A24 Xeber

Qurban Qurbanov: “Bəzən evdəkilər də məndən inciyir”

Qurban Qurbanov: “Bəzən evdəkilər də məndən inciyir”
52
31 Avqust 2018 - 9:03

“Futbolçularımı təbrik edirəm. Sona qədər qələbə üçün əllərindən gələni etdilər. Əsl xarakter göstərdilər. Çətinliklə hazırlaşırdıq. Çox stress var idi. Narazılıqlar futbolçularıma çox təsir edirdi. Çalışdıq ki, maksimum hazırlaşaq. İstədiyimiz kimi oynadıq. Azarkeşlərimiz də möhtəşəm idi. Hər birinə təşəkkür edirəm”.

“A24.az” xəbər verir ki, bu sözləri Moldovanın “Şerif” klubuna Avropa Liqasının pley-off mərhələsinin cavab oynunda 3:0 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov oyundan sonra fikirlərini bildirib: “Ardıcıl 5-ci dəfə qrup mərhələsinə yüksəldik, buna çox şadıq. Çalışacağıq ki, yenə də layiqincə çıxış edək, qrupda xallar qazanaq. Bu komanda ilə fəxr etmək olar.  Həmişə problemlər olur, onları həll etməyə çalışırıq. Əlimizdə olan heyətdən maksimum yararlanmaq istəyirik. İstədiyim komandanı indiyə kimi formalaşdırmamışam. Hər bir məşqçi daha yaxşı heyət qurmağı arzulayır. Müdafiə xəttində həmişə kiçik səhvlər olur”.

Komandanın köhnə və yeni üzvləri ilə bağlı danışan mütəxəssis fikirlərini belə dilə gətirib: “Bədavi bir neçə epizodda inamsız oynadı. Amma yaxşı ki, sonradan bu həyacan da keçdi, oyunu hiss etməyə başladı. Psixoloji yorğunluq da fiziki duruma təsir edir. Sıxıntı varsa, futbolçu tez yorulur. Hansısa bir anda özünü sırf mübarizəyə həsr edirsən və yorğunluq unudulur. Transferlərlə bağlı onu deyim ki, Araz Abdullayevlə bağlı danışıqlar gedir. Onu komandamda görmək istəyirəm. Arazın bir neçə klubu var, onlarla anlaşa bilsək, futbolçunu heyətə qatacağıq”.

Qurbanov sosial şəbəkələrdəki tənqidlərlə bağlı da danışıb: “Sosial şəbəkələrdən istifadə etmirəm, amma saytlardan tənqidləri oxumuşam. Tənqid olmasa, işləmək olmaz. Amma bir qədər tənqidlərdə tələsiklik oldu. Bu da futbolçularda həyacan, gərginlik yaratdı. Bununla belə azarkeşlərin də haqqı var ki, bizə tələbkar yanaşsınlar. Biz futbolu onlar üçün oynayırıq. Uğur əldə etdikcə daha artığını istəyirik. Bu, bizim futbolumuz üçün vacibdi.”

“Qrup mərhələsi üçün bu stadionu təqdim etmişik. Amma dəyişiklik ola bilər. Ola bilsin ki, Olimpiya Stadionunda oynadıq. Sabah püşkatmada hansı komandalara rəqib olacağımızın fərqi yoxdu. Qrup mərhələsində rəqiblər eyni olur. “Astana” ilə qrupda qarşılaşmağı xüsusiylə arzulamışam.

Xüsusi fikrim yoxdu. Almeydanı burda görəcəyik”, deyə baş məşqçi əlavə edib.

Son olaraq mütəxəssis yorğun olduğunu qeyd edib: “Etiraf edirəm ki, son vaxtlar yorğunluq hiss edirəm. Nəinki istirahət, hətta evdə yetərincə vaxt keçirmək imkanı olmur. Bəzən evdəkilər də məndən inciyir. Amma mənə hər iki komanda həvalə olunub və mən çalışmalıyam ki, bu etimadı doğruldum. Bir azərbaycanlı kimi borcumdu ki, Azərbaycan futbolu üçün əlimdən gələni edim. Özümdə güc tapmalıyam. “Qarabağ”ın bu uğuru bütün futbolumuza təkan verəcək”.

Fanat.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00