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Fotolardan da göründüyü kimi artıq Azərbaycan Silahlı Qüvvələri Belarusdan “Polonez” yaylım atəşli reaktiv sistemi əldə edib. “Polonez” yaylım atəşli reaktiv sistemi 2015-ci ilin may ayında Minskdə keçirilən paradda “Polonez” yaylım atəşli reaktiv sistemi ilk dəfə ictimaiyyətə nümayiş etdirildi.
Prezident Aleksandr Lukaşenko 2015-ci ilin payızında mətbuata müsahibəsində “Polonez”in ortaya çıxma səbəblərindən danışaraq bildirmişdi ki, Belarusun tələb etdiyi raket sistemləri Rusiya tərəfindən Minskə verilməyib. Nəticədə Belarus sözügedən layihəni həyata keçirmək məcburiyyətində qalıb: “Əgər Rusiya Belarusu raket silahları ilə təchiz etsəydi, rəsmi Minskə “Polonez” kimi yeni raket yaratmaq və böyük vəasit xərcləmək lazım olmazdı”.
Açıqlanan məlumatlara görə, “Polonez”in komplektləşdirilməsində Belarusun milli hərbi sənayesinin payı 70%-dən çoxdur və yaxın perspektivdə bu göstəricinin 95%-ə çatdırılması gözlənilir. Hazırda Belarus Silahlı Qüvvələrinin Elmi Tədqiqat İnstitutu tərəfindən raket yanacağının hazırlanması sahəsində də elmi araşdırmalar davam etdirilir. Texniki göstəricilər “Polonez”in ilk nümayişindən sonra sistemlə bağlı bəzi ziddiyyətli fikirlər meydana çıxmağa başladı. Ekspertlər qeyd etdilər ki, “Polonez” yaylım atəşli reaktiv sistemin konstruksiyası Çin istehsalı olan AR-3 kompleksindən alınıb.
Maşında konteyner formalı buraxıcı işəsalma qurğusu istifadə edilir. Bu atışdan sonra təkrar doldurmanı sürətləndirməklə bərabər müxtəlif çaplı və tipli raketlərin bir işəsalma qurğusundan atılmasına imkan yaradır. “Polonez” sistemi rəqibin istənilən növ hədəflərini və hərbi obyektlərini yüksək dəqiqliklə və uzaq məsafədən məhv edilməsi üçün nəzərdə tutulur. “Polonez” batareyasına döyüş idarəetmə maşını, yükləyici maşın və işəsalma maşını daxildir. Raketlər konteyner şəklində saxlanılır və atışdan sonra qısa müddətdə yükləmə maşını üzərindəki manipulyatyor vasitəsi ilə buraxıcı maşına yüklənir. YARS-ın bütün elementləri Belarus istehsalı olan MZKT-7930 şassisi üzərində qurulub. Hansı ki, Rusiyanın “İsgəndər” operativ taktiki raket kompleksləri (OTRK) də eyni maşın üzərində yerləşir. İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, “Polonez”in döyüş idarəetmə maşınında qurulan avadanlıqlar maşın hərəkətdə olduğu halda belə 10 km məsafədən nəqliyyat-yükləyici və buraxıcı maşınlarla əlaqə yaratmağa imkan verir. Komanda-idarəetmə maşınında 4 heyətin 48 saat fasiləsiz çalışa bilməsi üçün imkanlar mövcuddur. 2016-cı ilin iyun ayında Belarus Hərbi Sənaye Komitəsi “Polonez” YARS-ın qoşun sınağının keçirdiyini duyurub.
Rəsmi məlumatda qeyd olunub ki, 200 km məsafədən hədəflərə “Polonez”dən döyüş atışları pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilib. Komitənin ilk məlumatında qeyd olunur ki, “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. İstehsalçının məlumatına görə, “Polonez”də istifadə olunan Belarus istehsalı olan 300 mm çaplı raket inersial və peyk naviqasiyasına malikdir. Raketlərin hədəfdən ehtimal edilən sapma radiusu 30 metri ötmür. Qəlpə-fuqas, kasetili qəlpəli, özütuşlanan, tank əleyhinə döyüş elementləri ilə yüklənmiş kasetli və s. döyüş hissələri ilə təchiz olunan “Polonez” YARS-ın bir batareyası (6 maşın) 100 kvadrat kilometrlik sahədə yerləşdirilmiş 48 ayrı hədəfi vurmağı bacarır.
M-20, yoxsa B-300 “Polonez” yeni M-20 idarə olunan yüksək dəqiqlikli raketdən istifadə edildikdə operativ-taktik raket kompleksinin xüsusiyyətlərinə sahib olur. Bu raket beynəlxalq müdafiə sərgilərində təqdim olunan məlumatlara görə, 280 kilometr maksimal atış uzaqlığına malikdir. Lakin ekspertlər bu göstəricinin ixraca icazə üçün formal göstərildiyini, əslində adıçəkilən raketin atış mənzilinin 300 kilometrin üzərində olduğunu düşünürlər. Raketin döyüş hissəsi 480-560 kq trinitrotoluol gücə malikdir. Bu yaxınlar Belarus Hərbi Sənaye Komitəsi “Polonez”lə 300 km üzərində hədəflərə atəş açmağa imkan verən yeni raketin sınaqdan çıxarıldığını açıqlayıb. B-300 şifrli raket oktyabr ayının 26-da keçirilən sınaqlarda 300 kilometr uzaqlıqda yerləşən hədəfləri vuraraq yüksək nəticə göstərib. “Polonez-M” layihəsi çərçivəsində raketin atış uzaqlığı artırılmaqla yanaşı, kompleksin təkərli şassisi, əlaqə vasitələri və məlumatların ötürülmələri və proqram təminatı yenilənib. Buraxıcı qurğu MZKT 7930-3013 maşınına yerləşdirilib.
Maşında şəxsi heyətin partlayış təsirlərindən müdafiəsi nəzərə alınıb. Yaxın perspektivdə raketin atış uzaqlığının 500 km-ə çatdırılması planlaşdırılır. M-20 raketi xarici görünüşcə Rusiyanın “İsgəndər” OTRK-lərində istifadə edilən 9K720 raketinə bənzəyir. “Military-informant” portalının məlumatına görə, ilk dəfə “Airshow China-2016” sərgisində M-20 raketi China Academy of Launch Vehicle Technology (CALT) təşkilatı tərəfindən DF-12 opertiv taktiki raket kompleksinin ixrac variantı kimi sərgilənib. CALT təşkilatının təqdim etdiyi informasiyalara görə, inersial və peyk naviqasiyası ilə təchiz edilmiş M-20 raketinin atışdan sonra hərəkət trayektoriyası dəyişdirilə bilir. Bu raketlər 280 km-dək məsafədə hədəfləri vurmağı bacarır. Çinin özünün istifadəsi üçün nəzərdə tutulan raketin uçuş uzaqlığı isə 400 km-i ötür. DF-12/M20 raketinin uzunluğu 7,8 m, diametri 0,75 m, uçuş kütləsi 4 t, döyüş başlığı 400 kq təşkil edir.
Fuqas, kaset və s. döyüş başlıqları ilə təchiz edilə bilən raketin hədəfdən maksimum sapma ehtimalı 30 metr olaraq göstərilir. Belarus versiyasından fərqli olaraq, DF-12/M20 kompleksləri bir şassidə işə salmaya hazır iki raket götürür. DF-12 və “Polonez”in texniki-taktiki xarakteriskalarının uyğunluğu bu layihənin birgə işləndiyini deməyə əsas verir.
Orxan Aslanlı, A24.Az 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00