A24 Xeber

Putin İrəvan qiyamına əl qoydu – Çətin olacaq və çoxlu qan tökülməsi hesabına baş tutacaq – ŞƏRH

Putin İrəvan qiyamına əl qoydu – Çətin olacaq və çoxlu qan tökülməsi hesabına baş tutacaq – ŞƏRH
342
27 Aprel 2018 - 8:47

İrəvanda yaşanan siyasi böhran Rusiyanı ciddi narahat etməyə başlayıb. Artıq Ermənistanda baş verən hadisələrə Rusiya prezidenti Vladimir Putin qarışıb. O, ötən gün erməni həmkarı Armen Sarkisyanla, bu gün isə Ermənistanın baş nazir vəzifəsini icra edən Karen Karapetyanla telefon danışıqları aparıb.

“A24.az” bildirir ki, tərəflər siyasi böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrinin təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar.

Putinin zəngindən sonra Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan və baş nazirin müavini vəzifəsini müvəqqəti icra edən Armen Gevorkyanın təcili Moskvaya yollanması, dövlət rəsmiləri ilə danışıqlar aparması Serj Sarkisyanın istefası ilə nəticələnən İrəvan hadisələrinə Rusiyanın əl qoyduğunu göstərir.

Rusiya Ermənistandakı proseslərə necə müdaxilə edəcək?

Keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli mövzu ilə bağlı AzVision.az-a bildirib ki, hadisələrin gedişi rəsmi Moskvanın Ermənistanda baş verənlərə ciddi şəkildə müdafiə edəcəyini deməyə əsas verir.

“Rusiya İrəvandakı hadisələri öz istədiyi məcraya qaytarmaq üçün əməliyyat hazırlayır. Bu əməliyyatın tez bir zamanda həyata keçirilməsi planlaşdırılır. Çünki Rusiya prezidenti Vladimir Putin Ermənistanın dövlət başçısı Armen Sarkisyanla danışarkən deyib ki, qayda-qanunu tezliklə bərpa edilməsi lazımdır”.

Q.Hüseynlinin fikrincə, Rusiya Ermənistanın tamamilə əldən çıxa biləcəyini təxmin edərək prosesləri lokallaşdırmaq fikrindədir: “Serj Sarkisyan 2007-ci ilin martın 1-də prezident postuna gələrkən, ona qarşı çıxış edən nümayişçilərə Rusiya qüvvələri tərəfindən ciddi cəza tədbirləri görüldü. Müxalifətin dediyinə görə, məlum hadisələr zamanı 31 nəfər, rəsmi məlumata əsasən, 8 nəfər həlak olub. Ermənistanla hərbi-siyasi ittifaq yaradan, bu ölkədə hərbi bazası olan Rusiya İrəvanın nəzarətindən çıxmasına imkan verməyəcək”.

Politoloq qeyd edib ki, Nikol Paşinyan müəmmalı siyasətçidir, onun hərəkətərini başa düşmək çətin məsələdir.

“Doğrudur, Paşinyan həyat yolunda çoxlu olaylarla qarşılaşıb. Belə bir adamın hakimiyyət başına keçməsinin ölkədə nələrə səbəb olacağını söyləmək çətindir. Çünki bir-birinə zidd olan bəyanatlar verir. Aydın olan odur ki, Paşinyan anti-Rusiya bəyanatları verməsə də, öz ölkəsini Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Bundan əlavə Qərbpərəst olmadığını söyləyəsə də, əslində ölkədə “məxməri inqlab” həyata keçirmək istəyir”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiya Qərbin proseslərin içərisində olduğu qənaətindədir: “Rusiya hesab edir ki, Ermənistan Qərbyönümlü siyasət yürüdür. Onsuz da Ermənistan Avropa Birliyi ilə müəyyən sazişlər imzalayıb. Bundan sonra Rusiyanın Ermənistanla münasibətləri tamamilə korlana bilər. Hətta Nikol Paşinyanın ölkə ərazisindəki Rusiya bazasının çıxarılacağı ilə bağlı söylədikləri jurnalist yazılarında qeyd olunub. Bunun nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma, belə bir fikrə sahib olduğu bildirilir. Ermənistanda ziddiyətli proseslər gedir. Baş verənləri inqilabi hadisələr, yaxud üsyan adlandırsalar da, aydın olan odur ki, Qarabağ klanının yaratdığı hərbi xunta rejimini tamamilə devirib, sıradan çıxarmaq istəyirlər.

Nikol Paşinyan Serj Sarkisyanın Respublika Partiyasını ləğv etmək, ölkədə yeni parlament seçkiləri təyin etmək, müvəqqəti koalisiya hökuməti qurmaq, özü isə baş nazir olmaq istəyir. Hətta prezidenti də yeniləmək fikrindədir. Həddindən artıq böyük işlərin altına girən bu şəxs onun öhdəsindən gələ biləcək, ya yox, bunu söyləmək çox çətindir”.

Politoloq əlavə edib ki, Rusiya kimi nəhəng ölkənin proseslərə müdaxiləsi meydanı qızışdıra bilər: “Ehtimal edirəm ki, Rusiya çox yaxın vaxtda, ola bilsin bu gün, bu gecə, ola bilsin ki, sabah axşama qədər proseslərə müdaxilə etsin. Rusiya köhnə status-kvonu qoruyub saxlamağa çalışır. Amma, çətin olacaq və çoxlu qan tökülməsi hesabına baş tutacaq. Belə şəraitdə Qərb Rusiyaya qarşı daha sərt addımlar ata bilər. Rusiyanın indiki hadisələrdə oynaya biləcəyi rol həm özünə, həm də Ermənistana ciddi problemlər yaradacaq”.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00