A24 Xeber

“Qubanın ağ alması”, yoxsa “Iğdırın al alması” – Mühacirət yaşayan Azərbaycan mahnılarının kədərli tarixi – VİDEO

“Qubanın ağ alması”, yoxsa “Iğdırın al alması” – Mühacirət yaşayan Azərbaycan mahnılarının kədərli tarixi – VİDEO
277
18 Noyabr 2017 - 11:20

Mahnıların da, insanlar kimi qəribə taleləri olur. Onlar da, bəzən ömürlərini özgə ad altında davam etdirmək məcburiyyətində qalırlar. “Qubanın ağ alması” kimi…
Bu günlərdə “O ses Türkiye”nin 2-ci turunda Dodan Özerin ifasında “Iğdırın al alması” (yəni qırmızı alması) mahnısı səsləndi. Azərbaycanlı tamaşaçılar bu mahnıya təəccüblərini gizlətmədilər. Hətta bəzi sənətkarlarımız “Iğdırın al alması”nın “Qubanın ağ alması” mahnısının plagiat variantı olduğunu bildirdilər.
Türkiyədə geniş yayılan və sevilən “İğdırın ağ alması” və “Ərdəhan dağları başı dumanlı” mahnılarının Azərbaycanda zaman-zaman mübahisələrə səbəb olmasının 1949-cu ildən başlayan qəmli bir tarixi var…

3-8 may 1991-ci ildə Ankaranın Dedeman otelində keçirilən “Gəncəli Nizami – 850” adlı simpoziumda mən də iştirak edirdim. Fasilədə professor Qasım Qasımzadə məni nurani bir ziyalı – Feyzi Ağüzüm ilə tanış etdi. Feyzi bəy əslən Şuşalı idi. Ulu babaları XVIII əsrdə Şuşadan Qarsın Arpaçay ilçəsinə köçmüşdü. Cümhuriyyət qurulanda atası Əsədulla Ağüzüm Gəncəyə gəlmiş, 2 il orada çalışmışdı. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Əsədulla Ağüzüm yenidən Qarsa qayıdır…

Feyzi Ağüzüm 1973-1990-cı illərdə təməlini Məhəmməd Əmin Rəsulzadənin qoyduğu Azərbaycan Kültür Dərnəyinin rəhbəri olub, bir neçə kitabın müəllifidir. Söhbət əsnasında maraqlı bir xatirə danışdı. Dedi ki, İkinci Cahan savaşından sonra Türkiyəyə gələn Azərbaycanlılardan biri də İsrafil Azəri idi. Bu gəncin çox gözəl səsi vardı. 1949-cu ildə mən onu Ankara Radio Evinin o zamankı başkanı, bəstəkar, ud çalan Məsud Cəmilin yanına apardım. Məqsədimiz İsrafil Azərinin oxuduğu mahnıları lentə yazdırıb Türkiyəyə yaymaq idi. Məsud Cəmillə İsrafil Azərinin arasında bu məzmunda dialoq oldu:

– Hansı şərqini oxumaq istərsiniz, əfəndim?
– “Şuşanın dağları” xalq mahnısını.
– Şuşa nə deməkdir?
– Şuşa Azərbaycanın Qarabağ vilayətində şəhər adıdır.
– Yox, əfəndim, ona icazə verilməz. Daha hansı şərqini oxumaq istərdiniz?
– “Qubanın ağ alması”nı.
– Quba nə deməkdir?
– Quba da Azərbaycanda bir şəhərin adıdır.
– Yox, yox, bunu da verə bilmərik.

Məsud Cəmil fikrində qəti idi. Onu qınamaq da olmazdı. O zaman mətbuatda xarici ölkə, şəhər adı çəkmək – ərazi iddialarına bərabər tutulurdu. Feyzi Ağüzüm dedi ki, Məsud Cəmilə üz vurduqdan sonra mahnılara “kiçicik” dəyişiklik etməklə lentə alındı. Sabahısı İsrafil Azərinin ifasında “Iğdırın ağ alması” və “Ərdəhan dağları” mahnıları bütün Türkiyəyə yayıldı…
Bu qiymətli xatirəyə görə Feyzi Ağüzüm bəyə min rəhmət!

Dəyərli İnsanlarımız kimi məşhur mahnılarımızın da mühacirət həyatı belə başlayıb. Onları qoruyub yaşadanları plagiatlıqda günahlandırmaq yox, tarixi xatırlatmaq yetərlidir.

Professor Asif Rüstəmli

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00