A24 Xeber

Prezident: Təbii qaz resurslarımız azı 100 il kifayət edəcək

Prezident: Təbii qaz resurslarımız azı 100 il kifayət edəcək
16
28 May 2018 - 19:56

Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin.

A24.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident qeyd edib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir – Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb və bu, dünya miqyasında analoqu olmayan inkişafdır:

“Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir.

Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır”.

İlham Əliyev vurğulayıb ki, ölkənin müstəqilliyini gücləndirən güclü infrastruktur yaradılıb:

“O infrastruktur ki, bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək. Demək olar ki, bütün əsas infrastruktur layihələrini sıfırdan yaratmışıq.Biz dənizləri neft–qaz kəmərləri ilə birləşdirdik.

Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi.

Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq. Bu da böyük tarixi qələbəmizdir”.

Prezident təbii ehtiyatlardan da danışaraq bildirib ki, Azərbaycanın təbii qaz resursları ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcək:

“Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var”.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00